Qəbələdə ölən və yaralanan turistlərin təhlükəsizliyinə kim cavabdeh idi? (AÇIQLAMA)

Qəbələdə ölən və yaralanan turistlərin təhlükəsizliyinə kim cavabdeh idi? (AÇIQLAMA)
  • Sosial / Manşet

  • "Turistlərin təhlükəsizliyi məsələsi Dövlət Turizm Agentliyin daim diqqətindədir. Bu məsələ ilə bağlı mütəmadi olaraq müvafiq sənədlər hazırlanır və digər dövlət qurumları ilə müzakirə edilir".

    Bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. O, turizmlə bağlı bütün lisenziyalar ləğv edildiyindən birbaşa turizm şirkətinin fəaliyyətinə nəzarət etməyin mümkün olmadığını diqqətə çatdırıb:

    "Ümumi nəzarət var, amma konkret olaraq turizm şirkətlərinin fəaliyyətinə nəzarət qeyri-mümkündür. Hadisə ilə bağlı FHN və DİN araşdırma aparacaq və biz də onlarla əlaqə saxlayaraq məsələni dəqiqləşdirəcəyik. Əlbəttə bu, hansısa turizm şirkətinin fəaliyyətindəki nöqsanlarla bağlıdırsa, qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar".

    Qurum rəsmisi həmçinin bildirib ki, evini turistlərə icarəyə verən şəxslərdən xüsusi sənəd tələb olunmur:

    "Hər bir Azərbaycan vətəndaşı Vergilər Nazirliyində qeydiyyatdan keçməklə turizm fəaliyyəti ilə məşğul ola bilər. Bunun da bir növü də mülkü icarəyə verməkdir. Hər bir evin təhlükəsizliyi ilə bağlı texniki sənədləri olmalıdır, lakin bunun üçün xüsusi sənəd tələb olunmur".

    Qəbələ rayonunda kirayə qaldıqları evdə baş vermiş yanğın zamanı xəsarət alanlardan 2-si Bakıya göndərilib.

    Bu barədə Qaynarinfo-ya Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Fikrət Cəfərov məlumat verib.

    "Hadisə ilə bağlı xəstəxanaya 6 nəfər gətirmişdilər. Onlardan 2-si Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə göndərilib. O birilər isə buradadır, Qəbələdə başqa bir evə köçürülüblər".

    Qeyd edək ki, hadisə zamanı Suriya vətəndaşı, 1995-ci təvəllüdlü Arua Adnan Əl-Həmidi aldığı xəsarətlərdən hadisə yerindəcı ölüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər