Prezidentin çıxışını təhrif etdiyi bildirilən APA-nın jurnalistindən açıqlama

Prezidentin çıxışını təhrif etdiyi bildirilən APA-nın jurnalistindən açıqlama
  • Sosial / Manşet

  • "Arxivlər yanmır, əqidə, vicdan da alınıb satılmır..."

    Asiya.az xəbər verir ki, bu il avqust ayının 1-də Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində dövlət başçısının çıxışında prezidentin işlətdiyi ifadəni təhrif etdiyinə görə APA Holding-ın bağlanmasına səbəb olduğu bildirilən APA-nın jurnalisti Ramiz Mikayıloğlu sözü gedən məsələyə öz facebook səhifəsində aydınlıq gətirib:

    "Bu, mənim "Facebook" sosial şəbəkəsində ilk statusumdur. Hər zaman hesab etmişəm ki, jurnalist tərəfsiz olmalıdır, sosial şəbəkələrdən mesajlarla dostlarla yazışmaq, yaxud hər hansı məsələ barədə sosial şəbəkə istifadəçisi olan məsul şəxslərin yazılı mövqelərini öyrənmə üçün istifadə etmək məqbuldur. Ancaq təəssüf ki, illərlə çalşdığım APA ətrafında baş verənlər məni ilk dəfə hər kəs üçün açıq status yazmaq məcburiyyətində qoydu.

    Mən yazılı mediada, həm APA-da çalışdığım dövrdə illərlə müxbir kimi Prezident Administrasiyasında akkreditasiyada olmuşam. Rəsmi tədbirlərdə prezident Heydər Əliyev, sonra isə prezident İlham Əliyevin çıxışlarını yazmışam. Dəvət olunmadığımız tədbirlərdə də dövlət başçısının çıxışını Azərbaycan Dövlət Televiziyasının xəbər buraxılışlarında telekanalın internet saytından izləmişəm və operativ qaydada yazaraq təqdim etmişəm. Bu yazılarla bağlı heç zaman hər hansı bir irad olmayıb.

    Bu il avqustun 1-də Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində dövlət başçısının çıxışını Axərbaycan Dövlət Televiziyasında dinləyib, APA üçün xəbərlər hazırlamışam. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsdyönlü siyasət işğalçı xunta rejimin çökməsində mühüm rol oynayıb, bu siyasəti də mən bir vətəndaş və jurnalist olaraq hər zaman dəstəkləmişəm. Dövlət başçısı avqustun 1-də mərasimdə çıxışında da bu məqamı xüsusi vurğulayıb və bu, bir jurnalist, vətəndaş olaraq məni qürurlandırıb.

    Onlayn mediada çalışan hər bir jurnalist həmkarımız, onlayn mediaya rəhbərlik edən hər bir şəxs yaxşı bilir ki, operativliklə əlaqədar bəzən yanlışlıqlardan qaçmaq mümkün olmur. Dünyanın aparıcı media orqanlarının təcrübəsi də bunu təsdiqləyir. Onlayn media orqanları bu yanlışları operativ qaydada aradan qaldırır, ehtiyac yarandığı halda da yazılı üzrxahlıq edir. Avqustun 1-də Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində dövlət başçısının çıxışından xəbər hazırlayarkən həmin məqam internetdə ani donma olub. Bu səbəbdən də oxucuara daha operativ çatdırmaq niyyəti ilə sürətlə hazırladığım xəbər zamanı mən də ani texniki yanlışlığa yol vermişəm. "Ermənistanı daha da sarsıdacağıq" ifadəsi "Ermənistanı çökdürəcəyik" ifadəsi kimi qeyd olunub.

    Xəbərin APA-da dərcindən bir müddət sonra AzərTAC-da dövlət başçısının çıxışı tam dərc olunub. Mən ənənəvi olaraq bir daha bu çıxışı oxumuşam və hazırladığım yazıda bu ifadə xəbərdə başlığa çıxdığı üçün diqqətimi cəlb edib. Ancaq o anda məndə məhz "Ermənistanı çökdürəcəyik" ifadəsini çıxışda eşitdiyimə bir əminlik olduğu üçün bir daha AzTV-nin internetdə ( Myvideo sistemində arxivdə ) saat 17.00 buraxılışın tapıb, dövlət başçısının çıxışını bir daha izləmişəm. İfadədə yazılış zamanı yanlışlığa yol verdiyimi görüb, redaktordan ifadənin olduğu kimi əvəzlənməsini xahiş etmişəm və ifadə dərhal düzəldilib. Eyni zamanda telefonla Lent.az-a da zəng açmışam, APA-ya istinadən verilən həmin xəbərdə ifadənin dəqiq yazılmasını xahiş etmişəm. Xəbərin rus dilinə tərcüməsində də ifadə dəqiqləşdirilib. Bu yanlış aradan qaldırılana qədər hər hansı dövlət orqanı tərəfindən hər hansı xəbərdarlq olmayıb. Bundan 15-20 dəqiqə sonra APA-da üzrxahlığı görəndə də təəccüblənmişəm və redaktordan ifadədəki yanlışlığı düzəltdiyimiz halda nə üçün üzr üstədiyimizi soruşmuşam. Səbəb olaraq APA-ya istinadən bundan əvvəl həmin başlıqla xəbərin yayıldığı və rus dilinə bu ifadənin tərcüməsinin fikri daha yanlış ifadə etməsi bildirilib.

