Kərəm Həsənov Fərhad Əliyevi necə bitirdi? - TƏFƏRRÜAT

Kərəm Həsənov Fərhad Əliyevi necə bitirdi? - TƏFƏRRÜAT
  • Siyasət / Manşet

  • Fərhad Əliyevin həbsi, Kərəm Həsənovun yüksəlişi

    Çağdaş Azərbaycan siyasətində həm iqtidar, həm müxalifət düşərgəsinə aid xeyli sayda xəyanət nümunələri saymaq olar. Bu siyasətin islaholunmaz qaydasına çevrilib. Belə məqamlardan biri də Fərhad Əliyev-Kərəm Həsənov nümunəsidir. Bu haqda xeyli yazılıb. Mövzuya yenidən qayıtmağımızın səbəbi isə Fərhad Əliyev ölkəyə qayıtdıqdan sonra sabiq nazirin qisas planının və komitə sədrinin qorxu keçirməsinin gündəmə gəlməsidir. Belə ki, mətbuatda K.Həsənov-F.Əliyev işi üzrə yeni informasiyalar meydana çıxıb. Media yazır ki, komitə sədri keçmiş nazirlə barışmaq üçün təşəbbüs göstərib: "K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır”. Köhnə düşmənlərin gələcək münasibətlərinin necə olacağını təxmin etmək üçün bu iki məmurun ilkin tanışlığından məlum satqınçılığa qədər olan dövrə qısa nəzər yetirmək vacibdir.

    Mediada yer alan məlumatlar əsasında həmin münasibətlərin tarixçəsini təqdim edirik;

    İlkin tanışlıq

    Kərəm Həsənov 1992-ci ildən xarici təşkilatların tələbi və məsləhəti ilə bütün keçmiş SSRİ respublikalarında yaradılmış formal bir qurum olan Anti-inhisar Komitəsində sıradan bir məsləhətçi işləyirdi. 90-cı illərin sonlarında o, sabiq iqtisadi inkişaf nazri Fərhad Əliyevin qardaşı, "Azpetrol” Şirkətinin rəhbəri Rafiq Əliyevlə tanış olur. Kərəm Həsənovun odlu-alovlu çıxışları Rafiq Əliyevin xoşuna gəlir.

    K.Həsənov vaxtaşırı uzun illərdir işlədiyi Komitədəki əməkhaqqının azlığından, Yasamalda kirayədə yaşamasından, rayondan yardım olmasa dolanışığının çətinliyindən R.Əliyevə gileylənərək, əlverişli variant olsa həmyerli kimi onun da nəzərə alınmasını xahiş edirdi. Fərhad Əliyev Dövlət Əmlak naziri təyin olunduqdan sonra R.Əliyev qardaşından K.Həsənovu məsul bir vəzifəyə təyin etməyi xahiş edir. Qardaşının sözünü eşidən F.Əliyev K.Həsənovu qəbul edir. Onu başdan–ayağa süzdükdən sonra ilk tapşırığını verir: "Əynindəki nimdaş pal-paltarını dəyiş, məmura yaraşan tərzdə geyin…”

    Kərəm Həsənov "barmaq gətirmək” üçün göndərilən yerdən "qol gətirir”

    Fərhad Əliyev bu görüşdən sonra Kərəm Həsənovu sınaq müddətinə departament direktorunun müavini təyin etdi. Həmin müddətdə "barmaq gətirmək” üçün göndərdiyi yerdən Kərəm Həsənovun "qol gətirdiyini” müşahidə edən Fərhad Əliyev qardaşının zamin durduğu bu gəncdə qeyri–adi "istedad” olduğunu görür. Kərəm Həsənovla bağlı qardaşının səhv etmədiyini, onun karyera xatirinə istənilən addımı atmağa hazır bir şəxs olduğunu başa düşür. Lakin Kərəm Həsənovdakı bu "keyfiyyətin” sonradan onun özünə qarşı da çevrilə biləcəyini nəzərə almır…

    Sınaq müddəti başa çatdıqdan sonra Fərhad Əliyev Kərəm Həsənovu Orta və İri Müəssisələrin Özəlləşdirilməsinin Təşkili Departamentinin direktoru təyin edir. Respublikada ən məsuliyyətli sahələrdən birinin etibar edildiyi vaxtda belə bir şəxs F.Əliyev üçün çox lazım idi. O, F.Əliyevin ona olan inamından, etimadından istifadə edib digər həmyerliləri – Anti-inhisar Komitəsində işləyən Rüstəm Şahbazovu özünə müavin təyin etdirir və beləliklə "Cəlilabad triosu” yaranır…

    Fərhad Əliyev Kərən Həsənovu, o da dostlarını özəlləşdirmənin başına keçirir

    K.Həsənovun canfəşanlığı və fədakarlığı Fərhad Əliyev tərəfindən qiymətləndirildi. Onun təqdimatı ilə 2000-ci ildə K.Həsənov Dövlət Əmlakı Nazirinin müavini vəzifəsinə təyin olundu. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yaradıldı. Yeni strukturda Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ayrıca bir komitə səlahiyyətli qurum oldu.

    F.Əliyevin təqdimatı ilə onun etibarlı adamı hesab etdiyi K.Həsənov da bu departamentin direktoru təyin olundu. ƏMDK-i Sədrinin hazırki müavinləri Rüstəm Şahbazov departamentin Orta və İri Müəssisələrin Özəlləşdirilməsi İdarəsinin rəisi, Rafiq Cəlilov isə Yarımçıq Tikililərin Özəlləşdirilməsi Şöbəsinin rəisi təyin olundular. Onu da qeyd edək ki, Fərhad Əliyevə Rafiq Cəlilovun da namizədliyini qardaşı Rafiq Əliyev vermişdi…

    İqtisadi İnkişaf naziri işlədiyi dövrlərdə F.Əliyev həm nazirliyin Əsasnaməsinə, həm də öz şəxsi marağına uyğun olaraq, respublikada inhisarçılığa qarşı fəal mübarizə aparırdı. Bu mübarizədə F.Əliyevlə o zaman Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyən Kəmaləddin Heydərovun və idxal-ixracda süni inhisar yaradan digər iri ranqlı məmurların mübarizəsi tam kəskinləşmişdi. F.Əliyev bir tərəfdən də müxtəlif dövlət və hökumət tədbirlərində iştirakı, digər tərəfdən xarici ölkələrə işgüzar səfərləri ilə əlaqədar K.Həsənovun rəhbərlik etdiyi departamenti demək olar ki, nəzarətsiz buraxmışdı. Bu səhvi F.Əliyevi gözləmədiyi halda uçuruma apardı…

    Kərəm Həsənov və Rafiq Cəlilovun "kotyol”dan 25 500 dollar gizlətdikləri aşkarlanır

    Belə ki, 02 sentyabr 2003-cü ildə Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən Mingəçevir avtomobillərə qazdoldurma stansiyasının yarımçıq tikilisinin, 0.64 ha torpaq sahəsinin və avadanlığının sənədlərdə 57 milyon 330 min manata (11466 AZN və ya 14500 ABŞ dolları) satılması ortaya çıxdı. 3 vaqona yüklənmiş qazdoldurma stansiyasının avadanlığının Azərbaycan-Gürcüstan sərhəddində gömrükçülər tərəfindən qiymətinin real olmamasına görə saxlanılması Fərhad Əliyevi çıxılmaz vəziyyətdə qoydu. O vaxt Gömrük Komitəsinin sədri işləyən Kəmaləddin Heydərov bu faktla bağlı "yuxarıya” məlumat verdi. Fərhad Əliyevdən bununla bağlı izahat tələb olundu. Sabiq nazirin araşdırmasından sonra avadanlığın faktiki 50 000 ABŞ dollarına satıldığı, 14500 ABŞ dollarının manat kursu ilə departamentin Beynəlxalq Bankdakı hesabına ödənildiyi müəyyənləşdi. Bu alış-verişdən "ümumi kotyol”a 10 000 ABŞ dollarının daxil olduğu, qalan 25 500 ABŞ dollarının isə Kərəm Həsənovla dostu Rafiq Cəlilov arasında "itdiyi” müəyyən olundu.

    Fərhad Əliyevin Kərəm Həsənova etimadı itir, onu yoxlamağa komissiya göndərir

    Fərhad Əliyev Kərəm Həsənovu kabinetinə çağırıb izahat tələb etdi. Onlardan başqa kabinetdə olan şəxsin sonralar ətrafına dediyinə görə, Fərhad Əliyev K.Həsənova hər ay 20 min ABŞ dolları "paket” verdiyini, bunun məgər ona bəs etmədiyini, nə üçün ona kələk gəldiyini soruşub. Kərəm Həsənov isə bu faktı qətiyyətlə boynundan ataraq, alqı-satqı müqaviləsindən, özü imzaladığı şəhadətnamədən xəbərsiz olduğunu bildirib.

    Kərəm Həsənovu həmin vaxt F.Əliyev deyil, hazırda müavini olan Rafiq Cəlilov qurtarır. Belə ki, həmin vaxt Rafiq Cəlilov "jest” edərək bu işi tək gördüyünü, K.Həsənovun bundan xəbərsiz olduğunu bildirir. Sonra da qalıq məbləği "kotyol”a ödəyərək, ərizə yazıb öz xahişi ilə işdən azad olunur.

    Ancaq təbii ki, bu hadisədən sonra Fərhad Əliyevin Kərəm Həsənova etimadı azalır. F.Əliyev şəxsi araşdırmadan sonra K.Həsənovun müştərək müəssisələrdən topladığı rüblük vəsaitlə "kotyol”a daxil olma arasında da ciddi fərq olduğunu müəyyən edir. O, K.Həsənovun rəhbərlik etdiyi Departamentin fəaliyyətini, aylıq dövriyyənin məbləğini, vətəndaşların özəlləşdirmədən narazılığının səbəblərini araşdırmaq üçün İİN-nin kadrlar şöbəsinin müdiri Arif Abdullayevin rəhbərliyi ilə komissiya göndərir.

    Faiq Məlikov sonradan "şapka”sız özəlləşdirilən obyektlərdən "haqq” yığır

    Yoxlama gedən vaxt K.Həsənova Departamentə gəlmək qadağan olunur. Onun tünd şüşəli, qara rəngli Qaz-31 markalı xidməti avtomobili arxa qapıdan həyətə boş gəlib, boş gedirdi. Artıq əməkdaşlar da onun fəaliyyətinin dayandırıldığını güman edirdilər. Komissiya işlədiyi müddətdə vətəndaşların haqlı şikayət və tələbləri diqqətlə araşdırıldı, özəlləşdirilən obyekt, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələrindən "şapka” alınmadı.

    Lakin elə burdaca bir haşiyə çıxaraq qeyd edək ki, sonradan K.Həsənov bu "şapka”sız özəlləşdirilən obyektlərdən də "haqqını” yığdı. Belə ki, onun tapşırığı ilə həmin dövrdə Bakı şəhəri üzrə Kiçik Özəlləşdirmənin Təşkili Şöbəsinin müdiri işləmiş Faiq Məlikov mülkiyyət sahiblərindən komissiyanın fəaliyyəti dövründə özəlləşdirdiyi əmlakın "şirinliyini” və ya "şapka”sını tələb edərək alırdı. Təbii ki, gətirib K.Həsənova çatdırdı. Sonralar onun bu "fədakarlığı” və "riskli” əməyi K.Həsənov tərəfindən qiymətləndirildi. Faiq Məlikov İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə direktor təyin olundu.

    Yoxlamadan sonra Kərəm Həsənovun səlahiyyət çərçivəsi məhdudlaşdırılır

    Yoxlama başa çatdıqdan – təxminən bir aydan sonra K.Həsənov yenidən departamentdə göründü. Lakin onun səlahiyyət çərçivəsi məhdudlaşdırılmışdı. Yeni müavin Maarif Qurbanov kiçik özəlləşdirmə, torpaq və icarəyə aid sənədləri, Rüstəm Şahbazov ASC-lərə aid və maliyyə sənədlərini, Mehman Rzayev isə investisiya müsabiqəsinə aid sənədləri imzalayırdılar. K.Həsənov əvvəllər özü imzaladığı mülkiyyət haqqında şəhadətnamələrin təkrar alqı-satqıdan sonra M.Qurbanov tərəfindən imzalanmasına qısqanclıqla mane olurdu. Əməkdaşlar və mülk almaq arzusunda olmaq istəyən şəxslər dəfələrlə onlar arasındakı mübahisənin şahidi olmuşdular.

    Bu mübahisələrin nəticəsi cəmi 6-7 ay müavin işləmiş M.Qurbanov üçün ağır nəticələndi. K.Həsənovun sifarişi və israrlı tələbi ilə M.Qurbanov Fərhad Əliyevlə birlikdə həbsə alındı və uzun müddət həbsxanada cəza çəkməyə məhkum edildi. Qəribə də olsa, K.Həsənovun əvvəllər imzaladığı özəlləşdirmə sənədlərini eyni təlimata əsasən M.Qurbanov da imzalamağına baxmayaraq, biri komitə sədri vəzifəsində işləyir, digəri cəza çəkir!…

    Digər müavin, həmin dövrdə bir neçə ayı çıxmaq şərti ilə hər ay 10 min dollar "paket” maaşı alan Rüstəm Şahbazov isə F.Əliyev tərəfindən verilən tapşırıqların icrasını bacardığı qədər vaxt uzatmaqla həll etməyə çalışırdı. Rüstəm Şahbazovun o dövr Həsənovun yanında yer alması sonradan onun I müavin təyin olunmasına gətirib çıxardı.

    Fərhad Əliyev toplantıda "Kərəm Həsənov, özünü yığışdır!” deyə xəbərdarlıq edir

    Yoxlamadan sonra F.Əliyevin K.Həsənova olan bütün etimadı itmişdi. O da bunu başa düşərək, F.Əliyevə düşmən münasibət bəsləyən hakimiyyətdaxili qruplaşmalarla əməkdaşlığa başlamışdı. K.Həsənovun başqa qruplaşmaya yaxınlaşdığını eşidən F.Əliyev İİN-nin rəhbər işçiləri ilə olan toplantıda K.Həsənovu ayağa qaldıraraq, ona "özünü yığışdır” deyə yenidən xəbərdarlıq etdi. Hətta növbəti kollegiya iclaslarının birində xüsusi ironiya ilə "dur sən danış görək nə deyəcəksən” deyib onun çıxışına qulaq asmayaraq, müavini M.Cabbarovla ucadan söhbət etdi.

    Kərəm Həsənov rəqib qrupla birləşərək Fərhad Əliyevin "quyusunu” qazır

    Artıq əməkdaşlar K.Həsənov erasının bitdiyini güman edirdilər. Ancaq K.Həsənov gizlində görüşdüyü yaxınlarına hər şeyin yaxşı olacağını, səbrli olmalarını, bir qədər gözləmələrini tapşırdı. F.Əliyev isə onun yerini bərkitdiyini, kimə güvəndiyini başa düşmüşdü. K.Həsənov boş dayanmamışdı, F.Əliyevin "quyusunu” qazmaqla məşğuldu. Onunla bağl hazırlanan gizli dosyedə əsas şahid kimi rəqib qruplaşmanın bütün təlimatlarını yerinə yetirirdi.

    Bunun üçün F.Əliyevlə bağlı bütün bildiklərini bir qədər də şişirdərək və siyasiləşdirərək "yuxarılara” çatdırırdı. Məsələn, həmin vaxtlar F.Əliyev sahibkar Əli Evsenlə birlikdə "Elit” ticarət mərkəzinin yaxınlığında, iri torpaq sahəsində yerləşən "Bakışəhərtikintimexanikləşdirmə” ASC-nin, həmçinin 1,2,3 №-li Evtikmə kombinatlarının, "Bakı Dəmir Beton-8” ASC-nin və həmin ətrafda digər özəlləşdirilmiş müəssisələrin yerində yeni ailə qurmaq istəyən gənclərə simvolik kredit faizi ilə, uzun müddətə satılmaq üçün 10-cu mikrorayon salmaq niyyətində idi. Onun bu ideyasının K.Həsənov tərəfindən başqa formada "yuxarıya” ötürüldüyü məlum olmuşdu. Belə təqdim olunmuşdu ki, bununla F.Əliyev özü üçün siyasi kapital toplamağı düşünür…

    Fərhad Əliyevin həbsi, Kərəm Həsənovun yüksəlişi

    Bundan əlavə K.Həsənov tərəfindən F.Əliyevin ona məlum olan planları, qohum-əqrabasının, dostlarının adına özəlləşdirdiyi obyektlər, torpaq sahələri, ASC-lərdəki səhm paketləri haqqında məlumatlar həm rəqib qruplaşmaya, həm Prezident Administrasiyasına, həm də mətbuata ötürüldü. Hətta F.Əliyevin əmlakının siyahısını belə hazırlayaraq mətbutda dərc etdirdi. Həsənovun əsas rol aldığı bu kampaniyanın nəticəsi olaraq F.Əliyev həbs olundu. K.Həsənov üçün isə çoxdan arzuladığı, həsrətində olduğu yeni bir yüksəliş yolu açıldı…

    Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu günə qədər vəzifədə qalmasını mənəvi cəhətdən həmyerlisinə borcludur. İqtidar rəhbərliyi məhz komitə sədrinin illər əvvəl göstərdiyi xidmətə görə mükafatlandırıb və vəzifədə saxlayıb. Hakimiyyət bu yaxşılıqları əsla unutmur, di gəl ki, haçansa K.Həsənovun hökumətə arxa çevirəcəyinə də güman edir. Əslində, həmyerlisinə xəyanət etmiş bir şəxsə hakimiyyət daxilində müsbət münasibət yoxdur. Sadəcə, hakimiyyətin idarə olunması prosesində belə lazımdır..

    K.Həsənov bu gün də həmyerlisi, həbs həyatı yaşamış keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə etdiklərinə görə daxilən əzab çəkir. Amma bunu "timsahın göz yaşları” adlandırmaq olar. Komitə sədri onun bir zamanlar əlindən tutub karyera pilləsində yüksəldən həmyerlisi olan naziri istintaqda ələ verir, dost əlini uzatmış F.Əliyevin biləyindən kəsir.

    "Onu bağışlamaq olarmı?”

    Komitə sədrinin F.Əliyevə etdiklərinin MTN şefi Eldar Mahmudov işində də təkrarlaması istisna edilmir. Bir müddət əvvəl MTN işi ilə bağlı "quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq oldu. Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov-Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb. Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var – silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin…Hər halda faktlar bunu deməyə əsas verir.

    K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır. Komitə rəhbəri ümid edir ki, vəzifəsindən gedəcəyi halda sabiqlərin Cəlilabad qruplaşması yaratmaq olar. Cəlilabadda da K.Həsənova F.Əliyevi satmış biri kimi baxırlar. Yəni, iqtidarla Cəlilabad camaatının komitə sədrinə münasibəti adekvatdır. O baxımdan K.Həsənov öz reputasiyasını bərpa etmək, günahlarını yumaq və bağışlanmaq arzusundadır. Yalnız bu məqamda da K.Həsənov öz məqsədlərini güdür. Əliyev qardaşlarının isə onu əfv edəcəyi ağlabatan deyil. Digər tərəfdən, Əliyev qardaşları olanları unutmayıblar və yaşadıqları onlara həyat dərsi olub.

    Hakimiyyət isə K.Həsənovun həmyerlisinə qarşı etdiyi hərəkəti əsla yadından çıxarmayıb. Siyasi komandanın yenilənməsi və refreş olunması çərçivəsində komitədə sədr dəyişikliyi gözləniləndir. Əgər ƏMDK-nə yeni rəhbər gətirilərsə, F.Əliyevin "vurulmuş” K.Həsənovdan intiqam alacağı da son dərəcə mümkündür. (cumhuriyyet.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər