Ana-balaların qətlinə görə işdən çıxarıldığı deyilən rəis danışdı - “Həmin vaxt mən Salyanda deyildim”

Ana-balaların qətlinə görə işdən çıxarıldığı deyilən rəis danışdı - “Həmin vaxt mən Salyanda deyildim”
  • Sosial / Manşet

  • Salyanın sabiq polis rəisi işdən çıxarılmasının səbəblərini açıqlayıb.

    Asiya.az xəbər verir ki, polis polkovniki Təhmasib İbrahimov APA-nın Mil-Muğan bürosunun sorğusuna cavabında mətbuatda haqqında yazılanları təkzib edib: "Mən 26 noyabr 1957-ci ildə Masallı rayonunda anadan olmuşam. Demək istəyirəm ki, noyabrın 26-da mənim 60 yaşım tamam olub və mən bu əmri gözləyirdim. Əslində 55 yaşında təqaüdə göndərilə bilərdim. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov etimad göstərib məni daha bir neçə il artıq xidmətdə saxlayıb. Buna görə də mən cənab nazirimizə təşəkkür edirəm. Mən daxili işlər orqanlarında 38 il, imtiyazlı hesablamalarla isə 43 il xidmət etmişəm. Daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar cənab nazirin əmri ilə təqaüdə çıxmışam. Xidmətdə olduğum dövrlərdə dəfələrlə cənab prezident və nazir tərəfindən mükafatlandırılmışam. Cənab prezident tərəfindən "İgidliyə görə” medalı ilə, daxili işlər naziri Ramil Usubovun əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşam".

    T. İbrahimov onun işdən çıxarılmasının Salyanda baş verən sonuncu ağır cinayətlə bağlı olması barədə mətbuatda yayılan məlumatları cəfəngiyat adlandırıb: "Bu hadisənin mənim təqaüdə çıxmağımla heç bir əlaqəsi yoxdur. Bu hadisə dekabr ayında müəyyən edilib. Mənim isə noyabr ayında təqaüd yaşım çatmışdı və mən əmr gözləyirdim. Bundan başqa, həmin hadisə 2014-cü ilin mart ayında baş verib. Həmin vaxt isə mən Salyanda yox, başqa bir yerdə işləyirdim. Mən Salyan rayonunda 12 noyabr 2015-ci ildən təqaüdə göndərilənə qədər rəis vəzifəsində çalışmışam. Son məlum cinayət hadisəsi mənim polis şöbəsinə rəhbərlik etdiyim dövrdə baş verməyib. Buna baxmayaraq, bu barədə bizə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb və prokurorluq orqanları ilə birgə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayətin açılması təmin edilib. Bu bizim vəzifə borcumuzdu. İndi kimlərsə televiziyada kiminsə faciəsi ilə, kiminsə meyiti ilə şou düzəldir. Belə etmək olmaz, bu çox dəhşətli faciədir”.

    Qeyd edək ki, ötən gün daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.

    Bəzi KİV polis rəisi Təhmasib İbrahimovun vəzifəsindən azad edilməsini Salyanda baş verən dəhşətli cinayətlə əlaqələndirib, daxili işlər naziri Ramil Usubovun məhz bu cinayətə görə Təhmasib İbrahimovu vəzifəsindən azad etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, nazir rayonda baş verən dəhşətli cinayətin illərlə bağlı qalmasını rəisə bağışlamayıb.

    Qeyd edək ki, Salyanda 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradə, Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilib.

    Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkarlanıb.

    Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

    Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.

    Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər