Rusiya ilə ABŞ arasında “Qarabağ yarışı” – MÜNAQİŞƏNİN HƏLLİ YAXINDIRMI?

Rusiya ilə ABŞ arasında “Qarabağ yarışı” – MÜNAQİŞƏNİN HƏLLİ YAXINDIRMI?
  • Dünya

  • "Rusiya real təkliflər ortaya qoymasa, gözlər yenidən ABŞ-a yönələcək”

    Asiya.az xəbər verir ki, sfera.az-a açıqlamasında bu sözləri Rusiyalı politoloq Sergey Markovun Dağlıq Qarabağ uğrunda ABŞ-la Rusiya arasında rəqabətin başlanmasına işarə vurmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən aktivləşmə müşahidə olunur:

    "Həqiqətən son aylar ATƏT-in Minsk qrupu üzrə həmsədr ölkələrindən olan iki dünya gücü arasında Dağlıq Qarabağ məsələsində rəqabət prosesi güclənib. Bu bilavasitə ABŞ-ın həmin məsələdə müəyyən qədər aktivləşməsilə bağlıdır. Bunu Trampın məsləhətçisi Con Boltonun regiona səfəri zamanı da müşahidə etdik. Bundan sonra ardıcıl olaraq bir neçə açıqlama gəldi. ABŞ-ın təşəbbüsü ilə həmin istiqamətdə Avropada görüşlər də oldu. İndi isə dövlət katibi Pompeonun iştirakı ilə Vaşinqtonda da belə bir görüşün keçirilməsi gözlənilir.Bu təklif XİN rəhbərlərinin Moskva görüşündən dərhal sonra ortaya çıxıb. Bu faktın özü də göstərir ki, digər bölgələrdə, Yaxın Şərq, Ukrayna, Gürcüstanda olduğu kimi Azərbaycan və Ermənsitanı əhatə edən münaqişədə də dünya gücləri arasında rəqabət yaranıb”.

    Ekspertin qənaətinə görə bu rəqabətin münaqişənin həlli prosesinə müsbət və mənfi təsirləri ola bilər: "Müsbət tərəfi odur ki, ən azından Dağlıq Qarabağ probleminin həlli məsələsi qlobal səviyyədə yenidən aktuallaşır. Bu da təbii ki, moderator rolunda çıxış edən Rusiyanı narahat edir. Əslində Rusiyalı politoloq Markovun açıqlaması da buna hesablanıb. Son Moskva görüşündə konkret təkliflərin ortaya qoyulması cəhdi də bilavasitə buna xidmət edir. Yəni, Rusiya kiçik də olsa nəsə etmək istəyir ki, nəzarəti yenidən özündə saxlasın. Ancaq bu təkliflər kiçik olduğundan ciddi nəticələrə gətirib çıxarmayacaq. Bunu ABŞ da bilir. Vaşinqton da gözəl anlayırlar ki, Moskva problemi həll etmək marağında deyil. Çünki Moskva hələ də əndişələnir ki, problem həll olunarsa, hər iki ölkə gələcəkdə Qərbə inteqrasiya xəttini götürər. Rusiya real təkliflər ortaya qoymasa, gözlər yenidən dünyanın bir nömrəli gücü olan ABŞ-a çevriləcək. Belədə Rusiya bir çox addımları atmaq məcburiyyətilə üz-üzə qoyulub. ABŞ da bunu anladığından hərəkətə keçib və prosesi öz əlinə keçirmək istəyir. Sadəcə, ortada Bolton planından danışılsa da hələlik ABŞ həmin istiqamətdə konkret plana malik deyil. Ola bilər, gələcək perspektivdə belə bir strateji plan meydana çıxsın. Hər bir halda ABŞ problemi öyrənməyə başlayıb ki, gələcəkdə həll istiqamətində ortaya konkret planlar qoysun”.

    Qeyd edək ki, bu günlərdə Rusiyalı politoloq Sergey Markov mətbuata açıqlamasında bildirib ki, ABŞ-la Rusiya arasında Dağlıq Qarabağ uğrunda yarışma başlayıb. Hər iki dövlət arasında sözügedən konfliktin tənzimlənməsi istiqamətində rəqabət gedir.
    PAYLAŞ:

    Oxşar xəbərlər