Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
  • Cəmiyyət / Manşet

  • Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

    Asiya.az xatırladır ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

    Bu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib.

    Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.

    Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 9-u, müxbir üzvlərindən isə 12-si qadındır.

    Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,6 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,0 faizi qadınlardır.

    Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, ölkə qadınlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

    Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günüdür.
    PAYLAŞ:

    Oxşar xəbərlər