"Vosmoy" bazarının sahibi məhkəmədə ifadə verib

"Vosmoy" bazarının sahibi məhkəmədə ifadə verib
  • Cəmiyyət / Olay

  • Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Musavat.com xəbər verir ki, prosesdə "Vosmoy" bazarı epizodu üzrə araşdırma aparılıb, şahidlər dinlənilib. Həbsdə olan polkovnik Səlim Məmmədovun vəkili Cavid Rzazadə musavat.com-a açıqlamasında bildirib ki, məhkəmədə "Vosmoy" bazarının keçmiş sahibi Çingiz Əsədov ifadə verib.

    O, bildirib ki, "8-ci kilometr" bazarını ilk dəfə o yaradıb. Amma sonradan əlindən alınıb: "Daha sonra qardaşım adam öldürdü, problemlər, sıxıntılar yaranmağa başladı. Həmin vaxt Cəfər Seyidov və qardaşları bazarı onlara icarəyə verməyimi təklif etdilər, razılaşdıq. Bir ilin icarə pulunu aldım, ikinci ilin pulunu istəyəndə isə dedilər bazarı səndən almışıq. Mən məhkəməyə müraciət etdim, leyhimə qərar verildi. Cəfərgil keçmiş nazir Fərhad Əliyevin adından istifadə edirdilər deyə heç kimi saymırdılar. Məhkəmə qərarından sonra icraçılar gəlib onları bazardan çıxartdılar. Bundan sonra Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gəlib məni söydü. Mən ona cavab qaytaranda Rafiq Əliyev işarə etdi ki, Cəfərgil məni döysünlər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, sən bazarı və 600 min manat verməlisən. Gördüm polis də kömək edə bilmir, bacarmayacam, məcbur olub bazarı Cəfərgilə verdim. 2005-ci ildə Fərhadgil tutulanda MTN-ə gedib şikayət etdim. Mənim arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Gördüm daha bazarı işlədə bilmirəm, buna görə bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə 4-5 min manat pul verirdilər".

    Ç.Əsədov Akif Çovdarov və digər təqsirləndirin şəxslərdən yox, bazarını ələ keçirdiklərini iddia etdiyi Seyidov qardaşlarından şikayətçidir. Məhkəmədə general Hilal Əsədovun arvadı Nüşabə Əsədova da ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib. N.Əsədova ifadəsində deyib ki, hazırda 4 saylı uşaq poliklinikasının baş həkimi işləyir.

    Nüşabə Əsədovanın sözlərinə görə, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov “Vasmoy" bazarını almaq istəyib. Buna görə də əri Hilal Əsədovdan borca pul alıb: “Bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı. Sonra atam bazarı mənə bağışladı. Bazarın kimdən alınıb, necə sənədləşməsindən xəbərsizəm. Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib. Bazar mənim adıma keçən zaman sənədlər gətirildi, onlara qol çəkdim. Ümümiyyətlə, bazarın neçəyə alındığını, nə vaxt, kimdən alındığını bilmirəm. Atam bazarı 2012-ci ildə adıma keçirib. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Çovdarovanın adınadır. Bazarın sahiblərinin mən və Aida olmasına baxmayaraq, ora Elşən Hüseynov rəhbərlik edirdi”.

    Generalın həyat yoldaşı istintaqa ifadəsində bazarın keçmiş sahiblərini tanımadığını deyib: “Hilalın xidməti işi ilə bağlı ondan heç nə soruşmurdum. Onun işi ilə bağlı kimlərlə əlaqədə olduğu, ümumiyyətlə nə iş gördüyünü bilmirəm. Bazarın alınması da atamın təşəbbüsü olub. Sadəcə, biz ona maddi yardım eləmişik. Mən heç zaman o bazarı görməmişəm. Sonradan bilmişəm ki, bazarda pay sahibi Aida Çovdarovadır və Elşən Hüseynov bazardakı 50 faizlik payını ona verib”.

    Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

    Adı “MTN işi” üzrə baş tutan məhkəmə proseslərində bir neçə dəfədir hallanan sabiq nazir Fərhad Əliyevin qardaşı, iş adamı Rafiq Əliyev musavat.com-la əlaqə saxlayaraq barəsində yazılanlara münasibət ildirib.

    "Vosmoy" bazarının sahibi məhkəmədə ifadə verib

    Hazırda xaricdə yaşayan R.Əliyev açıqlamasında bildirib ki, məhkəmə prosesində barəsində qeyd edilənlər tamamilə yalandır və həmin şəxslərin heç birini tanımır:

    “Məhkəmədəki iddialar tamamilə xəyal məhsuludur. Gerçəklə heç bir əlaqəsi yoxdur, həyatım boyu heç bir şəxsin malını, mülkünü almamışam, heç kimə qarşı zorakılığa yol verməmişəm. Haqqında söhbət gedən bazarla heç bir əlaqəm yoxdur. Heç həmin bazarın yolunu belə tanımamışam”, - deyə, R.Əliyev əlavə edib.


    R.Əliyev musavat.com-a onu da qeyd edib ki, əgər barəsində deyilən iddialar doğru olsa idi həbsdə olduğu müddətdə zərərçəkdiyini deyən şəxslər onun barəsində şikayətçi olardılar: “Uzun müddət həbsdə yatmışam. Əgər bunlar doğru olsa idi həmin şəxslər mütləq bu iddiaları qaldırardılar, müəyyən tələblərini də irəli sürərdilər. Bir daha qeyd edirəm ki, deyilənlər yalandır və həmin şəxslərlə əlaqəm olmayıb”.


    Xatırladaq ki, sabiq nazir Fərhad Əliyev və qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ildə həbs edilmişdilər. 2013-cü ildə isə prezidentin sərəncamı ilə azadlığa buraxılıblar. Əliyev qardaşları hazırda ölkə xaricində yaşayır.
    PAYLAŞ:

    Oxşar xəbərlər