Parlament: Silahlı Qüvvələr haqqında qanun layihəsinin müzakirəsində fikir ayrılıqları...

Parlament: Silahlı Qüvvələr haqqında qanun layihəsinin müzakirəsində fikir ayrılıqları...
  • Siyasət / Manşet

  • “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Birinci vitse-spiker Ziyafət Əsgərov sənədlə bağlı qısa məlumat verdikdən sonra müzakirələrə başlanıldı.

    Deputat Fazil Mustafa həmkarı Qüdrət Həsənquliyevin ilk müzakirələrdə səsləndirdiyi təklifi müdafiə etdi. Deputat silahlı qüvvələrin fəaliyyətinə nəzarət hissəsində Milli Məclislə bağlı əlavə edilməsini zəruri saydı: “Bunu deyəndə bəziləri elə bilir ki, biz ABŞ Konqresi, ya Bolqarıstan parlamernti üçün səlahiyyət istəyirik. Deyək ki, prezident tərəfindən təqdimat verilir, Milli Məclisin Silahlı Qüvvələrin real vəziyyəti ilə bağlı məlumat almaq imkanı olmalıdır ki, arxayınçılıqla razılıq verə bilsin”. F.Mustafa nəzarətin yalnız işin xeyrinə olduğunu deyib digər nümunələr çəkdi: “Məsələn, Penitensiar Xidmətdəki vəziyyətə baxın. Dünən də bir məhbus ölüb. Bundan əvvəl məhbuslar həbsdən qaçıb. Nəzarətdən kənarda qalanda bu məsələyə hər hansı müdaxilə etmək mümjkün olmur. Hətta ədliyyə nazirinin özü də çıxışında deyir ki, burada ciddi nöqsanlar var, ortadan qaldırılmalıdır”.

    Deputat Zahid Oruc bildirdi ki, qanun layihəsi ilə bağlı mediada bəzi yanlışlıqlar gedib: “Guya parlamentdə Silahlı Qüvvələr haqqında qanun ona görə qəbul olunur ki, guya orduya daxili proseslərə müdaxilə səlahiyyəti verilir. Amma əslində bu, belə deyil. 90-cı illərdə ordudan daxili siyasətdə istifadə edənlər bu gün hakimiyyətə qarşı kampaniyada bu arqumentdən istifadə etməyə çalışırlar. Amma əslində orduya belə bir səlahiyyət verilməsindən söhbət gedə bilməz”.

    Deputat Qüdrət Həsənquliyev isə təəssüflə qeyd etdi ki, keçən iclasda konstitusiyaya əsaslanan təkliflər səsləndirsə də, həmin təkliflər ikinci oxunuşda nəzərdə alınmayıb. Rusiya nümunəsini gətirən Q.Həsənquliyev dedi ki, Dövlət Dumasındakı 700-dən artıq təkliflərdən 500-ü nəzərə alınıb. “Mən hələ Avropa nümunəsini gətirmirəm, Rusiyadan bəhs edirəm”.

    Q.Həsənquliyev ordudan daxili siyasətdə istifadə ilə bağlı narahatlığını da ifadə etdi: “Burada daxili sabitlik ifadəsini işlətmək düzgün deyil. Onda belə çıxır ki, küçə yürüşləri, mitinqlərin qarşısını almaq üçün hökumət ordudan istifadə edə bilər. Bu, yolverilməzdir. Orada yazılmalıdır ki, iğtişaşlar zamanı istifadə oluna bilər”. Deputat daha sonra başqa məqama diqqət çəkdi: “Konstitusiya quruluşunun dəyişdirilməsi hər zaman cinayət sayılmır ki. Dövlətlər idarətmə quruluşlarına görə fərqlənir. İstənilən vətəndaş bu barədə təşəbbüslə çıxış edə bilər. Ona görə də konstitusion quruluşun zorakılıqla dəyişdirilməsindən söhbət getməlidir. Məsələn, kimsə parlamentli üsul-idarəçiliyə keçilməsini təklif edirsə, ona qarşı ordudan istifadə olunmamalıdır ki”.

    Deputat konstitusiyaya zidd qərar və əmrlərin icra olunmaması barədə qanuna əlavələrin üedilməsini də zəruri saydı və Türkiyədəki 15 iyul çevriliş cəhdini xatırlatdı. Əlavə etdi ki, Milli Məclisin Silahlı Qüvvələrə nəzarəti mütləq təmin olunmalıdır. Q.Həsənquliyev medianın ordudakı problemləri qabartmasını milli və dövlət təhlükəsizliyimizin əleyhinə olması barədə yanaşmanı da qəbul etmədiyini vurğuladı: “Ordudakı problemlər deyilməyəndə, yazılmayanda bunun nəticələri daha ağır olur. İmkan vermək lazımdır ki, jurnalistlərin əsgər və zabitlərlə təmasları olsun. Orduda “Açıq qapı” günlərinin keçirilməsi təqdirolunandır. Həmçinin biz ictimai nəzarət haqqında qanun da qəbul etmişik. Bu qanunda ictimai nəzarətlə bağlı məqamın olmamasını mən başa düşə bilmirəm. Ümid edirəm ki, üçüncü oxunuşda olacaq”.

    Deputat Azay Quliyev həmkarı Qüdrət Həsənquliyvin təkliflərinə diqqətlə yanaşmağı zəruri saydı: “Xüsusilə konstitusiya quruluşunun zorakı yolla dəyişdiriməsi barədə qanuna əlavə olsa, daha yaxşı olar”. Deputat Silahlı Qüvvələrdə siyasi partiyalar, həmkarlar ittifaqları və digər qurumların yaradılması barədə müddəanı normal saydı. Bununla bağlı ictimaiyyətə daha aydın şərh verilməsini zəruri saydı.

    A.Quliyev orduya ictimai nəzarətlə bağlı məsələyə diqqətlə yanaşağı zəruri saydı: “Ədliyyə Nazirliyində ictimai şura var. Yaxşı olardı ki, qadağan olunmuş materiallara məhdudiyyət tətbiq olmaqla ictimi nəzarət tətbiq olunmalıdır, bu, işin xeyrinə olar”.

    Deputat Naqif Həmzəyev müddətdən artıq şəxslərin orduya qəbulu zamanı ciddi nəzarətin həyata keçirilməsini zəruri saydı. Həmçinin mətbəx işlərinə cəlb olunan xanımların işə götürülməsi zamanı onların hərbi sirləri nə dərəcədə qoruyacaqlarına diqqət yetirilməsini təklif etdi.

    Deputat Siyavuş Novruzov parlamentdəki müzakirələr zamanı deyib ki, heç bir qanun Quran ayəsi deyil və istənilən zaman dəyişdirilə bilər. İctimai nəzarətlə bağlı həmkarlarının dediklərinə münasibət bildirən S.Novruzov bildirdi ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan qarşısında hesabat verir, ona görə də hansısa QHT-nin nəzarət həyata keçirməsini düzgün deyil: “QHT peşəkar olacaq, olmayacaq, demək çətindir. Hərdən elə olur ki, hərbi xidmətdə olmayanlar qanundan, hərbi xidmətdən danışırlar. O adamlara avtomatı versən, söküb-yığa bilməyəcək. Biz Amerikanı götürüb özümüzə tətbiq edirik. ABŞ-da komitə qaşrısında ordu gəlib hesabat verir. Bizdə vaxtilə müqavilə əsasında xidmət ümumiyyətlə yox idi. İndi artıq qayda belədir ki, əsgər yemək bişirməməlidir, döşəmə yumamalıdır, ancaq silahla məşğul olmalıdır. Həmçinin müasir texnikalar alınır ki, onu güclü mütəxəssislər idarə etməlidir. Orta məktəbi qurtaran uşağı aparıb deyə bilməzsən ki, gəl S-400-ü idarə et. Bu işlərlə müqavilə əsasında xidmətə cəlb edilən peşəkarlar məşğul olmalıdır. Müqavilə əsasında xidmət edənlərə ictimai nəzarət olmalıdır ki, yollarını azmasınlar. Amma həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət düzgün deyil. Ordu cəmiyyətdən nisbətən qapalı vəziyyətdə olmalıdır ki, öz vəzifəsinin öhdəsindən gəlsin”.

    S.Novruzov orduya mülki şəxsin təyin olunması barədə təkliflərə qarşı çıxdı: “Bir dəfə bir riyaziyyatçı gətirib qoydular, gördük də ölkənin başına nə oyun gətirdi. Ərazilərimiz işğal olundu. İndi burda adını çəkmək istəmirəm, bu məclisə layiq deyil. Orduya peşəkar rəhbərlik etməlidir. Biz öz ərazilərimizi işğaldan azad etməyincə, orduya mülki şəxs rəhbərlik edə bilməz. Ordunun başında peşəkar hərbçi dayanmalıdır”.

    Müdafiə Nazirliyinin şəxsi heyətlə iş üzrə müavini, general-leytenant Kərim Vəliyev deyib ki, kim orduya gəlirsə, onlar tam şəkildə yoxlanılır, həm daxili işlər orqanları, həm təhlükəsizlik xidməti, həm də səhiyyə orqanı tərəfindən”. General deputatların təkliflərinə münasibət bildirərkən bəzi iradlarını da ifadə edib.

    Parlamentin sədri Oqtay Əsədov generala xitabən bəzi qeydlərini bölüşüb. Spiker deyib ki, deputat Qüdrət Həsənquliyevin fikirlər bəzi saytlarda kontekstdən çıxarılıb: “Milli Məclisin hər bir üzvünün orduya böyük hörməti var. Burada çıxışlar da olur, tənqidlər də olur. Biz araşdıraq, görək bu çıxışı başqa cür təqdim edən kimlərdir. Amma belə məsələləri çox da ürəyinizə yaxın buraxmayın. Biz Azərbaycan ordusunun həmişə güclənməsini istəmişik, həmişə də dəstəkləyəcəyik”.

    Deputatlar spikerin qeydlərini alqışlarla qarşıladılar.

    Parlament: Silahlı Qüvvələr haqqında qanun layihəsinin müzakirəsində fikir ayrılıqları...

    Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

    “Ordu haqqında fikir bildirəndə və yaxud mətbuatda bu barədə yazı yazanda nəzərə alınmalıdır ki, həssas məsələyə toxunulur. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.
    O, bu məsələdə medianı diqqətli olmağa çağırıb.

    K.Vəliyev deputat Qüdrət Həsənquliyevin ordu ilə bağlı mediada yayılan fikirlərinə də toxunub: “Deputat bir müddət öncə, Tərtərdə problem olduğunu demişdi, mətbuat da bunu yazmışdı. Mən dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxladım. O, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi sözlərdir. Hörmətli deputatlar və media nümayəndələri bu məsələdə diqqətli olmalıdırlar”.

    Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, həmin media orqanları nə Milli Məclisdə, nə də Müdafiə Nazirliyində akkreditasiyadan keçib: “Onlar müxtəlif saytlardır ki, bu cür şeylər yazırlar”.

    “Azərbaycan Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub


    Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

    Asiya.az xəbər verir ki, layihədə silahlı qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri əksini tapıb.

    Qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir. Sənədin 4-cü (Silahlı qüvvələrin əsas vəzifələri) maddəsinə əsasən, dinc dövrdə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

    1. Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısnı almağa və onu dəf etməyə hazır olmaq,

    2. əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı silahlı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq,

    3. hərbi idarəetmə orqanlarının, qoşunların ( qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq,

    4. daxili siyasi sabitliyin, konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək,

    5. Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək,

    6. əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək,

    7. fövqəladə halların aradan qaldırılmasında iştirak etmək,

    8. Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini, enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət öbyektlərini mühafizə etmək,

    9. azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayət olunmasını, həmçinin pentensiar müəssisələin mühafizəsini həyata keçirmək,

    10. öz fəaliyyətinin informasiya təhlükəsizliyini təmin etmək,

    11. hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək,

    12. hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək,

    13. səfərbərlik və hərbi xidmətə çağırış üzrə tədbirlkər kompleksini təkmilləşdirmək,

    14. peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi-elmi potensialı artırmaq,

    15. beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq,

    16. beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək,

    17. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin dəstəklənməsi (bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək,

    18. ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək.

    Bu bənddə dinc dövrdə yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, real təhdid dövründə Silahlı Qüvvələrin əsas vəzifələri də əksini tapıb:

    1. döyüşə və səfərbərliyə hazırlığın səviyyəsini artırmaq, bununla bağlı əlavə tədbirlər kompleksini həyata keçirmək,

    2. fövqəladə və hərbi vəziyyət rejimlərinin təmin edilməsi, ərazi müdafiəsi üzrə hazırlıq tədbirlərinin yerinə yetiriləmsində iştitrak etmək.

    Dinc və real təhdid dövrlərində yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

    1. tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək,

    2. ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək,

    3. Azərbaycan Respublikasına qarşı xarici hərbi təcavüzü dəf etmək, ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyyatlar aparmaq, düşmən qüvvələrini məğlubiyyətə uğratmaq, onları Azərbaycan Respublikasının maraqlarına uyğun şərtlərlə hərbi əməliyyatları dayandırmağa (sülh danışıqları aparmağa və sülh sazişi bağlamağa) məcbur etmək.

    Qanun layihəsi qəbul olunarsa, 1991-ci ildə qüvvəyə minən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunu qüvvədən düşəcək.

    Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq 2-ci oxunuşda qəbul edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər