Yeni təyinatlar nəyə hesablanıb? –TƏHLİL

Yeni təyinatlar nəyə hesablanıb? –TƏHLİL
  • Araşdırma / Manşet

  • DİN və DTX-ya sərt generalların gətirilməsi hakimiyyətin qarşıda onu gözləyən “problemli dövrə” hazırlaşdığının təzahürləridir

    Günün əsas mövzusu dünənin təyinatlarıdır. Bildirək ki, prezident İlham Əliyevin sərəncamlarıyla DİN başçısı Ramil Usubov vəzifəsindən azad edilərək, Təhlükəsizlik Şurasının katibi təyin edilib. Onun yerinə müavini Vilayət Eyvazov gətirilib. Digər təyinat isə Dövlət Təhlükəsizlik Şurasında olub. Belə ki, Mədət Quliyev müdafiə sənayesi naziri təyin olunduğundan, onun yerinə Əli Nağıyev gətirilib.

    Əslində, bu dəyişikliklər cəmiyyətdə yeni müzakirələrə yol açıb. Bir qism düşünür ki, yerdəyişmələr mahiyyət etibarı ilə heç bir yenilik vəd etmir. Bu adi rotasiyalardır. Yəni, birinin müddəti bitdiyindən, yenisi ilə əvəzlənib.

    Digər bir qism baş verənləri hakimiyyətdaxili qruplaşmalar arasında gedən savaşın təzahürləri kimi qiymətləndirir. Bir qism isə o fikirdədir ki, hakimiyyətin son təyinatları ilə yanaşı, sosial sahədə atdığı addımlar yaxınlaşan hansısa qorxunun təzahürləridir. Amma bu qorxunun konkret olaraq nədən ibarət olduğu və haradan qaynaqlandığına dair dəqiq təsəvvürlər yoxdur. Çünki faktiki olaraq indiki hakimiyyət üçün ciddi problem olduğu diqqəti çəkmir. Eyni zamanda, həm daxildən, həm də xaricdən hansısa tutarlı təzyiqlərin olduğu da nəzərə çarpmır. O səbəbdən də “risk dövrü” və ya “problem günü” ətrafında müəmma mövcuddur.

    Yeni təyinatlata diqqət yetirək. Məlumdur ki, Daxili İşlər Nazirliyi istənilən ölkədə, o cümlədən Azərbaycanda əsas strukturlardan biridir. İndiki hakimiyyətin əsas bel stunu sayılan bu nazirliyin uzun müddət Ramil Usubovun rəhbərliyi altında olması, ölkədə krimnogen durumun sabitləşməsində müəyyən rolu olsa da, nazirliyin sonradan siyasi prosesə qatılması qurumun reputasiyasını ciddi şəkildə korlamaqdaydı. Əsassız həbslər, bir çox siyasi proseslərə bilib-bilmədən müdaxilə edib, fərqli təfəkkürlə çözüm axtarmaq cəhdləri narazılıqları pik həddə çatdırmışdı. Amma DİN-in siyasi prosesləri nəzarətinə alması əsasən MTN-in dağılmasından sonra baş vermişdi ki, bu sınaqdan da Ramil Usubovun uğurla çıxdığını demək xeyli çətindir. Çünki əksər hallarda qalmaqallara səbəb olan məsələlər bu gün də müzakirə və qınaq obyekti olmaqdan çıxmayıb.

    Bəs, yeni təyinat nə vəd edir? Vilayət Eyvazov DİN başçısı kimi yenilik etməyəcək, bu birmənalıdır. Ən yaxşı halda, kosmetik dəyişikliklər olacaq ki, bu da ümumi vəziyyətə təsir etməyəcək. Çünki Eyvazov köhnə komandanın yetişdirdiyi kadrdır və onun nazir postuna gətirilmə məsələsi xeyli əvvəldən mətbuatın gündəmində var idi.

    Lakin Vilayət Eyvazovun nazir təyin olunmasından sonra polisin bir qədər sərtləşəcəyi istisna deyil. Ehtimalla onun təyinatı məhz belə bir durumun yaranmasına hesablanıb. Belə ki, yeni nazir xaraktercə sərt biridir və uzun müddətdir ölkənin cinayət-axtarış sisteminə başçılıq edib. Onun ölkənin hər yerindən xəbəri var və böyük şəbəkəylə işlədiyindən nazir kimi çalışmasında heç bir problem olmayacaq. Eyni zamanda, hakimiyyətin ən etibarlı kadrlarından biri sayılır və ona etimad tamdır. Lakin qarşıdan yeni bir stuasiyanın yaxınlaşdığı da istisna deyil. Güman etmək olar ki, həmin dönəm üçün yaşlı Ramil Usubovdansa, yeni dövrə daha sərt xarakterli Vilayət Eyvazovu gətirmək daha məqbul hesab olunub. Ona görə də, polisin bir qədər sərtləşəcəyi, xüsusən də siyasi proseslərdə daha fəal oyunçu kimi çıxış edəcəyini istisna etmək mümkündür.

    İkinci təyinat daha maraqlıdır. Əslində, DTX-ya yeni rəhbərin gətirilməsi durumun ciddiyyətindən xəbər verir. Mədət Quliyevin işdən çıxarılması, onun yerinə peşəkar kəşfiyyatçı Əli Nağıyevin gətirilməsi hansısa əndişələrdən xəbər verir. Bir qədər geniş izah edək.

    MTN dağıldıqdan sonra kəşfiyyat və əks kəşfiyyat sahəsində yaşanmış biabırçılıqların üstü açıldı ki, cəmiyyətdə əvvəldən mövcud olan qorxu, sonradan etimadsızlığa çevrildi. Eldar Mahmudovun yaratdığı sistem özünün katakalizmləri ilə faktiki hakimiyyətə ciddi zərbələr vurduğundan, MTN ləğv olundu və yerində DTX və XKX yaradıldı. Mədət Quliyev xidmət rəisi olduğu dönəmdə bu qururmun reputasiyasını müsbətə dəyişmək mümkün olmadı. Əksinə, bəzi hallarda nüfuzina xələl gəlməsinə şərait yarandı. Düzdür, MTN-dən fərqli olaraq siyasi porseslərə bir o qədər aktiv qoşulmayan DTX, daha çox “özünüqoruma” həddində dayanmışdı.

    Aydın məsələdir ki, Mədət Quliyev hakimiyyətin etibar etdiyi əsas fiqurlardan biri sayılır. Bəs, onun başqa vəzifəyə keçirilməsi və yerinə öz işinin ustası olan birinin gətirilməsi nəyə hesablanıb? Aydın məsələdir ki, Mədət Quliyev uzun müddət polisdə, daha sonra Penitensiar Xidmətdə çalışsa da, onun kəşfiyyat və xüsusi xidmət orqanları sahəsində tutarlı təcrübəsi yox idi. Elə işlədiyi müddətdə də bu təcrübəsizliyi onun əsas başağrısına çevrilmişdi. Qarşıdan bayaq qeyd etdiyimiz kimi, olduqca ciddi və nədən ibarət olduğu məluma olmayan prosesdə təhlükəsizlik işlərində təcrübəsiz olan birinin vəziyyətdən çıxış üçün effekt verməyəcəyi hakimiyyəti belə bir addım atmağa vadar edib. Bunu yeni təyinatdan da aydın görmək mümkündür.

    Belə ki, Əli Nağıyev uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. MTN-də nazir müavini postuna qədər yüksəlib. Eldar Mahmudovla aralarında yaranmış fikir ayrılığı səbəbindən nazirlikdən istefa vermiş general, sonradan Korrupsiyaya Qarşı Mübariz Baş İdarəsinin rəis müavini təyin olunub. Qeyd edək ki, Mahmudovan sonra onun yerinə gətirilə biləcək əsas fiqur kimi qəbul olunsa da, bu baş verməmişdi.

    Nağıyevin DTX-ya rəhbər təyin olunması artıq siyasi arenada və sektorda yeni oyun qaydalarının təzahür edəcəyindən xəbər verir. Daha doğrusu, Nağıyev yeni formatla meydana daxil olacaq. DTX-nın nüfuzunu qaldırmaq üçün bir sıra addımlar atacağı da istisna deyil. Bununla yanaşı, Nağıyev də Eyvazov kimi, olduqca sərt biridir.

    Baş verənlərin yekun icmalı ondan ibarətdir ki, hakimiyyət qarşıda onu hansısa təhlükə gözlədiyindən xəbərdardır. Düzdür, bu təhlükə və riskin hansı hüdudda və ya nədən ibarət olacağı hələ də müəmma olaraq qalır. Təlaş və tələskən davranışlar da təsdiqləyir ki, sıxıntılı dönəm heç də uzaqda deyil. Bu təyinatlar, xüsusən də hüquq mühafizə orqanlarında dəyişiklik və daha sərt fiqurların vəzifə başına gətirilməsi gözlənilən riskin və narahatlığın təzahürləridir.

    Digər tərəfdən, son addımlar onu deməyə əsas verir ki, hakimiyyət daxilində mövcud olan qarşıdurmalara bir müddətlik ara verilib. Yəni, daxili narazılıqlar müvəqqəti olaraq bir kənara qoyulub və yeni dönəm üçün hazırlıqlar, daha doğrusu, “müdafiə istehkamları”nın “bərkidilməsi”nə start verilib. Gələcəkdə gözlənilən risk sona çatdıqdan sonra toqquşmaların yenidən başlayacağı istisna deyil.

    Beləliklə, son günün təyinatları sıradan bir olay deyil. Güc strukturlarının başına olduqca sərt xarakterli və öz işinin ustası olan birilərinin gətirilməsi, hakimiyyətin yeni taktikasıyla bərabər, həm də qarşıda onları gözləyən risk və problemli dövrə hazırlaşdıqlarını göstərir.
    PAYLAŞ:

    Oxşar xəbərlər