101 yaşlı Cümhuriyyətimiz

101 yaşlı Cümhuriyyətimiz
  • Siyasət / Manşet

  • 101 il öncə Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının Şərqdə ilk demokratik respublikanı elan etmələri tariximizə qızıl hərflərlə yazılıb

    Asiya.az xəbər verir ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı gündür. 101 il öncə Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk demokratik respublikanı quraraq, tariximizə qızıl hərflərlə şərəfli səhifə yazdılar. AXC türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir.
    İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda Respublika Günü kimi qeyd olunur. 1990-cı ildə Cümhuriyyət Gününün dövlət bayramı kimi qeyd edilməsi barədə qərar verilib.

    AXC xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Demokratik respublikamızın yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. Cümhuriyyətin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı, eyni zamanda xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görüb, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib.

    101 yaşlı Cümhuriyyətimiz


    Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski olub. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə - Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
    Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyətimiz olub. O cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
    101 yaşlı Cümhuriyyətimiz

    Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
    1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Cümhuriyyətimizin üçrəngli bayrağı qəbul edilib. O zamana qədər bayrağımız qırmızı rəngdə idi.
    Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq süquta uğradıldı. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi
    Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər