Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto

Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gəlib.

    Asiya.az xəbər verir ki, əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Gəncənin Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.

    ***

    Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.

    Asiya.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verdi.

    Bildirildi ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.

    “Bazar Store” MMC-nin “Grand Qafqaz” Ticarət Kompleksində iri və xırdabuynuzlu heyvanların və quşların kəsimi, həmçinin diri balıqların satışı üçün 3 min 500 ticarət obyekti tikilib. Burada 1,3 hektar ərazidə avtopark yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.

    Prezident İlham Əliyev kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub.

    ***

    İlham Əliyev eyni zamanda Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib. Dövlət başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

    Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verdi ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir.

    Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitnes zalları, kafe, kişi bərbərxanası, qadın salonu, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb.

    Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Bakıda yaradılıb və 1931-ci ildə Gəncəyə köçürülüb. 1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilib. Nazirlər Kabinetinin 2009-cu il tarixli Qərarı ilə İnstitut Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb.

    Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub.

    Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

    ***
    Prezident bununla yanaşı İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

    Dövlət başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.

    Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb.

    Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib.

    Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb.

    13:04

    Gəncədə səfərdə olan prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Asiya.az-ın AzərTAC-a istinadən məlumatına görə, bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.

    Dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.

    Prezident İlham Əliyevə məlumat verilib ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

    Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

    Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Dövlət başçısı görüşdə nitq söyləyib.

    Sonra Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Xalq Artisti Pərvanə Qurbanova çıxış ediblər.

    Sonda xatirə şəkli çəkdirilib.

    Səfər çərçivəsində prezident İlham Əliyev “Majestic Palace” otelinin tikintisi ilə də tanış olub. Dövlət başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verilib.

    Bildirilib ki, 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Otelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün ərazidə 1000 kV-luq transformatorun və 1500 kV-luq generatorun quraşdırılması nəzərdə tutulub.

    Bu cür müasir otelin yaradılması, ilk növbədə, Gəncənin turizm potensialının daha da artırılmasına töhfə verəcək. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni oteldə 50 nəfər işlə təmin ediləcək.

    Prezident İlham Əliyevə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verilib.

    Habelə, Prezident İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının 4 mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksessuarları mağazaları var. “Gəncə Mall”da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.

    Qeyd edilib ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto
    Prezident Gəncədə bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB- Foto

    PAYLAŞ:

    Oxşar xəbərlər