    Mən həmin gün, avqustun 1-dən 2-ə keçən gecə APA rəhbərliyinə bildirmədən Prezident Administrasiyasının saytında dövlət başçısına da onlayn formada məktub yazmışam, xəbər hazırlanakən tələskənlikdən qaynaqlanan yanlışlığı üzürlü saymağı xahiş etmişəm. Eyni zamanda vicdanımın rahat olması üçün məsuliyyətin fərdi qəbul edilməsini xahiş etmişəm.

    Bir məqamı da qeyd etmık istəyirəm. APA-ya istinadən bu xəbəri həmin başlıqla media orqanlarında yayımlayanlar dövlət başçısının AzTV-dəki çıxışına qulaq asmamışdılar?! Əksəriyyətinin o çıxışı dinlədiyinə şübhəm yoxdur. Ancaq onlar da düşünə bilməzdi ki, hər hansı texniki yanlış var, çünki dövlət başçısının çıxışındakı ümumi fikir təhrif olunmur. "Ermənistanı daha da sarsıdacağıq" ifadəsi "Ermənistanı çökdürəcəyik" ifadəsinin əksi deyil, burada antonim söz işlənməyib ki, fikir təhrifi olsun. Burada texniki yanlışdan söhbət gedə bilər. Rus dilinə tərcümədə bu texniki yanlışın fikrin səhv ifadə olunmasına qədər gətirib çıxaracaq təəssürat yaratmasını da anlayıram və buna görə də şəxsən dövlət başçısından bu yanlışlığa görə üzrlü sayılmağımı xahiş etmişəm.

    Bir məqamı da qeyd etmək istəyirəm. Mən jurnalistikaya başladığm dövrdən hər zaman Heydər Əliyev siyasi kursunu, prezident İlham Əliyevi dəstəkləmişəm, bunu yazılarımda ortaya qoymuşam. Bunu mənimlə çalışmış baş redaktorlar, qəzetlərin arxivi də təsdiqləyə bilər. 2003-cü ildə prezident seçkiləri ərəfəsində və sonra yazdığım yazılar da arxivlərdən silinməyib. Ancaq elə o zaman da müxalif mediada çalışan peşəkar jurnalistlərin müstəqil və hakimiyyət yönümlü media orqanlarıının rəhbərliyinə gətirilməsini doğru saymışam. Mənim bir zaman çalışığım hakimiyyət yönümlü qəzetə də "Yeni Müsavat" qəzetində redaktor kimi şalışan şəxs baş redaktor təyin olunub və bu qəzetin uğurları üçün çalışıb. APA yaradılanda da müxalif görüşlü jurnalistlər bu agentliyə dəvət olunub və agentlikdə müəyyənləşdirilmiş informasiya siyasəti çərçivəsində çalışıblar. Bu gün həmin jurnalistllərin siyasi yönümü əsas gətirilərək APA-nı ittiham etməyi tamamilə ədalətsiz, riyakar yanaşma sayıram. Bu jurnalistlərdən biri olan Şahin Cəfərlinin siyasi baxışlarını əsas gətirən eynullaların da ömürlərinin bir anında vicdanları qarşısında əzab çəkəcəklərinə əminəm.

    Eynulla Fətullayevə isə əqidə müqayisəsi lazımdırsa, fəaliyyətimlə bağlı arxivlərdə çalışmağa dəvət edirəm. Arxivlər yanmır, əqidə, vicdan da alıb satılmır...

    Mən hər zaman dövlətçiliyi birmənalı müdafiə etmiş, son Gəncə və Mingəçevir hadisələri zamanı da bunu sübut etmiş APA-da çalışmağımla fəxr etmişəm və hər zaman da fəxr edəcəm".


    Prezidentin çıxışını təhrif etdiyi bildirilən APA-nın jurnalistindən açıqlama
    PAYLAŞ:

    Oxşar xəbərlər