Əfv sərəncamının verilmə vaxtı Dəyişdirilə bilər - SƏBƏB

Əfv sərəncamının verilmə vaxtı Dəyişdirilə bilər - SƏBƏB
  • Sosial

  • Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin ilk yaz ssesiyasında Heydər Əliyevin 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə "Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

    Deputat qeyd edib ki, cənab prezident İlham Əliyev bunu öz üzərinə götürsün və Milli Məclis bu haqda qanun layihəsi qəbul etsin.

    S.Novruzov onu da əlavə edib ki, bütün siyasi məhbuslar azad olunsun və beynəlxalq təşkilatların narazılığına son qoyulsun:

    "Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”.

    Məsələ ilə bağlı Modern.az-a danışan Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, təmsil etdiyi qurum aramsız olaraq çalışır:

    "Komissiyaya müraciətlər daxil olmaqdadır. Onların hər biri ayrı-ayrılıqda incələnir, müzakirə edilir. Hələ ki, bayramı ərəfəsində ölkə prezidenti tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Bildiyiniz kimi, bu, cənab prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Bu sərəncamla bir çox ailələrin sevinəcəyi danılmazdır. İndiyədək Komissiya 3 dəfə toplanıb, qarşıdakı həftə növbəti toplantılar gözlənilir”.

    Ə.Nuriyev qeyd edib ki, amnistiya aktının qəbul olunması ilə bağlı məsələ birbaşa parlamentin qərarından asılıdır:

    "Bildiyim qədərilə parlament də bu təklifi irəli sürüb. Hər halda möhtəşəm tədbirlərlə əlaqədar amnistiya aktının qəbul ediləcəyi istisna edilmir”

    Əfv Məsələləri Komissiyasının digər üzvü Rəşad Məcid Modern.az-a bildirib ki, əfv sərəncamının verilməsi maya qədər uzana bilər:

    "Çünki müraciətlər çoxdur və hələ də gəlməkdə davam edir. Buna görə işlərin marta qədər yekunlaşacağı dəqiqləşməyib. Amma təbii ki, qərar prezident İlham Əliyevdən asılıdır”.

    R. Məcid eyni zamanda qeyd edib ki, amnistiyanın aktının qəbul olunması parlamentin qərarından asılı olacaq:

    "Əgər belə bir təşəbbüs irəli sürülübsə, bizə də bu təşəbbüsdən irəli gələn məsələləri icra etmək düşür”.

    Xatırladaq ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası yanvarın 30-da, ikinci iclası fevralın 2-də, 3-cü iclası fevralın 8-də keçirilib.

    Qeyd edək ki, müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər