Saçları tez yağlananlara KOSMETOLOQ MƏSLƏHƏTİ

Saçları tez yağlananlara KOSMETOLOQ MƏSLƏHƏTİ
  • Maraqlı / Araşdırma

  • Fəsil dəyişikliyi zamanı ən çox ziyan görən saçlarımız olur. Onlar tökülür, tez yağlanır, seyrəkləşir... Hər gün saç yumaq isə hər adamın işi deyil.

    Asiya.az axşam.az-a istinadən həkim-kosmetoloq Xariqə Quliyevanın saçları tez-tez yağlanan xanımlar üçün məsləhətlərini təqdim edir:

    "Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir. Saçlar bu piyi özlərinə tez hopdurur ki, bunun da nəticəsində onlar pis parıldayır, bir-birinə yapışırlar. Belə saçlara toz və çirk də daha tez yapışır. Əksər hallarda belə saçların üzərində yağlı kəpəklər (yağlı seboreya) görmək olur. Yağlı saçları onlar çirkləndikcə yumaq lazımdır.

    Yağlı saçlara necə qulluq etməli:

    Yağlı saçların yuyulması üçün isti sudan istifadə etmək olmaz. Su nisbətən sərin olmalı, ancaq diskomfort yaratmamalıdır. Heç bir halda saçlarınızı digər tipli saçlar üçün nəzərdə tutulan şampunlarla yumayın. Bu halda piy vəziləri piyi daha çox miqdarda ifraz etməyə başlayır.

    Bu cür haldan əziyyət çəkənlər aşağıdakı maskaları edə bilərlər:

    - Şam və ya küknar ağacının yaşıl iynəli yarpaqlarından 3 xörək qaşığı götürüb üzərinə 1 litr qaynar su əlavə edib, 20 dəqiqə qaynadın. Alınan tərkibi süzərək saçların yuyulmasından əvvəl başın dərisinə sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun.

    - Xırda-xırda doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra saçları yumaq olar.

    - 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su töküb, ağzı bağlı şəkildə minalanmış qabda 15 dəqiqə ərzində vam odda qaynadın, soyudun və süzün. Sonra dəmləməni səliqə ilə başın dərisinə sürtmək, 20-30 dəqiqədən sonra isə saçları yumaq lazımdır.

    - Heyva meyvəsinin mərkəzi hissəsini tumları ilə birlikdə kəsin, xırda doğrayın və üzərinə 1 stəkan su töküb vam odda qaynayana qədər saxlayın. Alınan dəmləməni soyudun və başın dərisinə sürtün. Bu dəmləmə saçların yağlılığını azaldır, yağlı seboreyanı müalicə edir.

    - Yuyulmamışdan qabaq yağlı saçlara kefir və ya qatıq sürtərək 15-20 dəqiqə ərzində dəsmalla bağlamaq da çox xeyirli hesab olunur. Sonra saçları şampun ilə yuyub sirkə qatılmış su ilə yaxalayın.

    - Əgər sizdə xardala qarşı dəri reaksiyası yoxdursa, saçlarınızı yuyarkən aşağıdakı tərkibdən istifadə etmək olar:
    1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırdıqdan sonra bu qarışıqla bir neçə dəfə saçlarınızı yaxalayın. Sonra saçlarınızı yaxşı-yaxşı yuyun".
    PAYLAŞ:

    Oxşar xəbərlər