“Heydər Əliyevə sui-qəsd edən Şahin Musayev dedi ki, Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam”

“Heydər Əliyevə sui-qəsd edən Şahin Musayev dedi ki, Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam”
  • Siyasət / Hərb

  • "Ötən əsrin 90-cı illərinin sonları idi. Ağır dövləti cinayətlərdə, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan general Şahin Musayev Rusiya hüquq mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə onun ekstradisiyası gündəmə gəlmişdi. Lakin Rusiyanın Baş Prokurorluğu bu haqlı tələbi qəbul etməmiş və Şahin Musayev həbsdən azad olunmuşdu. Bir müddət sonra Rusiyadakı səfirimiz Ramiz Rizayev məlumat verdi ki, Şahin Musayev hakimiyyətdən bir təmsilçi ilə görüşmək istəyir və onun arzusu odur ki, görüşdə məhz mən olum. Heydər Əliyevin tapşırığı ilə Moskvada Şahin Musayevlə görüşdüm. Ona hakimiyyətin tələblərini çatdırdım və Bakıya dönməsini tövsiyə etdim. Lakin Şahin Musayev birmənalı bildirdi ki, "mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər".

    Asiya.az xəbər verir ki, bunu "Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov danışıb.

    "Bakıya dönərək söhbət barədə ulu öndərə məruzə etdim. Mən Heydər Əliyevə müraciətlə bəlkə mövzunu prezident Boris Yeltsinlə müzakirə edəsiniz?! O, yəqin, ekstradisiya məsələsinə kömək edər dedim. Heydər Əliyev bir qədər düşündükdən sonra, hətta bir anlıq tərəddüdlə rusiyalı həmkarına zəng etdi. Boris Yeltsinə mövzu barədə geniş məlumat verdi, Şahin Musayevin dövləti cinayətlərdə və şəxsən ona qarşı sui-qəsddə iştirakının məhkəmədə tam təsdiq olunduğunu söylədi. Boris Yeltsinin cavabı isə əslində elə Heydər Əliyevin gözlədiyi kimi oldu: "Heydər Əliyeviç, məsələdən xəbərdaram. Mənə Şahin Musayev barədə məlumat veriblər. O, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər