Anasının yasında ağlayaraq selfi edən şəxsin qardaşı danışdı- Video

Anasının yasında ağlayaraq selfi edən şəxsin qardaşı danışdı- Video
  • Sosial

  • İnsanların gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaları artıq adi hala çevrilib.

    Asiya.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu hal hətta o dərəcədə adiləşib ki, onlar yas yerlərindən belə şəkil və ya videolarını çəkib öz kədərlərini sosiallaşdırırlar.

    Məsələn, Azərbaycanda yas yerindən selfi edərək sosial şəbəkələrdə paylaşıblar.

    Vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, “Qoy duysun hamı... Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm”, - deyə selfi edərək paylaşıb.

    Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözügedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.

    Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri ola bilər.

    Gülnar Orucovanın sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.

    Azxeber.com hadisə ilə bağlı mərhumun oğlu Əliağa Cəfərov ilə əlaqə yaradıb.

    O hadisənin təfərrüatını danışıb.

    - Necə oldu ki, bacınız yas mərasimində "selfi" çəkmək qərarına gəldi?

    - Mən çox əsəbiyəm, neçə gündür ki, ailəmiz özünə gələ bilmir. Hadisənin təfərrüatını sizə danışmaq istəyirəm. Həmin xanım dekabr ayının 2-də dünyasını dəyişib. Mərhumun qızı da o videonu çəkərək Türkiyədə yaşayan yaxın qohumumuza göndərib. Bunu ona görə edib ki, həmin şəxs o anda ölkəyə gələ bilməyib. Sadəcə o burada olmadığı üçün özünü günahkar hesab edib deyə bu video ona göndərilib ki, sakitləşsin. Burada qeyri-adi nə var axı? Hamımızın qohumu biz yanında olmayanda ölə bilər. Bu heç də günah deyil.

    - Bəs necə oldu ki, video bu qədər geniş yayıldı?

    - Videonu hansısa vicdansız, hansısa qeyrətsiz yayıb. Biz bunu axtarırıq, artıq məsələ ilə bağlı bütün qurumlara məlumat verilib, onlar araşdırma aparır. Biz hələ də bilmirik ki, videonu kim yayıb, kim paylaşıb. Bu ilk olaraq "vatsap"da yayılıb, sonra isə "facebook" və "instagram"da paylaşılıb. Kimin etdiyini isə bilmirəm, ancaq mən bu işin sonuna qədər gedəcəm və o adamı tapıb, cəzalandıracam.

    - Ola bilərmi ki, bu videonu göndərdiyiniz adamın özü yayıb?

    - O adam bizim yaxın qohumumuzdur, mənim nənəmdir. O necə yaya bilər? Mən özümdən çox ona inanıram, o yaymayıb.

    - Sosial şəbəkələrdə bu "selfi"yə görə ailənizi tənqid etdilər. Bu haqda nə deyə bilərsiz?

    - Hansısa şərəfsiz bu videonu yayıb, başqa şərəfsizlər də yazıb ki, guya mənim bacım bunu reytinq xatirinə edib. Görəsən, bunu edənlərin Allahı yoxdur, onların yaxınları ölməyib? Adam da anasının ölümündən reytinq qazanar? Mən hər birindən şikayət etmişəm və bizi söyənlər cəzalarını alacaqlar. Bu reytinq xatirinə edilməyib, sadəcə xaricdə yaşayan qohumumuza göndərilib ki, sakitləşsin.

    - "Selfi" çəkən xanım bu video bu qədər geniş yayılandan sonra özünü necə hiss edir?

    - O ananın ölümü psixoloji sarsıntı keçirmişdi, bu da ona növbəti zərbə vurdu. Hələ də özünə gələ bilmir. Bilmirik ki, anamıza ağlayaq, yoxsa hansısa vicdansızın bu hərəkətinə.

    - Son olaraq nə demək istərdiz...

    - Mən sizin sayta minnətdaram ki, bu məsələni birtərəfli vermədiz. Bunu reytinq xatirinə yayanları isə Allaha tapşırmışam.


    PAYLAŞ:

    Oxşar xəbərlər