Xəlilovların biznes imperiyası - Azərbaycan “göz yaşları”na necə inandı...

Xəlilovların biznes imperiyası - Azərbaycan “göz yaşları”na necə inandı...
  • Sosial / Manşet

  • Gizli biznesmen övladının aşkar biznes yolu haralardan keçir? “Milyarderlər İttifaqı”nın üzvü olmuş İsgəndər Xəlilov və onun vitse-prezident biznesmen oğulları haqda maraqlı faktlar...

    Azərbaycanda doğulub-böyüyən, lakin xaricdə biznes qurub milyardlara sahib olan iş adamları silsiləsindən növbəti obyektimiz İsgəndər Xəlilovdur. Əvvəlki saylarımızda haqqında bəhs etdiyimiz Vahid Ələkbərov və Telman İsmayılovdan fərqli olaraq, cənab Xəlilovun Azərbaycanda çoxşaxəli biznesi və biznes maraqları var.

    Qeyd edək ki, İsgəndər Xəlilov 1955-ci ildə Bakı şəhərində doğulub. Atası Ağasəlim o dövrün gizli biznesmenlərindən biri olub. İ.Xəlilov ilk ali təhsilini də Bakıda alıb - 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Daha sonra 1984-cü ildə Moskva Hüquq Akademiyasını bitirib. Elə Rusiyada da biznes yüksəlişinin əsas səbəbkarı olan digər azərbaycanlı iş adamı Vahid Ələkbərovla yaxın dostluq münasibəti qurub. SSRİ-nin çöküşü ərəfəsində Moskvada restoran biznesi ilə məşğul olan İ.Xəlilov Ələkbərovun parlamasından sonra uzun illər onunla çalışıb.Cənab Ələkbərov dostuna sahibi olduğu “LUKoyl” şirkətində yüksək vəzifələr etibar edib. İ.Xəlilov 1988-ci ildən 1991-ci ilə qədər “LUKoyl” prezidentinin məsləhətçisi olub. 1991-ci ildə “LUKoyl”un Azərbaycanda nümayəndəliyi və təmsilçi şirkəti yaradılanda Ələkbərov heç tərəddüdsüz rəhbərliyi dostuna həvalə edib.

    Beləliklə, İ.Xəlilov “LUKoyl-Azərbaycan” Neft Şirkətinin direktorlar şurasının sədri, 1996-cı ildən 2000-ci ilə qədər “LUKoyl-Türkiyə” nümayəndəliyi İdarə Heyətinin rəhbəri olub. 2000-ci ildə “Slavneft” şirkətində fəaliyyətə başlayıb. Şirkətin İdarə Heyətinin üzvü, xarici iqtisadi fəaliyyət və inkişaf üzrə vitse-prezidenti işləyib. 2003-cü ildən “LUKoyl” Oversiz Holdinq LTD"-nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti olub.

    Xəlilovların biznes imperiyası - Azərbaycan “göz yaşları”na necə inandı...

    İ.Xəlilov 1995-ci ildə özünün “İSR” Şirkətlər Qrupunu yaradıb. Qısa müddət ərzində biznesini aktiv şəkildə genişləndirərək, “İSR Plaza”, Bakı Əyləncə Mərkəzi (artıq sökülüb), “McDonalds” kimi iri müəssisələri qurmağı bacarıb. Lakin 90-cı illərin sonunda İ.Xəlilovun Azərbaycan hakimiyyəti ilə münasibətləri çox pisləşmişdi, onun hətta burada sahibi olduğu biznesindən, o cümlədən “İSR Plaza”dan məhrum olduğu deyilirdi. Eyni zamanda biznesmenin özü də Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər səsləndirir, burada böyük miqdarda vəsait itirdiyini bildirirdi. Mətbuata verdiyi bir açıqlamasında Azərbaycanda 75 milyon dollar vəsait itirdiyini bəyan etmişdi.

    Azərbaycandakı biznesində problemlər yaranandan sonra o, Rusiyada işini genişləndirmək üçün fəaliyyətlərini gücləndirir. Dostluq əlaqələrində olduğu Mixail Qutseriyevin sayəsində “Slavneft”də yüksək vəzifələr tutur, eyni zamanda sahibi olduğu şirkətlərin çoxsaylı tenderlərdən qalib çıxmasına nail olur.

    Xəlilovların biznes imperiyası - Azərbaycan “göz yaşları”na necə inandı...

    Milyarder ailəsi ilə qohumluq

    İ.Xəlilov “LUKoyl”un Türkiyədəki nümayəndəliyinin rəhbəri olarkən bu ölkənin ən böyük şirkətlər qrupunun sahibi olan Koç ailəsi ilə yaxınlaşmağı bacarıb. Münasibətlər o qədər yaxınlaşıb ki, 2003-cü ilin sentyabrında böyük oğlu Rəhmanı Koç ailəsinin qızı ilə evləndirib. Nikah münasibətilə təşkil olunan mərasim toydan daha çox ulduzların konsertinə bənzəyib: Eros Ramazotti, Toto Kutunyo, “Cipsi Kinqz” qrupu, Ajda Pekkan, Filipp Kirkorov, Nadejda Babkina, Anjelika Varum, Leonid Aqutin ifaçılar sırasındaydı. Həmin toyda Azərbaycanda ilk dəfə olaraq atəşfəşanlıq olmuşdu. Çoxları o zaman deyirdi ki, bu atəşfəşanlıqla Xəlilov həm də Azərbaycana qayıdışını xəbər verirdi. Çünki onun hakimiyyətə qarşı kəskin çıxışlardan sonra yenidən revanş əldə edəcəyi böyük əksəriyyət üçün gözlənilməz olmuşdu.

    Bu gözlənilməzliyə rəğmən, 2003-cü ilin əvvəlindən o, yenidən Bakıda göründü. Prezident seçkilərindən sonra isə İ.Xəlilov sürətlə Azərbaycandakı biznesini genişləndirməyə başladı. Yeri gəlmişkən, Koç ailəsi İ.Xəlilovun əlaqələri hesabına Türkiyədəki biznesini yetərincə böyüdə bilib, proses indi də davam etməkdədir.

    Xəlilovların Azərbaycandakı biznesi

    Azərbaycanda İ.Xəlilovun biznesinin miqyasları barədə dəqiq məlumat demək olar ki, yoxdur. İSR Holdingin İnternet saytında cəmi 3-4 obyektin adı çəkilir. Saytda şirkətlər qrupunun bir neçə fəaliyyət istiqamətini əks etdirən bölmələrdə eyni ümumi məlumat yerləşdirilib. Bir müddət əvvəl Azərbaycan mediasına müsahibə verən milyarder özü bir sıra obyektlərinin adını sadalamışdı: “Hilton Bakı”, “Park İNN”, “Ramstore” hipermarketi, Bakı Əyləncə Mərkəzi (2016-cı ildə sökülüb), ISR-Plaza, “Mc.Donald’s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Əli Bayramlıda, Xaçmazda meyvə şirəsi zavodları...

    Vergilər Nazirliyinin bazasında isə İSR adıyla dövlət qeydiyyatından keçmiş 11 şirkət var. Bunlar “İSR Azeri and Business Centre” MMC, “İSR Cleanair Azeribaijan” MMC, “İSR Dış Ticaret və Mümessilik Limited” Müəssisəsi, “İSR Flora” MMC, “İSR Holding LLC”MMC, “İSR Holding” MMC, “İSR Kemikl” MMC, “İSR Management” MMC, “İSR Travel” MMC, “İSR İnşaat” MMC, “İSR-Mühafizə” MMC.

    Xəlilovların biznes imperiyası - Azərbaycan “göz yaşları”na necə inandı...

    Lakin Xəlilovların biznesi bunlarla da kifayətlənmir. Onların Azərbaycana yatırdığı investisiyaların konkret məbləği ilə bağlı dəqiq rəqəm də mübahisəlidir. Xəlilovun özü isə yalnız bir layihəsi ilə bağlı dəqiq rəqəm səsləndirir. Milyarderin dediyinə görə, “Azadlıq” meydanındakı “Azərbaycan” mehmanxanasının beş ulduzlu “Hilton” otelinə çevrilməsinə 140 milyon dollar vəsait xərcləyib. 2011-ci ildə holdinqin Türkiyədə Hilton Bodrum Turkbuku Resort&Spa adlı beşulduzlu oteli açılıb.

    Bir neçə il əvvəl isə ata Xəlilovun Azərbaycanda yaradılan “Şahdağ” dağ-idman kompleksini alacağına dair məlumatlar yayılmışdı. Hazırda “İSR” Şirkətlər Qrupunun Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə ofis və filialları fəaliyyət göstərir. Holdinq neft məhsullarının daşınması və satışı, yod istehsalı, maşın ticarəti, pərakəndə ticarət və mehmanxana işi kimi çoxsahəli fəaliyyət sahələri mövcuddur. Azərbaycanda avtomobil biznesi ilə də məşğul olan Xəlilovlar “Toyota Center”in sahibidir. Mərkəz Azərbaycan maşın bazarında önəmli yerlərdən birini tutur.

    İ. Xəlilovun “İSR Trans” Açıq Səhmdar Cəmiyyəti Rusiyada dizel yanacağı və neft məhsullarının daşınması ilə məşğul olan ən böyük şirkətlərdən biridir. 2014-cü ildə “İSR Trans” podratçı şirkət qismində “Rusiya Dəmir Yolları” Qapalı QSC-nin elan etdiyi tenderdə qalib gəlib. Layihənin dəyəri 600 milyon dollar təşkil edir.

    İSR Holding bu gün dünyanın 30 ölkəsi ilə ticarət əlaqələri qurub. ISR Holdinq kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulan 10 iri tonnajlı gəmisi ilə Azərbaycanda, İranda, Orta Asiyada, Misirdə bir sıra neft layihələrinin iştirakçısıdır.

    Vitse-prezident oğullar

    Bütün zəngin adamlar kimi biznesini xələflərinə əmanət eləmək üçün İ. Xəlilov əsas şirkətində oğullarına da iş yeri tapıb. Onlar “İSR holdinq”in vitse-prezidentləridir. 2014-cü ildə İ.Xəlilovun böyük oğlu, Rusiyada fəaliyyət göstərən “ISR Trans” şirkətinin rəhbəri Rəhman Xəlilov Rusiyanın ən iri dəmiryol operatorlarından biri olan “SQ-Trans” ASC-nin Direktorlar Şurasının üzvü seçilib. Bir ara R.Xəlilov erməni əsilli biznesmenin payçı olduğu “SQ-Trans”ı almaq istəsə də, bu sövdələşmə baş tutmayıb.

    Xəlilovların biznes imperiyası - Azərbaycan “göz yaşları”na necə inandı...

    Qeyd edək ki, “ISR Trans” neft və neft məhsullarının dəmiryolu ilə daşınmasını həyata keçirir. Şirkətin on mindən yuxarı çən-vaqonu var. R.Xəlilovun mətbuata verdiyi məlumatdan aydın olur ki, şirkətin illik daşıma həcmi 18 milyon ton təşkil edir. Bu qədər daşıma ilə Rusiyada 3-cü böyük şirkətdir. Şirkətin Xəzər dənizində cəmi 2 gəmisi var: “Ledi Sevda” və “Ledi Leyla”.

    Qeyd edək ki, R.Xəlilov 1977-ci ildə Bakıda anadan olub. Cenevrə Beynəlxalq Universitetinin beynəlxalq biznes fakültəsini bitirib. 2004-cü ildən “ISR Holdinq”in İsveçrədəki bölümü olan “RİROİL” neft ticarət şirkətinə rəhbərlik edir. Neftçalada yod istehsalı zavodunun açılışı layihəsinin təşəbbüskarı və rəhbəridir. Bütün bunlardan əlavə, atasının biznes imperiyasında turizm sektoruna nəzarət də ona məxsusdur.

    Xəlilovların biznes imperiyası - Azərbaycan “göz yaşları”na necə inandı...

    İ.Xəlilovun kiçik oğlu Rauf Xəlilov da holdinqin vitselərindən biridir. O, Azərbaycanın Dağ İdman Federasiyasının prezidentidir. R.Xəlilov ata biznesinin Azərbaycandakı fəaliyyətinə, daha çox isə avtomobil biznesinə rəhbərlik edir: “Toyota” və “Lexus”ların satışını həyata keçirir.

    İ.Xəlilov özü isə Fiqurlu Konkisürmə üzrə Azərbaycan Federasiyasının prezidenti olub. Federasiya rusiyalı idmançılarla işləyirdi, onlar müqavilə əsasında Azərbaycan bayrağı altında yarışlara qatılırdılar. 2013-cü ildə bu postu böyük oğlu Rəhmana həvalə edib.

    Biznes fəaliyyətinin siyasi çaları

    2006-ci ildə İ.Xəlilov daha iki azərbaycanlı milyarder Araz Ağalarov və Telman İsmayılovla bərabər Azərbaycanın ali mükafatlarından olan “Tərəqqi” medalı ilə təltif olunub.

    İ.Xəlilov 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyada qurulan, daha çox Azərbaycan hakimiyyətinə qarşı yönəldiyi bildirilən “Milyarderlər İttifaqı”nın üzvü olur. Bu addımı iş adamının səhvi kimi qiymətləndirilsə də, maraqlıdır ki, onun Azərbaycandakı mövqeyinə hansısa ciddi təsiri olmayıb. Belə ki, 2016-cı ilin iyununda İ.Xəlilov Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə 3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Bundan əlavə, İ.Xəlilov Azərbaycanın Rusiya ilə əlaqələrinin genişlənməsi sahəsində aktiv fəaliyyət göstərir. O, Azərbaycan-Rusiya işgüzar şurasının sədri olaraq şimaldan gələn hökumət üzvləri ilə görüşlərin daimi iştirakçısıdır.

    Dünya SAKİT,
    “Yeni Müsavat”
    PAYLAŞ:

    Oxşar xəbərlər