Qaynarinfo xəbər verir ki, Eynullayev Mətin Balasən oğlu nazir müavini olmazdan əvvəl Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tutub. O, uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır. Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə (2009-2013-cü illər) hüquqşünas, sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri və Aparat rəhbəri vəzifələrində çalışıb. Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib. Ötən ilin yanvarında prezident İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.
Mətin Eynullayev əvvəllər "Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi işləyib.
Bəzi məlumatlara görə, Mətin Eynullayev Mikayıl Cabbarovun tələbə yoldaşıdır.