Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı sakinləri ilə görüş olub

Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı sakinləri ilə görüş olub
  • Sosial

  • Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüşüb.

    Asiya.az xəbər verir ki, 25 fevral 2019-cu il tarixdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin 200 nömrəli tam orta məktəbdə rayon ərazisində məskunlaşmış Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüşü olub.
    Əvvəlcə, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib.

    A.Fərzəliyev Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğunu, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyini xüsusilə diqqətə çatdırıb.

    Natiq, çıxışında Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edərək, bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edildiyini və Ulu Öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
    Həmçinin bildirilib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Möhtərəm Prezidentimizin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gərgin fəaliyyəti, zəhməti nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
    Tədbirdə erməni vandallarının törətdiyi qətliam Xocalıdan olan şəhid ailələri tərəfindən tarixdə ən dəhşətli faciə kimi qiymətləndirilib. Eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqları vurğulanaraq, ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığı söylənilib.

    Xocalıdan olan şəhid ailələri çıxışlarında Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd ediblər. Onlar, eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması, bu və ya digər problemlərinin həlli istiqamətində böyük işlərin görüldüyünü vurğulayıblar.

    Tədbirdə Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun mənfur düşmənə qan udduraraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdiyi aprel döyüşləri, uğurlu Naxçıvan əməiyyatları xatırlanaraq, Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər