Prezidentin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərlə bağlı ictimai dinləmə keçirilir

Prezidentin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərlə bağlı ictimai dinləmə keçirilir
  • Siyasət / Manşet

  • Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə Cinayət Məcəlləsinə təklif olunan son dəyişikliklərlə bağlı ictimai dinləmələr keçirilir.

    APA-nın məlumatına görə, çıxış edən komitə sədri Əli Hüseynli prezident tərəfindən təqdim olunan dəyişikliklərin ciddi əhəmiyyət daşıdığını və ictimai müzakirənin vacibliyini bildirib.

    Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev deyib ki, ümumilikdə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub və 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq: “Dəyişikliklərdə bəzi cinayətlərin dekriminallaşdırılması o demək deyil ki, həmin şəxslər tam cəzasız qalacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq maddələr var”.

    Milli Məclisin aparat rəhbəri Səfa Mizəyev qeyd edib ki, qanun layihəsində yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur: “Hər bir qanunvericiliyin təkmilləşdirilməsi lazımdır. Bu baxımdan prezident İlham Əliyevin bu il fevralın 10-da verdiyi sərəncam çox böyük əhəmiyyət kəsb edir. Ötən illər ərzində Cinayət Məcəlləsində xeyli dəyişikliklər aparılıb. Eyni zamanda, prezident dəfələrlə əfv fərmanları verib, MM birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Biz çalışmışıq ki, qanunlarımız bir tərəfdən sərt, icra olunan olsun, o biri tərəfdən isə insanlara qarşı yönəlməsin, ədalətli tətbiq edilsin”.

    S. Mirzəyevin sözlərinə görə, keçmiş SSRİ respublikalarında elə bir praktika yoxdur ki, dövlət başçısı azadlıqdan məhrumetmə ilə bağlı öz narahatlığını bildirsin: “Narahatlıq da odur ki, həbs qəti-imkan, azadlıqdan məhrumetmə tədbirləri çox tətbiq edilir. Prezident bunu qeyri-normal sayır. Biz də hüquq ictimaiyyəti olaraq, bununla razıyıq”.

    S. Mirzəyev deyib ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi prezident tərəfindən MM-ə göndərilib. Layihə əsasən 4 istiqamətdən ibarətdir. Bu istiqamətlər bəzi cinayətlərin dekriminallaşdırılması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqindən ibarətdir. Layihədə mövcud alternativ cəza növlərinin daha geniş tətbiqi, yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur. Layihədə eyni zamanda qeyd edilir ki, cinayət iqtisadi, maliyyə, təsərrüfat fəaliyyəti ilə bağlıdırsa, cinayətin ictimai təhlükəsi onun vurulmuş ziyanı ilə müəyyən edilərsə, həmin hallarda vurulmuş ziyan tam ödənilirsə, onda ya tamamilə cinayət məsuliyyətindən azad olunma, yaxud da yüngül cəza növlərinin tətbiqi lazımdır. “Cəza tətbiq olunarkən cəzadan vaxtından əvvəl şərti azad olunmanın genişləndirilməsi, azadlıqdan məhrumetmə cəzasının alternativ cəzalarla əvəz edilməsi vacib məqamlardandır. Bütün bunlar onu göstərir ki, ölkə başçısı sadə insanlara, bu ölkədə fəaliyyət göstərən, onun iqtisadiyyatının inkişafı üçün zəhmət çəkən insanlara çox böyük diqqətlə yanaşır”, - deyə S. Mirzəyev vurğulayıb.

    Dinləmə davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər