Naftalanda sanatoriyada qadın güllələndi

Naftalanda sanatoriyada qadın güllələndi
  • Hadisə

  • Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub.

    Asiya.az xəbər verir ki, Goranboy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib.
    Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Ə.Hüseynov özü ilə gəzdirdiyi tüfənglə G.Zeynalovanı güllələyib.

    Naftalan şəhərində baş verən güllələnmə hadisəsi ilə bağlı bəzi detallar məlum olub. Lent.az-ın yerli sakinlərdən aldığı məlumata görə, 1987-ci il təvəllüdlü Günay Zeynalovanı güllələyən sürücü Əli Hüseynovdur. O, Naftalana 7 km yaxınlıqda yerləşən Qızıl Hacılı qəsəbəsində yaşayır.

    Bildirildiyinə görə, Ə.Hüseynov avtobus sürücüsüdür. Onun əsas işi sanatoriyaya dincəlməyə gələnlərin Xanlar rayonunda olan "Göy-göl"-ə, Hacı Kənd, Toğana kəndlərinə gəzintilərini təşkil etməkdir. Avtobus sürücülərinə də bu işə, müştəri tapmağa əsasən, Naftalan şəhərindəki sanatoriyalarda işləyən inzibatçılar kömək edir. G.Zeynalova da Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasının inzibatçısıdır. Sürücü ilə müştəri üstündə mübahisə ediblər. Daha doğrusu, gənc qadın sürücüyə bir daha müştəri verməyəcəyini deyib. Mübahisənin sonu qanla bitib. Gənc qadın “Sehrli Naftalan”da güllələnib.

    APA-nın yerli bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq Günay Zeynalova xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ə.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

    Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər