"İçərdə"nin kababçı Celalı Bakıda...

"İçərdə"nin kababçı Celalı Bakıda...
  • Mədəniyyət

  • Bu kababxananın sahibi sadə türk vətəndaşıdır və adı da Cəlaldır...

    “İçerde”nin “Kebabçı Celal”ı artıq Bakıdadır. Bəli, səhv oxumadınız. Türkiyədə son zamanların izləmə rekordu qıran və Azərbaycanda da yetərincə sevilən “İçerde” serialının kababxanası artıq paytaxtımızda da fəaliyyət göstərir. Bu kababçı dükanının “Miniki”də var, “Uzun”u da, “kababçı Cəlal”ı da. Yəni serialda yer alan obrazlar bu məkanda da yer alıb.

    Adını eşitdiyimiz “Kebabcı Celal”ın yerini öyrənib üz tutduq həmin məkana. Olduqca səliqəli olan “Kebabcı Celal”a daxil olarkən özümüzü bir anlıq “İçerde”nin çəkiliş meydançasında hiss etdik. İçəri daxil olar-olmaz “Kebabcı Celal”ın şəkli və yanında yazılan “İçerdemisin?” sualı düz ünvana gəldiyimizi göstərirdi. İçəridə müştərinin yoxluğu bir anlıq “İçerde” serialındakı ab-havanın burada da olduğunu deməyə əsas verirdi. Axı “İçerde”dəki “Kebabcı Celal”ın kababxanası əslində müştərilərə xidmət etmək üçün yox, bir növ göz pərdələmək və öz işlərini qurmaq üçün nəzərdə tutulmuş bir məkandır. Orada bişən kabablar isə yalnız Cəlal və adamları tərəfindən yeyilirdi.

    Təbii ki, paytaxtımızdakı “Kebabcı Celal” üçün eyni sözləri demək olmaz. Bu məkan yalnız müştərilərə xidmət üçün nəzərdə tutulub. Serialda olduğu kimi bu kababxanada heç bir mənfi işlər həyata keçirilmir. Müştəri olmamağının səbəbi isə məkanın hələ 10 gündür açılmış olması və getdiyimiz saatın nahar vaxtına düşməməsidir. Bu kababxananın sahibi sadə türk vətəndaşıdır və adı da Cəlaldır. Əslində “Kebabcı Celal”da məhz buranın sahibinin adını daşıyır. Sadəcə olaraq ad uyğunlaşması seriala uyğun gəldiyi üçün buranı bir növ serialdakı kababxanaya bənzətməyə çalışıblar. Buna ilk olaraq “İçerde”nin “Kebabcı Celal”ının şəklini divara asmaqla başlayıblar. Kabab bişirilən manqal da serialda yer alan manqala çox bənzəyirdi. Bir-birinin ardına düzülmüş səliqəli masalar, manqal yanında oturmaq üçün stullar tam da serialda olduğu kimi yer alırdı. Müşahidələrimizin bu yerində aşpaz Yusuf usta Özdemir kababxana haqqında daha geniş məlumat verməyə başladı.

    Yusuf ustanın sözlərinə görə, onların kababxanası digərlərindən fərqlənir: “Burada bişən kabablar həm türk, həm də Azərbaycanın milli kabablarıdır. Kababların hamısı gözəl və ləzzətli bir şəkildə bişdiyi üçün bizim kababxanamız fərqlənir. Buranın sahibi, yəni bizim müdirimizin adı da Cəlal olduğu üçün restoranımızın adını ”Kebabcı Celal" qoyduq. Eyni zamanda, Türkiyədə “Kebabcı Celal” obrazı əsas yer alan “İçerde” adlı bir serial yayımlanır. Bizim kababxanamız sanki bir az o serialla bağlılığı varmış kimi oldu. Əslində isə bizim kababxananın o serialla heç bir bağlılığı yoxdur və biz bu adı seriala əsaslanaraq qoymamışıq. Sadəcə olaraq bura gələn müştərilər restoranızmı “İçəridə” serialındakı “Kebabcı Celal”ın adı ilə əlaqəli olduğunu sanıb gəldiyi üçün biz də onun divara bir portretini çəkdirdik. Müştərilərimizin gəlib bu portretin yanında şəkil çəkdirməsi və xatirə olaraq saxlamasını düşünərək belə bir konsepsiya müəyyənləşdirdik. Biz buranı açdığımız zaman “İçerde”nin Cəlalının şəkli restoranımızda yer almırdı. Biz bu serialla yola çıxmadıq. Kebabcı Celal bizim müdirin adıdır. Sadəcə olaraq serialdakı Cəlalın şəklinin burada yer almasını müştərilər istədi.

    Dedilər ki, onun şəklini qoyun ki, məkan insanlara daha maraqlı gəlsin. Kababxanamızda “İçerde” serialını yayımlamamızı istəyən müştərilərimiz də var. Ancaq “Kebabcı Celal” bizim müdirimizin də adı olduğu üçün adın həmin serialdan götürülmüş kimi görsənməsini istəmirik. Bir daha təkrar edim ki, bizim müdirimizin adı Cəlaldır və biz sadəcə olaraq onun qarşısına kababı əlavə etdik. Biz “İçerde”nin Cəlalını bura dəvət etmək istəyirik.

    Onun adında belə bir yer olmasını göstərmək və müdirimiz Cəlalla onu tanış etmək istəyirik. Belə bir planımız var. Cəlal bura gəldikdən sonra ondan icazə alıb onun şəkillərini asmaq, filmi nümayiş etdirmək istərdik. Gələcəyə dair belə bir planımız var. Bundan başqa əgər buradan yaxşı effekt ala bilsək restoranımızn zəngirlərini qurmaq, sayını çoxaltmaq istəyirik. Müştərilərimizin bura gələn kimi ilk işləri “Kebabçı Celal”ın şəkli ilə şəkil çəkdirməkdir. Daha sonra bunu xatirə olaraq paylaşırlar ki, bu gün “Kebabcı Celal”a getdik və gözəl vaxt keçirdik. “İçerde” serialını izləyən geniş bir kütlə olduğu üçün bayırdakı tabloda “Kebabcı Celal” adını görən kimi dərhal maraqlarına səbəb olur. Mən vaxt tapdıqca o seriala baxıram.


    Onları digər kababxanalardan fərqləndirən cəhətlərə gəlincə isə Yusuf usta onları digər kababçılardan fərqləndirən cəhətin sadəcə olaraq adımızın “Kebabcı Celal” olasıdır: Hər kababçı mütləq yaxşı kababçıdır. Ancaq biz yeni yer olduğumuz üçün təmiz, təzə və keyfiyyətli ərzaqlardan istifadə edirik. Burada yer alan bütün yeməklər ləzzətli olmasına çalışırıq. Adımız kababxana olsa da menyularımızda kabablardan başqa pidələr, pizzalar, lahmacunlar, isti yeməklərimiz və şirniyyatlarımız var. Kababxanamıza gələn müştərilər bu ərazidə yaşayan insanlardır. Bura ilə gəlib maraqlananlar çoxdur".


    Yusuf usta bəzən işçiləri serialda yer alan bəzi obrazların adı ilə çağırdığını dedi. Məsələn “Celal baba”, “minik” və sairə. Bunun səbəbi isə həmin işçilərdə o obrazlara xas bir sıra xüsusiyyətlərin və bənzərliyin olmasıdır. Kebabcı Celal deyə çağırdıqları kababçı Seymurda Cəlalın bəzi xüsusiyyətləri olduğunu dedilər.

    Doğrudan da kababçı Seymurun sərt baxışları və əlindəki iri kəsici alətlər onu haradasa Cəlal babaya bənzədirdi, ya o özü bənzəməyə çalışırdı. Kababçı Seymur restoranın kabab ustası olduğunu dedi: “Kabab ustası olduğum üçün məni "Kebabcı Celal" deyə çağırırlar. Ona bənzər başqa xüsusiyyətlərim yoxdur. Səs tempim də ona uyğun deyil. Amma Cəlal babanın baltasından məndə də var və onunla ətləri doğrayıram. Mən 9 ildir ki, kababçı kimi çalışıram. Burada bizim manqalımız türk üslubunda olduğuna görə kabablarımız kömürdə bişirilir. Burada həm Azərbaycan həm də türk mətbəxi yer alıb. Bizim neçə illər işlədiyimiz ət dükanları var ki, illərdir ətləri oradan götürürük. Ətin keyfiyyətli olduğuna əmin olduqdan sonra onu bişiririk. Mənim bişirdiyim kababların dadına baxan müştərilərimə deyirəm ki, siz hər tikədə mənim ürəyimdən bir parça görə bilərsiniz. Çünki mən onları ürəklə bişirir və bütün sevgimi verirəm. Mənim övladım kabab bişirdiyim şişlərimdir. Bu günə kimi heç bir ustamın başını aşağı salmamışam".

    Qeyd edək ki, “Kebabcı Celal”ın menyusunda çeşid bolluğu olsa da, qiymətlər heç də hər kəsin büdcəsinə uyğun bir şəkildə deyildi. Burada yalnız kabablar deyil, digər yeməklər və şirniyyatların da qiymətində digər restoranlarla müqayisədə 2-3 manat arasında fərq vardı.

    musavat.com

    "İçərdə"nin kababçı Celalı Bakıda...
    "İçərdə"nin kababçı Celalı Bakıda...
    "İçərdə"nin kababçı Celalı Bakıda...
    "İçərdə"nin kababçı Celalı Bakıda...

    PAYLAŞ:

    Oxşar xəbərlər