Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
  • Maraqlı / Araşdırma / Manşet

  • “O nə az, nə çox 27 il - 1915-ci ildən 1942-ci ilə qədər bu evdə yaşayıb. 1942-ci ildə dövlət ona daha mötəbər yerdə, şəhərin mərkəzində "Monolit" adlanan binada mənzil verib. Həmin ildə ora köçərək ömrünün sonuna – 1948-ci ilə qədər orda yaşayıb.

    Uzun müddət bu köhnə evində yaşadığına, əsərlərinin çoxunu - "Koroğlu" operasını, “Sənsiz”, “Sevgili canan” romanslarını, 1 və 2 nömrəli “Fantaziyaları”nı burda yazdığına görə belə qərara gəlinib ki, muzey məhz bu ev olsun”.

    Bunu muzeyin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova bizimlə söhbətində deyir.

    Yanılmadınız, Azərbaycanın dahi oğlu, böyük bəstəkar Üzeyir Hacıbəylinin memorial ev muzeyindəyik. Şamil Əzizbəyov küçəsi, 69 - böyük bəstəkarın vaxtilə yaşadığı mənzil məhz bu ünvanda yerləşir.

    Yazı masası, royalı, yorğunluqdan başını qoyub dincini aldığı çarpayısı, radioqəbuledicisi və daha nələr, nələr...

    Muzey ilk dəfə qapılarını 1975-ci il Üzeyir Hacıbəylinin anadan olmasının 90 illik yubileyi ərəfəsində, noyabrın 20-də tamaşaçıların üzünə açılıb. Girişdə nümayiş olunan guşədəki fotolar məhz həmin günü andırır.

    Muzey üç memorial otaqdan, bir qaleriya və vitrajdan ibarətdir. Qaleriyada vaxtaşırı muzeyin tədbirləri təşkil edilir.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    "Bu, bəstəkarın iş otağı olub. Qızım, bu otaqdakı fotoşəkillər sübut edir ki, Üzeyir bəyin səliqəsi hələ də bu evdə pozulmayıb.

    “Yakov Beker” istehsalı olan royalı o divar sobasının qarşısında necə vardısa elə də qorunub saxlanılır. Divardakı şəkildə olduğu kimi... Biz bu şəkilləri təsadüfi asmamışıq. Gələn tamaşaçı görür ki, royal, kitab dolabı, yazı masası, onun yanındakı radioqəbuledici keçmişdə qoyulduğu yerindədir. Bu otaqda yerə sərilən xalçanı isə fondda qoruyub saxlayırıq. Çox köhnəldiyinə görə nazirlik belə qərara gəldi ki, başqası ilə əvəz olunsun. Bir də dəyişən bu pərdələrdir. Çalışmışıq ki, pərdələri o dövrün ab-havasına uyğun seçək.

    Üzeyir bəy yazı masasında gözəl əsərlərinin not yazısını yazıb, sonra onu royal arxasında səsləndirirdi. Burda onun başına musiqiçi dostları, tələbələri yığışırdılar, Üzeyir bəy onlara musiqi haqqında öz düşüncələrini söyləyirdi, dərs keçirdi.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Başqa bəstəkarlardan fərqli olaraq Üzeyir Hacıbəylinin iş üslubu belə olub: müasir bəstəkarlarımız əsər yazarkən alətin arxasına keçirlər, onu səsləndirirlər, yazdıqları musiqini özləri dinləyirlər, əllərinin altında qələmlə onun notunu yazırlar.

    Üzeyir bəy belə işləməyib. O, Bethoven üslubunda işləyib. Əsəri çalmadan, beynindəki musiqini birbaşa nota köçürüb”.

    Otağın divarlarında Üzeyir Hacıbəylinin uşaqlıq, gənclik, tələbəlik dövrünü əks etdirən fotolar yer alır.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    1885-ci il sentyabr ayının 18-də Mirzə Əbdülhüseyn bəy Hacıbəylinin ailəsində kiçik bir oğlan uşağı dünyaya gəlir. Onun adını Üzeyir qoyurlar. Şuşalı olsalar, Şuşada yaşasalar da tale elə gətirir ki, Üzeyir dünyaya gözlərini Ağcabədidə açır. Bunun səbəbini Gülnarə xanım belə izah edir:

    “Həmin vaxt Üzeyir bəyin anası Şirinbəyim xanım Ağcəbədiyə qonaq getmişdi. Üzeyir anadan olandan sonra ailə Şuşaya qayıdır. Muzeydə Üzeyir bəyin Şuşadakı evlərinin maketi də var. Bu ev 1959-cü ildən ta 1992-ci ilə qədər Şuşada muzey idi. Hazırda ev yoxdur, çünki ermənilər evi darmadağın edib, hətta daşlarını da yandırıblar. Amma Şuşanın işğalından bir ay əvvəl, yəni 1992-ci ilin aprelin həmin ev muzeyinin əşyalarını Bakıya gətirmək mümkün olub. İndi həmin əşyalar da bizim muzeyimizdədir. O əşyaların içərisində kiçik Üzeyirin məktəb avadanlığı - mürəkkəb qabı, qələmi, quzu dərisindən tikilmiş uşaq vaxtı geyindiyi papaq, kitablar, Üzeyir bəyin anasının bəzi məişət əşyaları yer alır.

    Atası Əbdülhüseyn bəy dövrünün savadlı şəxslərindən olub. Yazıb- oxumaq bildiyinə görə ona Mirzə Əbdülhüseyn bəy deyirdilər. Xurşidbanu Natavanın sarayında mirzə vəzifəsində işləyib.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Kiçik Üzeyir ilk təhsilini Şuşada mədrəsədə alıb. Oranı bitirəndən sonra iki illik Rus-Tatar məktəbində oxumağa başlayıb. 1899-cu ildə 14 yaşlı Üzeyir Qori Müəllimlər Seminariyasına daxil olub. Notu, bir neçə musiqi alətində çalmağı orda öyrənib, dünyəvi elmlərlə tanış olub. Hətta Qoqolun “Şinel” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib”.

    Gürcüstandan qayıdan Üzeyir bir müddət Hadrut kənd məktəbində müəllim işləyir.

    1905-ci ildə isə Bakıya gələrək Bibiheybət kənd məktəbində tarix, coğrafiya, musiqi, riyaziyyat, ana dili və rəsmdən dərs deyir. Publisistik fəaliyyətinə də elə o vaxtdan başlayır.

    “O, felyetonları, siyasi məqalələri ilə dövrünün bütün ictimai-siyasi hadisələrinə öz mövqeyini bildirib. Məqalələri “İrşad”, “Tərəqqi”, “Yeni yol”, “Həqiqət” və sair qəzetlərə müxtəlif imzalarla verirdi. 70-ə yaxın imzası var idi: “Üzeyir”, “Musiqar”, “Filankəs”, “Bəhmankəs” və s. Həmin qəzetlərin başlıqları muzeydə nümayiş olunur.

    O vaxtlar Üzeyir indiki İçərişəhər metrosunun həndəvərində kirayədə qalırdı. Hər gün Bibiheybətə piyada gedib gələrmiş. Kitab olmadığına görə rus dilində riyaziyyat dərsliyi, terminlər lüğəti tərtib edir.

    1907-ci ildə professional Azərbaycan musiqisinin əsasını qoyan “Leyli və Məcnun” operasını yazır.

    1913-cü ildə düşünür ki, ali təhsil almalıdır. Bu məqsədlə Sant-Peterburqa gedərək konservatoriyaya daxil olur. O vaxt onun təxminən 28 yaşı vardı”.

    Üzeyir Hacıbəylinin ilk Məcnunu olan Hüseynqulu Sarabski “Bir aktyorun xatirələri” əsərində o illəri belə xatırlayır:

    “O vaxtlar Üzeyir bəy musiqi elmindən o qədər mükəmməl deyildi. Leninqradda (Sant- Peterburq) musiqi məktəbinə getmək istəyirdi. Lakin maddi cəhətdən işi zəif idi. Çox fikir elədikdən sonra mən, Terequlov və Müslim Maqomayev qət etdik ki, Üzeyirin pyeslərini götürək mövsümdə oynayaq, nə qədər mənfəət olsa, yarısı bizim olsun, yarısını da ona göndərək. Hamı razı oldu. Üzeyiri Leninqrada yola saldıq. Biz də işləməyə başladıq. Üzeyir “Arşın mal alan” operettasını Leninqradda yazıb göndərdi”.

    Gülnarə xanım deyir, təəssüf ki, Üzeyirə konservatoriyanı sona qədər oxumaq qismət olmadı: “Birinci Dünya Müharibəsi başladı, bundan başqa, Üzeyir bəy cənublu idi, hər adam Sant- Peterburqun təbiətinə uyğunlaşa bilmir. Üzeyir bəyin maddi imkanı da sona qədər oxumağa imkan vermədi.

    Orda oxuduğu altı ayda hələ Bakıda ikən yazmağa başladığı “Arşın mal alan” operettasını tamamlayır. Onu konservatoriyanın direktoru Aleksandr Qlazunova göstərir. Qlazunov deyir, fikir eləmə, Hacıbəyov “Arşın mal alan”ı sənin üçün diplom işi hesab edib yola salıram.

    Üzeyir bəy gələcəkdə Azərbaycanda konservatoriya yaradır, onun professoru, rektoru olur, elmin ən yüksək dərəcəsi olan akademik dərəcəsinə qədər yüksəlir”.

    Otaqda mühüm yer tutan əşyalardan biri də Üzeyir bəyin “Yakov Beker” alman istehsalı royalıdır. Üzeyir bəy əsərlərinin tacı olan “Koroğlu”nu bu royalda yazıb.

    “Onun başa çatdırmadığı “Firuzə” adlı operası da var. Simfonik poema janrında “Azərbaycan” adlı əsər yazacaqdı. Çox heyf, əcəl aman vermədi ki, o əsəri də başa çatdırsın”.

    Gülnarə xanımla Üzeyir bəyin yazı masasına yaxınlaşırıq:

    “Baxın “Azərbaycan” əsərindən cəmi bir səhifə yazıb. Öz xəttidir. Burda dirijor çubuğu, kağız kəsmək üçün xüsusi bıcaqlar, saatı, eynəyi, “Erekson” adlı telefon aparatı, siqaret qutusu, masasının üzərində heç əskik etmədiyi çox sevdiyi rus bəstəkarı Pyor İliç Çaykovskinin kiçik büstü var. Üzeyir bəy xatirələrində yazırdı ki, Çaykovskidən ilham alaraq bəstəkar oldum.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Radioqəbuledicini isə 1945-ci ildə Üzeyir bəyin 60 yaşının tamam olması münasibətilə radio komitəsinin əməkdaşları ona hədiyyə ediblər”.

    Kimya və sağalmaz xəstəlik

    Yazı masasının arxasında kitab dolabı diqqətimizi çəkir: “Burada Şərqin tarixinə, riyaziyyata, coğrafiyaya aid kitablara rast gələ bilərsiniz. Üzeyir bəy kimya elmini çox sevərmiş. Ona görə şkafda kimya kitablarının xüsusi yeri olarmış. Oxuduğu kitablara yüngülcə işarələr qoyub, sözlərin altından xətt çəkərmiş.

    Üzeyir bəy sağalmaz xəstəliyi - şəkərlə əlaqədar olaraq üzvi kimyanı daha çox izləyirdi.

    Burda bir saat görürsünüz. Böyük bəstəkar bu saatına mənim ağıllı saatım deyərmiş. Çünki saat həmişə düz işləyib, heç vaxt nə geri qalıb, nə də irəli gedib.

    Saatın əqrəbləri gecə saat 2-ni göstərir. Böyük bəstəkar 1948-ci il noyabr ayının 22-dən 23-nə keçən gecə saat 2-də 63 yaşında uzun sürən ağır xəstəlikdən dünyasını dəyişdi. Şəkər onun ürəyini zəiflətmişdi. Onun ürəyi dayananda bu saat yaxınları tərəfindən dayandırılıb. O biri otaqda bu saatı kimlərin dayandırdığını deyəcəm”.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    “Bu şəkil faktlara əsasən çəkilib. Şərqdə ilk Cümhuriyyəti yaradan Məmməd Əmin Rəsulzadə dəfələrlə bu evdə qonaq olub, o, Üzeyir Hacıbəyli ilə əqidə, məslək dostu imiş. Azərbaycan Xalq Cümhuriyyətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinə Ceyhun Hacıbəylidən sonra Üzeyir Hacıbəyli redaktorluq edib. Şəkildə gördüyünüz kimi Rəsulzadə bu evdə Üzeyir bəyin qonağıdır və birlikdə qəzetin növbəti nömrəsi ətrafında söhbət edirlər”.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Maqomayev və Hacıbəyli

    “Orda başqa bir görkəmli bəstəkarın şəkilini görə bilərsiniz. Müslüm Maqomayev Üzeyir bəylə eyni ildə, eyni ayda, eyni gündə dünyaya gəlib. Onlar Qori seminasiyasında oxuyarkən rastlaşıblar. Bu təsadüfi görüş dostluğa, sonralar isə qohumluq əlaqələrinə çevrilib. Belə ki, ikisi də bir ailənin iki qızı ilə ailə qururlar”.

    Rəfael Hüseynov Müslüm Maqomayevə həsr etdiyi “Yaşıl yarpaq” əsərində qeyd olunan faktlara əsasən deyə bilərik ki, Maqomayev Üzeyirdən daha erkən evlənib.

    “Əziz bacım Badyuşa!” 1904-cü il aprelin 26-da o qıza göndərdiyi məktubunu belə başlayır 19 yaşlı Müslüm. İki il ötəcək -1906-cı il avqust ayının 4-də Tiflis şəhərindəki sünni məscidində Qroznı şəhərinin sakini Əbdül Müslüm Maqomed oğlu Maqomayevlə tiflisli Badigülcamal Həsən ağa qızı qanuni nikaha girəcəklər. Bu sənədi iki nəfər imzalayacaq - Zaqafqaziya müftisi və Müslümün ən yaxın dostu, qardaş qədər məhrəm saydığı Üzeyir.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    “Çək, oğlan”

    Müslim Maqomayevin şəklindən bir az aralıda Üzeyir Hacıbəylinin naturadan çəkilmiş şəklini bizə göstərən Gülnarə xanım vaxtilə rəssam Mikayıl Abdullayevin nəql etdiyi bir əhvalatı danışır: “Otaqda Üzeyir bəyin naturadan çəkilmiş bir portretini görürsünüz. Bunu Mikayıl Abdullayev çəkib.

    Deyirdi, günlərin bir günü Teatr Muzeyindən mənə Üzeyir bəyin şəklini çəkməyi sifariş verirlər. Üzeyir bəyin yanına gəldim, istəyimi ona dedim. O isə mənə “oğlum, buna nə vaxtım, nə də həvəsim var” dedi. Çox pərt olub heç nə deməyib ordan ayrıldım. Aradan vaxt keçdi, bir də Üzeyir bəyin yanına getdim, dedim muzeydən tələb edirlər. Əhvalı bu dəfə yaxşı idi, “yaxşı oğlan, çək” dedi. Qaralamanı çəkməyə başladım. Arxadan gün düşdü, Üzeyir bəy natamam şəkli görüb, xoşuna gəldi. Dedi, bu şəkli çək ver mənə. Qarşında ikinci dəfə də oturacam. İlk dəfə çəkilən şəkil budur. 1943-cü il, Üzeyir bəyin ölümündən beş il əvvəl...”

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Saatın əqrəblərini kimlər dayandırdı?

    “Bura yataq otağıdır. Divardakı şəkillərdə siz bəstəkarın ailəsinin şəkillərini görə bilərsiniz. Anası Şirinbəyim xanım Şuşanın məşhur Əliverdibəyovlar nəslinin nümayəndəsi idi. Üzeyir bəyin dayısı Ağalarbəy Əliverdibəyov Varşavada təhsil alıb, Azərbaycana gəlmişdi. Gözəl musiqi duyumu var idi, tar çalırdı.

    Üzeyir bəy xatirələrində yazır ki, mənə musiqinin ilk sirlərini dayım Ağalarbəy öyrədib. Üzeyir bəyin bacısı Abuhayat və Sayatın həyat yoldaşları çox erkən vəfat edib. Abuhayatın övladı olmayıb. Sayat xanımın isə dörd övladı vardı. Buna görə Üzeyir bəy anasını, iki bacısını, onun dörd övladını bu evə gətirib, hamısına himayədarlıq edib, bacısı övladlarına atalıq qayğısı göstərib. Elə məhz ağıllı saatın əqrəblərini Sayatın uşaqları dayandırmışdılar.

    Üzeyir bəyin həyat yoldaşı Məleykə xanım ixtisasca pedaqoq idi. Məleykə xanımın qardaşları – Əli və Hənəfi Terequlovlar Qori seminasiyasında təhsil alanda Üzeyir Hacıbəyli, Müslüm Maqomaqevlə dost olurlar. Tez-tez Qoridən Tiflisə Əligilə qonaq gələrmişlər. O səfərlər zamanı Üzeyir və Müslüm bacıları görüb onlara aşiq olurlar.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Məleykə xanım Üzeyir bəydən sonra təxminən 18-19 il yaşayıb, 1966-cı ildə vəfat edib.

    Hacıbəyovlar ailəsində iki bacı ilə yanaşı üç qardaş böyüyüb: Zülfiqar bəy, Üzeyir bəy və Ceyhun bəy.

    Böyük qardaş Zülfiqar bəy bəstəkar idi. “Aşıq Qərib” və bir neçə operettalar yazmışdı. Zülfiqar bəyin böyük oğlu dirijor Niyazi, kiçik oğlu dirijor Çingiz Hacıbəyov idi.

    Təəssüf ki, həyat nə Niyaziyə, nə də Çingizə övlad qismət etdi. Elə Üzeyir bəy də övlad sahibi olmadı.

    Ceyhun Hacıbəyli Məmməd Əmin Rəsulzadə ilə çiyin-çiyinə Azərbaycan Xalq Cümhuriyyətini quranlardan biri idi. 1919-cu ildə Versal sülh konfransına gedib və geri qayıda bilməyib. Hazırda onun məzarı Paris şəhərindədir. Nəvəsi Ceyhun Hacıbəyli də Parisdə yaşayır və dəfələrlə muzeyimizə baş çəkib”.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Stalindən gələn teleqram

    Növbəti otaq memorial deyil. Bura muzey işçiləri tərəfindən tərtibat verilib. Bu otaqda Üzeyir Hacıbəylinin yazdığı yeddi opera, üç operettanın nümayişindən fotolar, Hacıbəylinin tələbələri, dostları ilə şəkilləri, mükafat və ordenləri, tərtib etdiyi kitablar, ömrünün 20 ilini həsr etdiyi “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası, müxtəlif təntənəli günlərdə ona bağışlanan qiymətli əşyalar yer alır.

    Burda həmçinin İosif Stalinin böyük bəstəkara vaxtilə göndərdiyi teleqrama rast gəlmək mümkündür: “Üzeyir bəy İkinci dünya müharibəsində cəbhəyə 100 min manat məbləğində pul bağışlayır. O istəyirdi ki, bu pula tank alınsın və sovet əsgərləri düşmənə qarşı daha əzm və iradə ilə vuruşsunlar. Buna qarşılıq olaraq Stalin Üzeyir bəyə minnətdarlıq teleqram göndərir. Teleqramda “Yoldaş Hacıbəyov, cəbhəyə göstərdiyiniz bu böyük köməyə görə mən sizə minnətdaram” sözləri yazılıb”.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Gülnarə xanımın fikrincə, muzeyin ən gözəl eksponatlarından biri rus rəssamı Mixail Aleksiçin çəkdiyi rəsmdir.

