Ermənistanda fəxri ad almış azərbaycanlılar - SİYAHI - FOTO

Ermənistanda fəxri ad almış azərbaycanlılar - SİYAHI - FOTO
  • Cəmiyyət, Manşet

  • Azərbaycan xalqının incəsənət sahəsindəki uğuru hər kəs tərəfindən qəbul olunur.

    Hansı ölkədə yaşamaqlarından asılı olmayaq, soydaşlarımız öz istedadları ilə tarixən gərgin münasibətlərdə olduqları ermənilərin də rəğbətini qazanıblar.

    Asiya.az sovet dövründə Ermənistanın fəxri adlarını qazanan azərbaycanlıların siyahısını təqdim edir.

    Ermənistan xalq artistləri
    Ermənistanda fəxri ad almış azərbaycanlılar - SİYAHI - FOTO

    Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov - 1962-ci ildə Ermənistanın xalq artisti adını qazanıb. Daha çox maestro Niyazi adı ilə tanınmış dirijor və bəstəkar 1912-ci il avqustun 7-də Tiflisdə anadan olub. Azərbaycana bir çox musiqiçilər bəxş etmiş tanınmış Hacıbəyovlar nəslindən olan maestro Niyazi 1951 və 1952-ci illərdə Stalin mükafatı, 1959-cu ildə isə SSR xalq artisti adını qazanıb. Yalnız bundan sonra onun istedadı Ermənistan SSR-də qiymətləndirilib. Niyazi Tağızadə-Hacıbəyov 1979-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru kimi çalışmağa başlayıb. Dirijor-bəstəkar 1984-cü il avqustun 2-də Bakıda dünyasını dəyişib.

    Zeynəb Xanlarova - 1978-ci ildən Ermənistan SSR xalq artistidir. 1936-cı il dekabrın 28-də Bakıda anadan olan Z.Xanlarova Azərbaycanın ən məşhur müğənnilərindən biri olub. Tez-tez qastrol səfərlərində olan sənətçi Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da xalq artisti adını qazanıb.

    1980-ci ildə isə Zeynəb Xanlarova SSRİ xalq artisti fəxri adını alıb. O, hazırda Azərbaycan Milli Məclisinin deputatıdır.

    Sürəyya Sədrəddin qızı Qacar
    - 1954-cü ildə Ermənistan SSR xalq artisti adını qazanmış məşhur opera müğənnisidir. O, 1910-cu il mayın 1-də Şuşa şəhərində andan olub. 1927-ci ildən Azərbaycan Opera və Balet Teatrının, 1940-cı ildən isə Dövlət Filarmoniyasının aparıcı solisti olub. 1946-1957-ci illər ərzində Sürəyya Qacar Ermənistan Dövlət Filarmoniyasının solisti olub. 1992-ci ildə dünyasını dəyişib.

    Əməkdar artistlər

    Yunis Hacı Süleyman oğlu Süleymanov - 1935-ci ildə Ermənistanın əməkdar artisti adını qazanmış azərbaycanlılardan biridir. Daha çox yaradıcı təxəllüsü il - Yunis Nuri adı ilə tanınan aktyor 1878-ci il yanvarın 23-də İrəvanda anadan olub. O, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri sayılır. Ömrü boyunca İrəvanda yaşayan və yaradan Y.Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.

    Əli Fətullah oğlu Şahbazlı - 1945-ci ildə Ermənistanın əməkdar artisti adına layiq görülüb. 1896-cı ildə anadan olmuş Ə.Şahbazlı da Azərbaycan İrəvan Dram Teatrı ilə sıx bağlı olub. Teatrda rejissor və aktyor kimi çıxış edən soydaşımız 1973-cü ildə dünyasını dəyişib.

    Əməkdar rəssam

    Cabbar Əli oğlu Quliyev - 1967-ci ildə Ermənistanın əməkdar artisti fəxri adını alıb. O, 1922-ci ildə Zəngibasar mahalında anadan olub. Böyük Vətən müharibəsi zamanı Mehdi Hüseynzadə ilə birlikdə İtaliyada partizan hərəkatında iştirak edib. Müharibədən sonra Cabbar Quliyev İrəvan teatrında rəssam kimi çalışıb və yerli ali təhsil müəssisələrindən birində dərs deyib. 80-ci illərin sonlarında isə Azərbaycan köçməyə məcbur olub. Hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

    Əməkdar İncəsənət xadimləri

    Sabir Ələkbər oğlu Rzayev - 1975-ci ildə Ermənistanın əməkdar incəsənət xadimi adını qazanıb. O, 1924-cü il aprelin 17-də İrəvan şəhərində anadan olub. Tanınmış kino tənqidçisi, kinoşünas və ssenarist kimi bütün ömrünü Ermənistan kinematoqrafiyasının inkişafına həsr edib. Sabir Rzayev erməni kino tənqidçiliyi sənətinin əsasını qoyub və uzun illər Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini, Ermənistan Kinematoqrafçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb. O 1978-ci il dekabrın 20-də İrəvanda vəfat edib.

    Baxşı Həsən oğlu Qələndərli
    - Ermənistan SSR əməkdar incəsənət xadimi. Tanınmış teatr rejissoru 1903-cü il iyulun 20-də anadan olub. O uzun illər ərzində (1934-1951) Azərbaycan İrəvan teatrının baş rejissoru kimi çalışıb. Daha sonralar isə Naxçıvan Dövlət Musiqili Dram teatrında baş rejissor kimi çalışıb. B. Qələndərli 1985-ci il sentyabrın 14-də Naxçıvanda vəfat edib. Onun cənazəsi İrəvanda dəfn olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər