Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
  • Cəmiyyət / Manşet

  • 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

    Asiya.az xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

    Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

    Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. "Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb. Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir.

    Dövlət quruculuğu məsələlərinə böyük əhəmiyyət verən dövlət başçısı növbəti prezident seçkilərindən sonra 2 mindən çox fərman və sərəncam imzalayıb. Son dövrdə bir çox dövlət qurumlarının statusu yenilənərək onlara publik hüquqi şəxs statusu verilib, bununla da onların həm hüquqları genişləndirilib, həm məsuliyyəti artırılıb və həm də müvafiq sahələrin idarə edilməsində daha fəal iştirakı təmin edilib.

    Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması da ölkə Prezidentinin daim diqqət göstərdiyi məsələlərdən biridir. Prezidentin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılması, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılması hamını, o cümlədən dövlət qulluğunda çalışan insanları son dərəcə sevindirib və təbiidir ki, daha yaxşı çalışmağa ruhlandırıb.

    Qeyd olunmalıdır ki, bu artımlar respublikada orta əməkhaqqının və pensiyaların miqdarına da müsbət təsir göstərib, bütövlükdə 2 milyona qədər vətəndaşı əhatə edib və bunun üçün büdcədən 1 milyard manata yaxın vəsait ayrılıb.

    2019-cu il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı 0,7 faiz azalıb. Ümumiyyətlə, dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir.

    Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 43 ildir. 35-44 yaşda olan dövlət qulluqçuları 26,3 faiz təşkil edirsə, 63-64 yaşda olanlar cəmi 2,9 faizdir.

    Bütövlükdə Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin 0,6 faizini təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər