Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək

Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

    Asiya.az xəbər verir ki, burada Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsaslarının və bu məsələyə baxılması qaydasının dəqiqləşdirilməsidir.

    Nizamnaməyə 23-1-ci (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası) maddəsi əlavə edilib.

    Maddəyə əsasən, Milli Məclisin sədri əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirən Milli Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

    Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarət idi. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib.

    Bundan sonra Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Əvvəllər isə iş təcrübəsi müddəti nəzərdə tutulmurdu.

    Parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb.

    Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

    Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin asayı 7-dən 11-ə çatdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər