Qanlı repressiyaya start verən o məqalə

Qanlı repressiyaya start verən o məqalə
  • Maraqlı / Araşdırma / Manşet

  • 1937-ci ildə yüzlərlə Azərbaycan ziyalısının Stalin rejiminin diqtəsilə sürgün edildiyi və güllələndiyi hər kəsə bəllidir. Necə oldu ki, elə həmin ildə tələbə öz müəllimini, qardaş-qardaşı, dost-dostu satmaq məcburiyyətində qaldı? Bu qanlı tarix hansı hadisədən sonra start götürür?

    A24.Az “1936-1938-ci illərdə Azərbaycan mətbuatının arxivi”ndə apardığı araşdırma sonrası repressiya küləyini başladan mətni aşkara çıxarıb. Beləki 1937-ci ildə – “Ədəbiyyat qəzeti”nin “24”-cü nömrəsində dərc olunan “Averbaxçılığın kökünü kəsmli” adlı məqalədə (“Kommunist” qəzetinin 17 may tarixli məqaləsi) digər sovet ölkələri nümunə gətirilərək Azərbaycan ədəbi mühitindəki vəziyyət kəskin tənqid olunur. Qeyd olunur ki, “Kommunist” partiyasının 1932-ci ildə bu yöndə verdiyi qərarlar Azərbaycan ədəbi mühitinə təsir etməyib:

    “Söz yox ki, ifşa edilmiş xalq düşmənləri ikiüzlü, alçaq Ruhulla Axundov, Əhməd Triniç, Əli Kərimov, Əli Nazim və başqaları öz antisovet fəaliyyətləri ilə sovet ədəbiyyatının və incəsənətinin inkişafına böyük əngəllər törətmişlər, lakin bu xalq düşmənlərinin ədəbiyyat təşkilatlarında bir sıra havadarlarları və quyruqları da olmuşdur ki, onlar ədəbiyyat mühitində averbaxçılığı birbaşa yayan və müdafiə edən olmuşlar”.

    Qəribədir ki, sonralar sovet ədəbiyyatının ən parlaq nümayəndələrinə çevrilən Mehdi HüseynSəməd Vurğun bu mətndə ən kəskin tənqid olunanlar sırasındadır:

    “Uzun zamandır konurrevolysioner Əhməd Triniçlə həmfikir olan Mehdi Hüseynin bu müşavirədə (həmin ərəfədə yazıçılar ittifaqının dram seksiyasında keçirilən müşavirə nəzərdə tutulur. S.A) averbaxçılığı haqqında danışmamaq, onun uzun zaman teatro sahəsində RAAP platformasını yürütməməsi, böyük sovet dramaturqu Cəfər Cabbarlının əsərlərinə qarşı mənfi əlaqəsini ifşa etmək nə deməkdir?”

    Məqalədə Mehdi Hüseynin “Ədəbi döyüşlər” kitabında Cəfər Cabbarlının əsərlərini sovet ədəbiyyatı üçün müvəffəqiyyət saymaması, Nəzərlinin və Süleyman Rüstəmin “Yanğın” pyesini sovet dramaturgiyasının ilk əsəri adlandırması kəskin şəkildə tənqid olunur: “Mehdi Hüseynin çaldığı bu havalar averbaxçılıq hvası deyil, bəs nədir? … o, sovet yazıçılığına ləyaqəti olmayan, əxlaqsız B.A.Talıblının (Böyükağa Talıblı) “maraqlı yaradıcılığı” haqqında əsər yazılmamasına təəssüf edir. …o, bolşevik yazıçısı Panfyorovun “Bruski” romanını Sabit Rəhman kimi məsuliyyətsiz redaktora verərək Azərnəşrə 18 min manat ziyan vurmuşdur”.

    Mehdi Hüseynlə yanaşı repressiyaya hazırlanan digər şair və yazıçılar Səməd Vurğun, Əli Vəliyev, Seyfulla Şamilov idi. (Beləki, Seyfulla Şamilov repressiya olunan şair və yazıçılar haqqında nə qədər mənfi fikirlər, təhqirlər söyləsə də, özü də repressiyadan canını qurtara bilmədi):
    “Hamı özünütənqid haqqında danışır, lakin heç kəs, o cümlədən yazıçılar ittifaqının rəhbərləri (S.Şamilov, S.Vurğun, Ə.Vəliyev) özləri özünütənqidi genişləndirməyə cəsarət etmirlər. …İttifaqın sədri (Yazıçılar İttifaqının sədri (1936-1938) Seyfulla Şamilov və katib Səməd Vurğun nəinki qruppaçılıqla mübarizə edirlər, hətta öz hərəkətləri ilə buna meydan verirlər!. Yazıçılar arasında məişət pozğunluğu nümunəsi olaraq Zinət Zakirovun və Q. Stroqonovun hərəkətlərini göstərmək olar. Onlar tək deyildir. Yazıçı Şuxovun ailə pozğunluğu ilə əlaqədar yazıçıların arvadlarının müşavirəsi çağrılsaydı, Himmət Əlizadə kimi yazıçıların öz arvadları ilə etdikləri vəhşi rəftarlar gizlin və etinasız qalmazdı. Əli Nəzminin öz arvadına qarşı vəhşi hərəkətindən, yazıçılar ittifaqı bir ibrət dərsi alardı.

    Məqalənin sonunda yazıçılar ittifaqına ədəbi mühiti “billur kimi saflaşdırmaq”. “Yalnız prinsipial, bolşevikcəsinə iş şəraitində sosialist sənətinin yüksəlişi məsələləri” ilə məşğul olmaq tövsiyyə olunur.

    Bu məqalənin ardınca ədəbi mühitdə olduqca ciddi dəyişiklik start götürür. Şair və yazıçılar sürgün, güllələnmədən qorxaraq ən yaxın dostları haqqında kəskin məqalələr yazmağa başlayır.

    Qeyd edək ki, bu yöndə araşdırma nəticəsində əldə etdiyimiz – repressiya dönəmi Azərbaycan mətbuatında gizlin qalan bir sıra materialları yayımlayacayıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər