Daşkəsəndə Soyqırım Günü qeyd edilib

Daşkəsəndə Soyqırım Günü qeyd edilib
  • Cəmiyyət

  • 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında dəyirmi masa təşkil olunub.

    Asiya.az xəbər verir ki, əvvəlcə soyqırıma məruz qalan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Tədbiri Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev açaraq deyib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir .1918-ci ilin mart ayından etibarən guya əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir”.

    Əhəd Abıyev nitqində xüsusilə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyası, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə apardığı uğurlu təbliğat işləri nəticəsində ermənilərin qəddarlığı, haqsızlığı, Azərbaycan torpaqlarını işğal etmək niyyəti dünyaya bəlli olur.

    Rayon rəhbəri çıxışının sonunda belə deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır”.

    Digər çıxış edənlər də tarix boyu ermənilərin yaltaq, riyakar olması, dünya miqyasında görünməmiş qəddarlıqlar törətmələri barədə fikirlərini tədbiri iştirakçılarına çatdırıblar.

    Elmar ƏLİYEV
    RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı
    PAYLAŞ:

    Oxşar xəbərlər