Milli Məclisin növbəti plenar iclası keçirilir- Yenilənir

Milli Məclisin növbəti plenar iclası keçirilir- Yenilənir
  • Siyasət / Manşet

  • Milli Məclisin növbəti plenar iclası başlayıb.

    Asiya.az-ıın məlumatına görə iclası spiker Oqtay Əsədov açıq elan edib.

    ***

    "Bildiyimiz kimi, gələn il Cümhuriyyətin 100 illik yubileyidir. Bununla bağlı tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün dövlət başçısı öz həssas mövqeyini göstərdi”.
    Milli Məclisin növbəti plenar iclası keçirilir- Yenilənir

    Asiya.az cebhe.info-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

    F.Mustafa Cümhuriyyətin yubileyinə lazımi münasibətin olmadığını bildirib: "Ancaq hesab edirəm ki, biz hələ millət olaraq bu həssaslığı göstərə bilmirik. Artıq yubileyinin keçirilməsinə 6 ay qalıb. Qonşu ölkələrin yanaşması bizdən daha fərqlidir. Cümhuriyyətin yaranmasının birbaşa 2 şəxsin adı ilə bağlıdır. Bunlardan birincisi Məmməd Əmin Rəsulzadədir. Digəri isə Nuru Paşadır ki, Qüdərt Həsənquliyevlə birgə müraciət etdik, ancaq hələ ki, Nuru Paşanın abidəsi qoyulmayıb. Rəsulzadənin isə yaşadığı evin vəziyyəti ürəkaçan deyil. Bəs biz bu iki şəxsiyyətlə bağlı nə etmişik? Hesab edirəm ki, bu suala biz cavab verməyə hazır deyilik”.

    “Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib".

    Milli Məclisin növbəti plenar iclası keçirilir- Yenilənir

    APA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına cavab olaraq deyib.

    F. Mustafa Azərbaycan prezidentinin Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə sərəncamını xatırladaraq bildirib ki, cumhuriyyətin yaradıcı Məhəmməd Əmin Rəsulzadənin və cumhuriyyətin ayaqda qalmasına dəstək olan Nuri Paşanın xatirələrinin əbədiləşdirilməsi üçün addımlar atılmalıdır. O deyib ki, Nuri paşanın abidəsinin qoyulması ilə əlaqədar həmkarı Qüdrət Həsənquliyevlə birlikdə Nazirlər Kabinetinə müraciət etsə də, cavab yoxdur.

    Sədr Oqtay Əsədov isə cavab olaraq bəyan edib ki, Milli Məclis prezidentin sərəncamından dərhal sonra lazımi işlərə başlayıb: “Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. İşlər gedir. Yaxın zamanda nəticəsini görəcəksiniz”.

    ***

    “Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O dərman almağa pul tapmır. Üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, ona niyə kömək etmirlər?!”

    Milli Məclisin növbəti plenar iclası keçirilir- Yenilənir

    Asiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib.

    O, aktyora kömək olunmasını xahiş edib: “Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”
    MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.

    ***

    Milli Məclis maliyyə sektoru ilə bağlı qanunlara dəyişikliklər edib

    Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edəcək.

    Asiya.az xəbər verir ki, bununla bağlı “Sığorta fəaliyyəti haqqında” qanuna 17.3-cü maddə əlavə edilir.

    Həmin maddəyə görə, həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı müştərilərə hesab açdıqda və yaxud maliyyə xidmətləri göstərdikdə, Azərbaycanın normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səalhiyyətli orqanlarına təqdim etməlidir.

    Bundan başqa, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”qanunlara və İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişikliklərə görə, Mərkəzi depozitar, investisiya şirkətləri, milli poçt operatoru, investisiya fondları, banklar, bank olmayan kredit təşkilatları da beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlalhiyyətli orqanlarına təqdim etməlidir.

    “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikliyə görə isə, yerli özünü idarə etmə qurumlarının vergi xidməti orqanının vəzifələrinə hazırda yerli vergi və ödənişlərin ödəyicilərinin vergi və kommersiya sirrini qorumaq daxildirsə, həmin siyahıya bank sirri də əlavə edilir. Yenilik Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb və bank sirrrinin qorunması sahəsində bələdiyyələrin vergi xidməti orqanının vəzifələrini müəyyənləşdirir.

    Qanun layihələri Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib.

    ***

    Parlament “Avtomobil yolları haqqında” qanuna dəyişikliyi təsdiqləyib


    Azərbaycan parlamenti “Avtomobil yolları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir.

    Asiya.az bu barədə qanun layihəsinə istinadən xəbər verir.

    “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.

    Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, bu istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

    Hazırda ödənişli avtomobil yolları yerli və respublika əhəmiyyətli avtomobil yollarında, o cümlədən ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilərdisə, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilər.

    ***

    Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir


    Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir. Məlumat lövhələrinin reklam olub-olmaması ilə bağlı qeyri-müəyyənliklər aradan qaldırılır.

    Asiya.az xəbər verir ki, bununla bağlı "Reklam haqqında" qanuna dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiq edilib.

    Qanunun 26.2-2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün reklam yayıcısı reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır. Reklam daşıyıcısı bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilənin məbləği həmin quruma ödənilməlidir.

    Bundan başqa, qanuna aşağıdakı məzmunda 26.2-3-cü bənd əlavə edilib:

    "Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir".
    Həmçinin, 26.8-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi çəkisi 2 kv. metrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və reklam hesab edilmir.

    Qanuna aşağıdakı məzmunda 35.3-cü bənd də əlavə olunub:

    "Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı, həmin məbləğin müəyyən edilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir".

    Qeyd edək ki, qanun layihəsi açıq məkanda reklama icazə alınması üçün prosedurların dəqiqləşdirilməsi, açıq məkanda reklam yerləşdirilməsi və reklam yayımına görə haqqın ödənilmə qaydası və məbləği ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

    ***

    Oqtay Əsədov Azay Quliyevə irad tutub: “İlk nöqsanı özünüzdə axtarmalısınız”


    Milli Məclisin növbəti plenar iclası keçirilir- Yenilənir

    Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlament sədri Oqtay Əsədov deputat, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevi məsuliyyətli olmağa çağırıb.

    Asiya.az xəbər verir ki, parlamentdə “Reklam haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunan zaman A.Quliyev deyib ki, hazırlanan reklam çarxları bu gün lazımı səviyyədə işıqlanmır, bunun da səbəbləri fərqlidir: “Bəzən bu çarxlar keyfiyyətli olmur, bəzən də televiziyalar onları yayımlamağa maraqları olmurlar. Təklif edərdim ki, televizya qurumları QHT-lər ilə birlikdə fəaliyyət göstərib çarxları hazırlasın, daha sonra onların yayımlanması təmin edilsin”.

    MM sədri Oqtay Əsədov isə cavabında deputatı məsuliyyətli olmağa çalışıb: “İlk nöqsanı özünüzdə axtarmalısınız. Çünki pulu da verən sizsiniz, onun keyfiyyətinə də siz baxmalısınız”.

    ***

    Milli Məclis prokurorluq orqanlarına əlavə səlahiyyət verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.


    Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Asiya.az xəbər verir ki, layihəyə əsasən, Azərbaycanda prokurorluq orqanlarına əlavə səlahiyyət verilir.

    Məcəllənin 54-cü (İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti) maddəsinə 538-1.4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) və 538-1.6 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddələri əlavə olunur.

    Təklif olunan dəyişiklik qeyd olunan maddələr nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılması haqqında qərarın da qəbul edilməsini prokurorun səlahiyyətinə aid edilməsini nəzərdə tutur.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

    ***

    Parlament sürücülərin söhbət etməsinə görə cərimələnməsi müddəasını qanunvericilikdən çıxarıb.


    Azərbaycanda sürücülərin diqqəti yayındıra biləcək söhbətdə iştirak etdiyinə görə cəzalandırılmasını nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılıb.
    Asiya.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirə edilib.

    Belə ki, Məcəllədən 342.1.2 maddəsi çıxarılması təklif olunub.

    Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.
    Layihəyə bildirilib ki, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılıb.

    Bundan başqa, banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə cəzanın qanunvericilikdən çıxarılması təklif olunub.

    İnzibati Xətalar Məcəlləsinin 345-ci (Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması) maddəsinin 2-ci (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə edilir) bəndi ləğv edilib. Bundan əlavə, maddənin adındakı “və təmiri qaydalarının pozulması” sözləri də çıxarılıb.

    Layihədə qeyd olunub ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

    Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

    ***

    Milli Məclis Azərbaycanda Silahlı Qüvvələr üçün orden təsis edib


    Azərbaycanda Silahlı Qüvvələr üçün “Rəşadət” ordeni təsis olunub.

    Asiya.az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Orden Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin işğaldan azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə veriləcək.

    Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər