Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)

Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
  • Sosial / Manşet

  • Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə yollanıb.

    Asiya.az xəbər verir ki, dövlət başçısı mərhum prezident Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.

    İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

    Muzeylə tanış olan dövlət başçısına məlumat verilib ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərəcək. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.

    Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buranın eksponatları ilə tanış olması üçün imkan yaradır.

    Prezident Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında da iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

    Məlumat verilib ki, üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada, eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada yeməkxana da fəaliyyət göstərəcək.

    İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin "Azərikimya” İstehsalat Birliyinin "Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub.

    Prezident sumqayıtlı sənətkarların əl işləri ilə tanış olub. Mədəniyyət Sarayının qarşısındakı 5 hektarlıq meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb, kommunikasiya xətləri və işıqlandırma sistemi yenidən qurulub. Burada fəvvarə və 100 avtomobil yerlik dayanacaq yaradılıb.

    İlham Əliyev həmçinin Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verib.

    Diqqətə çatdırılıb ki, parkın rezidenti olan "STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. "SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.

    Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında "Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. Burada il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetikada istifadə olunan müxtəlif növ yüksək keyfiyyətli 30 min ton sürtkü yağlarının istehsalı nəzərdə tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.

    "MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.

    "Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İtaliya texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.

    Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. "Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək. "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətində isə ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında 67 MVt gücündə 110/35/6.3 kV-luq yarımstansiyanın inşası da başa çatdırılıb.

    Sonra İlham Əliyev parkın ərazisində "AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub.

    Məlumat verilib ki, "AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Almaniyanın bu sahədə böyük təcrübəsi olan "HORN Glass İndustries AG” şirkətinin texnologiyası əsasında yaradılacaq. Müəssisədə il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Zavodda istehsal ediləcək məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Burada 180 nəfər işlə təmin olunacaq.

    Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoyub. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək.

    Daha sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Gilan Sənaye Qrupu”na daxil olan "Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak edib.

    Məlumat verilib ki, ümumi ərazisi 18,3 hektar olan zavodun istehsal sahəsi 21,4 min kvadratmetrdir. Kompleks 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammalsaxlama bölmələrindən ibarətdir. Müəssisənin birinci mərhələsinin illik istehsal gücü 20 min tondur. Burada 145 çeşiddə pestisid istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun daxilində beynəlxalq standartlara uyğun qurulmuş laboratoriyada müəyyən ediləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurulub. İstehsalda gələcəkdə yerli xammaldan daha çox istifadə edilməsi nəzərdə tutulur. İdxal olunan məhsullarla müqayisədə yerli istehsalın üstünlüyü 35-40 faiz təşkil edir. Perspektivdə isə bir sıra məhsul növlərinin xammal təminatı yerli istehsal hesabına təmin olunacaq və ixrac potensialı yaranacaq.

    Bunlardan əlavə, zavodun ərazisində inzibati bina, yeməkxana, laboratoriya, qazanxana və su anbarları var. Zavodda 100 yeni iş yeri yaradılıb. Layihənin ikinci mərhələsində bəzi məhsulların xammalının və yarpaq gübrəsi istehsalının təşkil olunması nəzərdə tutulur. Hazırda ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bununla yanaşı, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9,8 min ton təşkil edəcək. Zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verəcək.

    Dövlət başçısı müəssisəni işə salıb. Sonra İlham Əliyev parkın ərazisində "STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib.

    Bildirilib ki, burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Data Mərkəz işə düşdükdən sonra Azərbaycanda "blockchain”in tətbiqi artacaq.

    Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    Prezident Sumqayıtda zavod və fabrikin təməlini qoydu, açılışlar etdi (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər