Bakı-Tiflis münasibətlərini gərginləşdirmək kimə sərfəlidir?– Araşdırma

Bakı-Tiflis münasibətlərini gərginləşdirmək kimə sərfəlidir?– Araşdırma
  • Araşdırma / Manşet

  • BAKI-TİFLİS MÜNASİBƏTLƏRİNİ GƏRGİNLƏŞDİRMƏK KİMƏ SƏRFƏLİDİR? –Hər iki ölkədə barmaqlar "üçüncü qüvvə"yə tuşlanıb

    Asiya.az bildirir ki, 28 may Gürcüstan və Azərbaycan arasında münasibətlərin kəskinləşməsində növbəti çıxış nöqtəsi ola bilər. Səhərdən David Qareci (Keşikçidağ-tərc.) monastır kompleksinin ərazisində ruhani təmsilçilər, Gürcüstan pravoslav kilsəsinin əhli və mülki fəalların qatıldıqları “Qareci – Gürcüstandır, biz isə Qafqazın övladlarıyıq” adlı aksiya keçirilir. Aksiyaya qatılanların bildirdikləri kimi, onlar öz tərəflərindn heç bir təxribat planlaşdırmır, bu aksiyanın hədəfini isə öz dinc səslərini Azərbaycan hökuməti və dünya birliyinə çatdırmaq cəhdi sayırlar.

    Gürcüstan teleşirkətlərinin məlumatına görə, aksiyaya qatılanlar David Qareci lavrasından yürüşə başlayıb, Diriliş məbədinə çatıb və ora Gürcüstan bayrağını taxıb, sonra isə Azərbaycan tərəfinin yol salmaq üçün bir neçə gün boyunca iş apardığı Çiçxituri məbədinə yollanıblar. Kilsə əhli və fəallar son nəticədə monastır kompleksinin hamısını canlı zəncirlə çevrələmək və buranın vahid tikinti olmaqla bölünməli olmadığını sərgiləmək niyyətindədirlər.

    Bir sıra KİV-lər bu yürüş ərəfəsində, guya, Azərbaycan ictimaiyyətinin də hazırladığı oxşar aksiyadan xəbər verib, amma Gürcüstanın ərazidə olan sərhəd polisi rəisinin müavini Teymuraz Kupatadze gürcü jurnalistlərə şərhində bildirib ki, Azərbaycan tərəfdən heç bir hərəkət, özəlliklə də təxribat gözlənilmir. O, kompleks ərazisində olmaq vəzifəsini Gürcüstan vətəndaşlarının dinc etirazı və təhlükəsizliyini təmin etmək adlandırıb.

    Gürcüstan patriaraxı İkinci İliya David Qareci kompleksi ətrafında durumla bağlı özəl açıqlama verib. Patriarxlığın təmsilçisi Mikael Botkoveli jurnalistləri onun məzmunu ilə tanış edib. O, gümanını ifadə edib ki, hər iki ölkədə bunun üçün dayaq axtaran hansısa üçüncü qüvvə iki dost xalqın arasını vurmağa çalışır.

    Patriarx hesab edir: “İnkişaf edən hadisələrin təhlili belə təəssürat formalaşdırır ki, hər iki tərəfdə öz məqsədinə yetmək üçün dayaq tapan üçüncü bir qüvvə kilsə mövzusundan çıxış edərək, Azərbaycan və Gürcüstan arasında ciddi problem yaratmağa can atır. Amma biz onun fitnəsinə asanlıqla uymamalıyıq! İki dövlət arasında danışıqlar aparıldığı, kilsənin müzakirələrə hələlik qoşulmadığı, Azərbaycan tərəfi ilə qarşılıqlı münasibətlərin çoxlu üsulları, problemin beynəlxalq təşkilatlar və dost ölkələrin yardımı ilə mədəni və ədalətli həlli imkanları olduğu bir vaxtda bu resurslara etinasızlıq və kəskin bəyanatlar və fəaliyyətlə çıxış etmək milli maraqlarımıza qarşıdır”.

    İkinci İliya vətəndaşları, özəlliklə keşişləri və kilsə əhlini sakitliyi saxlamağa, tədbirlilik və vətəndaş məsuliyyəti göstərməyə, Gürcüstan və Azərbaycan hökumətlərini isə ədaləti bərqərar etmək və iki xalq və ölkə arasında dostluğu saxlamaq və möhkəmlətməyə çağırır.

    Patriarx öz tərəfindən Gürcüstan Pravoslav Kilsəsinin danışıqlar prosesinə qoşulmaq hazırlığını ifadə edib.

    Qeyd edək ki, Gürcüstan hökuməti təmsilçiləri David Qareci ətrafında baş verənlər haqda kəskin bəyanatlar vermir və ümid edirlər ki, mübahisəli məsələləri sərhədlərin delimitasiyası üzrə bir neçə gün qabaq bu yöndə işini təzələyən komissiya formatında həll edə bilərlər. Düzdür, Bakıda ilk toplantı problemin həllinə özəl işıq salmayıb, bu da müxalifət və cəmiyyət tərəfindən qəzəb və Gürcüstan hökumətinin “konformizm”də pisləmək doğurub.

    Dost Azərbaycanı heç kimi açıq pisləmir, amma Gürcüstan vətəndaşları öz qəzəb və narazılıqlarını sosial şəbəkələrə tökürlər. Özü də təkcə və o qədər də rəsmi Bakını deyil, Gürcüstan prezidenti Salome Zurabişvilinin və indiki xarici işlər naziri David Zalkalianinin ehtiyatsız bəyanatlarını daha çox ittiham edirlər.

    Gürcüstan və Azərbaycan David Qareci kompleksinin yerləşdiyi ərazinin mənsubluq məsələsini çoxdan – hər iki keçmiş sovet respublikası müstəqillik əldə etdiyi ilk günlərdən dartışır. Gürcüstan tərəfi azərbaycanlı tərəfdaşlarına Bakının nəzarətində olan monastır kompleksinin indi durduğu ərazini başqa torpaqlarla mübadilə etməyi dəfələrlə irəli sürüb, amma Azərbaycan hökuməti torpaq mübadiləsi məsələsinin müzakirəsindən qəti imtina edir.

    Gürcüstandan kilsə əhlinin buraxılışı ilə bağlı problem əvvəllər də – Azərbaycan sərhədçiləri bu və ya başqa pravoslav bayramı ərəfəsində gürcüstanlı zəvvarların məbəd kompleksinə buraxılışını məhdudlaşdıranda meydana çıxıb. Anlaşılmazlığı sonradan ötəri həll ediblər, durum normallaşıb, Azərbaycan isə Gürcüstanın əsas strateji tərəfdaşlarından biri kimi qalmağı davam etdirib.

    Son gərginləşmə Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakı səfərindən sonra başlanıb – o, sərhədlərin delimitasiyası prosesinin başa çatdırılması zərurətini orada rəsmən bildirib. David Qareci kompleksinin ruhaniləri Azərbaycan sərhədçilərinin tətbiq etdikləri növbəti məhdudiyyəti Gürcüstan prezidentinin məhz bu bəyanatlarına bağlayırlar. Gürcü müxalifətinin qeyri-diplomatik ifadələrə görə prezidenti qınayan təmsilçiləri də bu fikri bölüşürlər.

    Maraqlıdır ki, keçmiş prezident Mixail Saakaşvili də hadisələrin gedişinə qarışmağa və Azərbaycanla mübahisəli məsələləri tənzimləməyə hazır olduğunu “Facebook” sosial şəbəkəsində növbəti müraciətində ifadə edib. O vurğulayıb ki, David Qareci məsələsi yalnız normal hökumət şəraitində tənzimlənə bilər – bu zaman dəqiqləşdirməyib ki, niyə onun hökuməti 9 il hakimiyyətdə olarkən bu məsələ belə də həll edilməyib. Bununla belə, indiki “anormal” hökumətə öz xidmətini təklif edib.

    Gürcüstanın keçmiş prezidenti bəyan edib: “İndi yeganə çıxış yolu – təcili danışıqlardır. Mən hətta bu hökumət şəraitində də bu danışıqlara qoşulmağa hazıram. Əlbəttə, mənim Azərbaycanda əlaqələrim var. Bunun İvanişvilinin adi “lotu-bambılı” hökuməti olduğuna baxmayaraq, mən David Qareci məsələsində adi vasitəçi olmağa və hətta vəzifəm olmasa da, bu məsələni həll etməyə hazıram. Onlar (Gürcüstanın indiki hökuməti) heç nəyi həll edə bilmirlər. Burada sanballı danışıqlar gərəkdir, hər iki tərəf bir-birinin marağını nəzərə almalıdır ki, son nəticədə xalqlar arasındakı münasibətlər ziyan görməsin. İvanişvililər gəlir və hökmən gedirlər, gürcü və Azərbaycan xalqları isə qalacaqlar. Bunlar dost xalqlardır, ən yeni tarixdə bunu dəfələrlə sübut da ediblər”.

    Saakaşvili Azərbaycanı “son dərəcə özəl ölkə” adlandırıb və vurğulayıb ki, öz hakimiyyəti vaxtında onun hökuməti ilə qardaş münasibətləri qurmağı bacarıb. Keçmiş prezident üçün yalnız oliqarx İvanişvili ilə səsləşən indiki hökumətə gəlincə, Mixail Saakaşvilinin məlumatına görə, ona Azərbaycanda sayğı göstərmir və heç nə sayırlar.

    Saakaşvili məlumat verib: “Onlar İvanişviliyə hörmət etmir və Gürcüstan hökumətini heç nə sayırlar, çünki İvanişvilinin özü Gürcüstan institutlarını heç nə sayır. O, hamının “xanım dartışma” kimi tanıdığı adamı tam qanunsuz şəkildə prezident adlandırıb. Gürcüstanın dəmiryolunu milyon dollar gəlirdən 300 milyon ziyana çatdıran baş naziri var. Başlıcası isə, Bidzina İvanişvili və Uça Mamatsaşvili (biznesmen, İvanişvilinin qohumu) azərbaycanlılardan pul istəyir, hər şeydən “dar gün üçün ehtiyat” tələb edirlər, mən bunu dedi-qodudan deyil, məlumatlı qaynaqlardan bilirəm”.

    Müxalifət və Qərbyönlü ictimaiyyət David Qareci ətrafındakı durumda həm Rusiyanın maraqlarını, həm də onun “iki qardaş xalqı dalaşdırmaq” cəhdləri görür. Gürcüstanın sıravi vətəndaşlarına gəlincə, xeyli bölümü Azərbaycanla münasibətlərdə Gürcüstan rəhbərliyinin ağzıboşluğunu qınamağa meyllidir və indiki hökumətdən ölkənin maraqlarını qorumağı israrla tələb edirlər.

    David Qareci ərazisində aksiyalar davam edir, nəticəsi isə ən yaxın günlərdə özünü göstərər…

    Tərcümə Strateq.az-ındır.
    PAYLAŞ:

    Oxşar xəbərlər