    O, bunu Moskvada “Koroğlu”nun böyük triumfundan ilhamlanaraq çəkib. “Opera yolunda” adlanan dostluq şarjında rəssam çox görkəmli sovet bəstəkarlarının pliadasını çəkib, ən öndə isə əlində sazı, ayağında çarığı olan Üzeyir bəy dayanır. O, bütün bəstəkarları arxasında aparır. Rəssam göstərmək istəyir ki, lider Üzeyir bəydir, digərləri isə qolu bağlı onun dalınca sürünürlər”.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    “Yemək verər, cibinə pul qoyardı”

    Yenə daha bir memorial otaqdayıq.

    “Qonaq otağında Üzeyir bəy öz yaxın qohumlarını, dostlarını, məsləkdaşlarını, qonşularını, tələbələrini, hətta onu görmək istəyənləri qəbul edirdi. Hazırda biz stolun üzərinə iki ədəd yemək boşqabı qoymuşuq. Amma onu deməliyəm ki, bu otaq hər zaman qonaqlı-qaralı olardı.

    Hətta Üzeyir Hacıbəyli görəndə ki, evinə heç kim gəlməyib, uşaqlara “çıxın küçəyə baxın, kasıb geyimli adam görsəniz, onu evimə dəvət edin” deyərmiş. O tanımadığı adamı evinə dəvət edib, ona yemək verər, gedəndə isə cibinə pul qoyarmış. Üzeyir bəy bu cür humanist insan idi”.

    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı

    Sevərək yazdığı əsərlərinin uğurunu görüb fərəhləndi, xalqının övladlarının savadlı, zövqlü böyüməsi üçün müəllimlik etdi, kitablar yazdı, zəhmətinin bəhrəsi olaraq maddi tərəfdən yaxşı təmin olunduğu günlərlə yanaşı pulunun olmadığı, dolanışığının çətin keçdiyi günləri də az olmadı. Bir vaxtlar bir-birinin ardınca böyükhəcmli əsərləri – opera və operettaları ard-arda yazan bəstəkar vaxt gəldi on il dərin sükuta daldı. Amma bu sükut faydasız olmadı. Özü bu barədə 1938-ci ildə “İzvestiya” qəzetində çap etdirdiyi məqaləsində belə yazırdı:

    “Azərbaycanda 1920-ci il aprel inqilabı böyük əhəmiyyəti olan yeni vəzifələr qoydu. Başa düşürdüm ki, onları yerinə yetirə, yəni musiqidə sovet xalqının fikirləri və əhval-ruhiyyəsini onun musiqi dilini dərk etməyincə əks etdirə bilməyəcəm. O vaxtlar bu sahədə mənim biliyim səthi idi və yüksək keyfiyyətli bədii əsərlərin yaradılmasını təmin edə bilməzdim. Buna görə də on il boyunca mən Azərbaycan xalq musiqisinin nəzəri əsaslarını tədqiq etməklə məşğul idim. Onlarca ehtiraslı və mötəbər opponenti dinləyəndən, özümü ilkin yaradıcılıq sınaqlarından keçirəndən sonra hiss etdim ki, musiqi biliyim hər bəstəkara lazım olan minimum səviyyəyə cavab verir. 1932-ci ildə mən cəsarətlə “Koroğlu” operası üzərində işə başladım”.

    O möhtəşəm “Koroğlu”... Və o möhtəşəm insan.


    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    Stalindən vacib teleqram... – Üzeyir bəyin sirli həyatı
    PAYLAŞ:

    Oxşar xəbərlər