Rusiya Avropa İttifaqındakı seçkinin qalibidirmi?- Araşdırma

Rusiya Avropa İttifaqındakı seçkinin qalibidirmi?- Araşdırma
  • Araşdırma / Manşet

  • PUTİN AVROPA İTTİFAQINDAKI SEÇKİNİN QALİBİDİRMİ? –"Rusiyanın müdaxiləsi" Le Pen və Salviniyə ümid etdikləri zəfəri təmin etməyib

    Asiya.az bildirir ki, Avropa İttifaqının 28 ölkəsi ötən həftə Avropa Parlamentinə seçkilər keçirib. 751 yerlik Avropa Parlamenti Aİ-nin üst səviyyəli qərar vermə təşkilatı olmasa da, onun tərkibi müəyyən daxili siyasətlərə əhəmiyyətli təsir göstərir.

    Bu seçki, həmçinin 500 milyon Aİ əhalisinin siyasi mövqeyini qiymətləndirmək üçün bir fürsətdir.

    Əvvəlki illərdə olduğu kimi, bu seçkilər də populizmin Avropa siyasətində böyük qüvvə halına gəldiyini göstərib. Ultra-sağçılar və avroskeptiklərin partiyaları güclərini sərgiləyib. Marin Le Penin Milli Yığıncağı (əvvəllər Milli Cəbhə) Fransada səslərin 23%-ini və Matteo Salvininin Liqa Partiyası İtaliyada səslərin 34%-ini qazanıb.

    Son bir neçə ildə populistlər parlamentdə əhəmiyyətli sayda mandat qazandıqda, Aİ sorğularında Rusiyanın müdaxiləsi ilə bağlı bir daha suallar qaldırılır. Bir çox avropalı demokratik seçiminin rus pulları və yüksək səviyyədə üstünlük təşkil edən dezinformasiya kampaniyaları ilə nə dərəcədə pozulmasına dair dərin fikrə dalır.

    Həqiqətən, Rusiyanın bu cür qüvvələri aktiv olaraq dəstəklədiyini inkar etmək çətindir. Sadəcə, Rusiya yayımçısı olan RT-yə nəzər yetirmək kifayətdir. Amma bu səylərin faktik miqyası nə qədərdir və bu səylər nə qədər effektivdir?

    Bu suala iki məşhur cavab var: birincisi, Rusiyanın ictimai rəylə manipulyasiya etmək üçün bir sıra vasitələrdən istifadə etməsi (hakerlərdən tutmuş trollara və mediada təbliğatdan ta populistlərin birbaşa maliyyələşdirilməsinə qədər) çox təsirli bir şəkildə sübuta yetirilib; ikincisi, Rusiya var gücü ilə çalışır, ancaq yerlərdə onun təsiri məhduddur və bunun əvəzində avropalı liderlər ölkələrindəki dağıdıcı populizmin yüksəlməsinə maneə törətmədə acizdir.

    Hər iki cvabda güclü arqumentlər var və müxtəlif Avropa kontekstlərində etibarlı ola bilər. Bununla yanaşı, Rusiya müdaxiləsinin bir neçə aspekti var ki, müxtəlif tədqiqatlar və araşdırmalarda isbatlanmış faktlardır.

    Bəzi Avropa siyasətçiləri Rusiyadan pul alır

    Bir sıra Avropa ölkələrində müxtəlif partiyalar və siyasi aktyorlar Rusiyadan bu və ya başqa dərəcədə maliyyə yardımı almağa və ya qəbul etməyə hazırdırlar.

    Avstriya hökumətini iflas etdirən “İbiza qapısı” bu həqiqətin son illüstrasiyasıdır. Bu ayın əvvəlində iki alman qəzeti Avstriyada iqtidar koalisiyasının bir hissəsi olan Azadlıq Partiyasının (FPO) lideri Hayntz-Xristian Ştraşenin dövlət tenderinin alınmasında rus oliqarxını təmsil edən bir şəxsə kömək etdiyini göstərən bir video yayımlayıb və həmin videoda FPO-nun tender qarşılığında Avstriya tabloidini satın alması aşkarlanıb.

    Son vaxtların araşdırmaları göstərir ki, İtaliya hökumətindəki iki koalisiya partiyasından biri olan populist və avroskeptik Liqa Kremllə maliyyə əlaqələri qurub. Çexiya prezidenti Miloş Zemanın da müxtəlif Rusiya şirkətləri ilə əlaqə qurması medianın araşdırma mövzusu olub.

    Fransada artıq tanınmış bir faktdır ki, 2014-cü ildə Le Pen öz seçki kampaniyasını maliyyələşdirmək üçün Kremllə əlaqəli bir bankdan borc götürüb.

    Bu arada, ingilis iş adamı Arron Banksın rus pulunu “Brexit” kampaniyasına yönəltməsi şübhələrinə dair araşdırma davam edir.

    Rusiyanın Aİ-dəki böyük troll ordusu

    Rusiya az xərclə ictimai mediada geniş miqyaslı dezinformasiya kampaniyaları aparır və çox sayda Avropa sosial media istifadəçisinin diqqətini özünə çəkə bilib.

    ABŞ-da yerləşən “Avaaz” qeyri-kommersiya təşkilatının “Facebook”-dakı dezinformasiya şəbəkələrinə dair araşdırması bu kontekstdə çox maraqlıdır.

    Hesabata görə, “araşdırmanın nəticəsi olaraq “Facebook”-dan çıxarılan dezinformasiya şəbəkələrinə son 3 ayda təxminən yarım milyard (533 milyon) dəfə baxış olub. Yəni gündə 6 milyon dəfə”.

    Bu dezinformasiya şəbəkələrinin səsvermə nümunələrinə necə təsir etdiyini söyləmək çətin olsa da, ictimai fikrə təsir göstərməməsinə inanmaq çətindir.

    “Avaaz” hesabatının digər bir maraqlı müşahidəsi isə budur: “çıxarılan səhifələrin əsas abunəçilərinin sayı Avropa İttifaqı əleyhinə partiyaların (Liqa, AfD, VOX, “Brexit”, “Rassemblement Nasional” və s.) səhifələrinin abunəçilərindən (2 milyon) çoxdur – 5.9 milyon”.

    Başqa sözlə desək, rus trolları Rusiyanın dəstəkləyən Avropa partiyalarına nisbətən dezinformasiya, populist ideyalar və s. yaymaqda daha təsirli olur. Onlar davam edən informasiya müharibələrində, şübhəsiz, güclü silahdır.


    Avropalılar Rusiyanın toruna tez düşür

    Son bir neçə ayda jurnalistlər Anna Saraste və Anne Sofi Şröder ilə birlikdə, Aİ seçkilərindən qabaq Rusiyanın dezinformasiya kampaniyalarının öyrənilməsində iştirak etmişəm.

    Araşdırmamızın nəticəsi olaraq, yerli mətbuatın monitorinqi olaraq (Rusiyanı da daxil olmaqla) Avropada dezinformasiya ilə məşğul olan onlarla mütəxəssis və təşkilatla müsahibələr apardıq.

    Çıxardığımız nəticələrdən biri dezinformasiyanın yayılmasına görə məsuliyyət daşıyanların yalnız Rusiya (biznes, maliyyə və ya hətta ailə) ilə yaxından maraqları olan Avropa siyasətçiləri və ictimai xadimləri deyil, sadəcə ictimai diqqəti özünə cəlb etmək istəyən şəxslərin varlığı olub.

    Kremlin təbliğat strategiyasının bir hissəsi müxtəlif sui-qəsd nəzəriyyələr və sapma fikirləri dəstəkləyən platforma yaratmaqdır.

    Beləliklə, heç bir ictimai statusa və ya əhəmiyyətli akademik biliyə malik olmayan insanlar müntəzəm olaraq legitimləşdirilir, RT-də və ya Rusiyanın “Sputnik” kimi saytlarında nümayiş olunaraq “ekspert” halına gətirilir, Rusiyada konfranslara dəvət olunur, seçkilərdə “müşahidəçi” olur və s.

    Bu “faktlar”a Brüssel və Vaşinqtonda hörmətlə yanaşırlar və Moskvanı “tərifləyərək”, təbliğatını yaymağa kömək edirlər.

    Başlığı qoyulan suala dönək: Putin Aİ seçkilərində qalib gəlibmi? Bəli, amma qismən.

    Populist avroskeptiklər çox sayda səs qazansa da, hələ də ümid etdikləri zəfərə nail olmayıblar. Məsələn, Le Penin partiyası, 2014-cü illə müqayisədə, səslərin 1,5 faizini itirib, Avstriyanın FPO-su – 2%, “Almaniya üçün Alternativ”in (AfD), 2017-ci ildə keçirilən milli seçkilərlə müqayisədə, vəziyyəti pisləşib və Hollandiyada Qeert Vildersin Azadlıq Partiyası bu il mandat qazanmayıb.

    Avropadakı populizmin “iflas”ına bir sıra izahlar ola bilər: mötədil seçicilərin aktivləşməsi və s. Bu il onlar siyasətçilərin və vətəndaş cəmiyyəti fəallarının ictimai çağırışına hay verib. Əvvəlki səsvermə ilə müqayisədə iştirak faizi (42) çoxalıb (təxminən 51%).

    Le Pen və Salvinini “xalqın qələbəsi”ni iddia etsə də, bəlkə də bu seçki Avropada populizm dalğasının sonunun başlanğıcıdır.

    Tərcümə: Strateq.az
    PAYLAŞ:

    Oxşar xəbərlər