DİQQƏT! Paşinyan müharibəni başlaya bilər - Tofiq Zülfüqarovdan İLGİNC AÇIQLAMA

DİQQƏT! Paşinyan müharibəni başlaya bilər - Tofiq Zülfüqarovdan İLGİNC AÇIQLAMA
  • Hərb / Manşet

  • Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Qarabağ münaqişəsi ətrafında gedən son proseslərlə bağlı fikirlərini bildirib.
    Asiya.az həmin müsahibəsini təqdim edir:


    - Cəbhədə son iki həftə ərzində iki şəhid verdik. Ermənistan niyə üzərinə götürdüyü, xüsusən Moskvada qəbul etdiyi öhdəliklərdən indi imtina etməyə başlayır?

    - Ermənilər hansısa danışıqların nəticəsi olaraq Azərbaycana torpaq verməyəcəklər. Çünki onlar danışıqlardan birmənalı olaraq, yalnız təbliğat üçün istifadə edirlər. Düşənbə razılaşmalarına nəzər salaq: Bu razılaşma münaqişənin sadəcə atəşkəs rejiminə riayət etmək və prosesə bu və ya digər şəkildə dəstək vermək hissəsini özündə ehtiva edir. Ermənilər bu razılaşmanın şərtlərini saya saymırlar. Bir müddət əvvəl, mayorumuzu cəbhədə snayperlə vurdular. Snayper və ya diversiya qrupu təmas xəttini keçərək bunu etdi, fərqi yoxdu. Bu, onu göstərir ki, artıq Düşənbə razılaşmaları Ermənistan tərəfindən şüurlu şəkildə pozulur. Çünki bu əməliyyatı həyata keçirmək üçün əmr yüksək səviyyədə verilməlidir. Digər tərəfdən, Azərbaycan xalqının, dövlətinin, ictiamiyyətinin tələbi torpaqların azad olunmasından ibarətdir. Bu cür danışıqlarla biz torpaqların azad olunmasına nail ola bilmərik. Danışıqlar prosesinə təbliğat istiqamətində baxmalıyıq. Bununla öz mövqeyimizi təbliğ etməli və gücləndirməliyik.

    - Ermənistandan hansı real addımları gözləyə bilərik? Söhbət təxribat xarakterli addımlardan gedir...

    - Ermənistanda böhran dərinləşir və bu proses davam edəcək. Tam əminliklə, Paşinyanın təxribata gedəcəyini deyə bilərəm. Nikolun bu addımı atmasının bir neçə mühüm səbəbləri var: O, Ermənistanın daxilində olan gərginlikdən çıxış yolunu Azərbaycanla müharibənin bərpasında görür. Burada məqsəd, müharibə yolu ilə Azərbaycanı məğlub etmək deyil. Hadisələrin gedişatına diqqət yetirək. Paşinyan Qarabağdan qayıdandan sonra Ermənistanda məhkəmə böhranı baş verdi. Ondan sonra Paşinyan və Tonoyan 1 həftə ərzində öz uşaqlarını Qarabağdan çıxardı və onun radikal tərəfdarları (Sasna Tser, “Miatsum” təşkilatı) avtomobil yürüşü həyata keçirdi. Bütün bunlar baş verdikdən sonra, cəbhədə təxribat baş verdi. Bu təxribat əslində siyasi qətldir. Yəni cəbhədə baş verən bu təxribat siyasi məqsədlərin həyata keçirilməsinə yönəlmiş addım idi.

    - Paşinyanın məqsədi nədir?

    - Paşinyan danışıqları kənara qoyaraq, müharibə etməklə Ermənistanın daxilində olan problemləri həll etməyi hədəfləyir. Ermənistan tərəfi (həm Paşinyan qruplaşması, həm də Qarabağ klanı) öz siyasətində daxili və xarici tənqiddən xilas olmaq üçün yenidən müharibəni bərpa etmək niyyətindədir. Azərbaycanda düşünürlər ki, Ermənistan Rusiya və digərlərindən dəstək olmasa, hərbi əməliyyatlara getməz.Əslində isə Paşinyan bunu hədəfləyir, amma qələbə çalmaq ümidi ilə deyil... Sadəcə olaraq, öz hakimiyyətinin problemlərini həll etmək və hakimiyyətini möhkəmləndirmək prosesini başlatmaq üçün, bu yol ona sərf edir.

    - Paşinyanın bu təxribatına Rusiyanın reaksiyası necə ola bilər? Yaxud da Paşinyan bu planını həyata keçirmək üçün Rusiyadan təminat ala bilərmi?

    - Xeyr. Paşinyanın bu yolu seçməsinin digər bir səbəbi, Rusiya ilə Ermənistanın münasibətlərinin hələ də düzəlməməsidir. O, bunu görür. Artıq bir müddətdir ki, Ermənistanda şübhələr var ki, hərbi əməliyyatlar bərpa olunsa, Rusiya onlara dəstək verməyəcək. Paşinyan ona görə də Rusiyanın bu məsələyə münasibətini yoxlamaq istəyir. Çünki Rusiya onlara dəstək verməsə, məğlubiyyəti Rusiyanın üstünə ataraq, birmənalı olaraq, qərbyönümlü siyasət həyata keçirəcək. Paşinyanın hazırda yürütdüyü ikibaşlı siyasətə görə, Qərb onu qəbul etmir. Bu baxımdan, Paşinyan təxribata getməklə, Ermənistanın Qərbə yolunu açmaq istəyir. Yəni müharibənin nəticəsi Paşinyan üçün elə də maraqlı deyil. Hərb yolundan sadəcə xal qazanmaq üçün istifadə etməyə çalışır. Çünki bununla Rusiya tərəfindən dəstəklənən daxili müxalifətə də ciddi zərbə dəyəcək. Paşinyan isə Rusiyanın onları satması fikrini əsas götürərək, Qərbə üz tutacaq. Ona görə dəqiq deyə bilərəm ki, bu təxribatın arxasında məhz Paşinyan durur.

    - Maraqlıdır, bir müddət əvvəl Paşinyan keçmiş hökumət nümayəndələrini torpaqları Azərbaycana satmaqda ittiham etdi. O, Qarabağ danışıqlarının aktivləşdiyi bir zamanda, niyə belə bir addım atdı?

    - Paşinyan onları ittiham edərək, özü niyyətini həyata keçirir. Yəni Azərbaycanla müharibədə Ermənistan uduzsa və ya müəyyən ərazilərimiz geri qaytarılsa, o, rahat şəkildə Rusiyanı və Qarabağ klanını ittiham edə biləcək. Rusiyanın bu müharibədə Ermənistana dəstək verməməsi Paşinyanın planlarını həyata keçirə bilməsi üçün fürsət olacaq. Təxminən bu, bütöv bir konsepsiyanı təşkil edir. Paşinyanın bu gedişinin alternativi yoxdur.

    - Paşinyan bu hiyləgər niyyətini reallaşdırsa, nə baş verəcək?


    - Cəbhədə son baş verənlər göstərir ki, ermənilər müharibə yolunu seçib. Ancaq faktiki olaraq, onlar bu yolu seçibsə, iki cəbhədə vuruşmalı olacaqlar. Çünki Günnüt əməliyyatından sonra demək olar ki, bölgənin strateji məsələsi və konfliktdə olan tərəflərin imkanları ciddi şəkildə dəyişib. Naxçıvan faktoru ortaya çıxıb. Moskva müqaviləsini xatırlayaq. Bu müqaviləyə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Maraqlısı budur ki, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısı ola-ola NATO-ya üzv olub. Deməli, bu öhdəliklər avtomatik olaraq, NATO-ya da keçir. Bu baxımdan Naxçıvan faktoru həm hərbi, həm də siyasi cəhətdən konfliktə daxil olan amil kimi çox vacibdir. Bu baxımdan, az əvvəl səsləndirdiyim fikrə bir də qayıdıram: Ermənistan müharibə istəsə, iki cəbhə ilə vuruşmalı olacaq. Sizcə, bu, ermənilərin imkanı daxilindədirmi?
    PAYLAŞ:

    Oxşar xəbərlər