Daşkəsəndə Silahlı Qüvvələr Günü münasibəti ilə görüş keçirildi

Daşkəsəndə Silahlı Qüvvələr Günü münasibəti ilə görüş keçirildi
  • Sosial

  • İyunun 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında ictimaiyyət nümayəndələrinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Elmar Məmmədovun iştirakı ilə keçirilən görüşdən əvvəl Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

    Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbiri Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev giriş sözü ilə açıb. O, çıxışında deyib:

    - Sizi 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bayramı günü münasibətilə başda möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, ölkəmizin ərazi bütövlüyü uğrunda xüsusi xidmət göstərmiş Qarabağ müharibəsi veteranlarını, əlillərini və şəhid ailələrini, o cümlədən Daşkəsən rayonu ərazisindəki N saylı hərbi hissənin komandiri polkovnik Əflatun Nurullayevi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Elmar Məmmədovu Daşkəsən rayon ictimaiyyəti adından təbrik edirik, hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti arzulayırıq.

    Birmənalı olaraq deyə bilərik ki, Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Əsası da, ulu öndər Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğını, dövlət siyasətini onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir, daim diqqət mərkəzində saxlayır.

    Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər, ən müasir texnika və avadanlıqlara təchiz edilməsi, şəxsi heyətin yüksək döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, xalq ilə ordu arasındakı sıx birlik deməyə tam əsas verir ki, rəşadətli ordumuz hər an qüdrətli dövlətimizin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmrlərinin uğurla yerinə yetirməsinə hazırdır.

    Hər kəs yaxşı bilir və məlumdur ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu siyasətinin əsas istiqamətlərindən birini Azərbaycanın ərazi bütövlüyü uğrunda xidmət göstərmiş müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması təşkil edir və onlar dövlətin etibarlı sosial müdafiə sistemi ilə təmin edilərək hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.

    Belə ki, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri, bu kateqoriyadan olan bütün vətəndaşlarımızla mütəmadi olaraq görüşlər keçirir, onların mənzillərlə təmin edilməsi, maddi-sosial məişət şəraitlərinin yaxşılaşdırması istiqamətində tədbirlər görür.

    Daşkəsən rayonunda da Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə qayğı göstərilir. Hazırda rayonumuzda 256 nəfər Qarabağ müharibəsi veteranı, 80 nəfər Qarabağ əlili vardır.

    Siz Qarabağ döyüşlərində rəşadətlə vuruşmuşsunuz. Bütün bunlar isə gənclərimiz üçün hər zaman əyani nümunədir. Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır.

    Biz sizinlə fəxr edirik!

    Ulu Öndər Heydər Əliyev ideyalarına və siyasətinə hər zaman sədaqət nümayiş etdirən biz, daşkəsənlilər inanırıq ki, Dövlət Başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə düşməndən azad olunacaq, şəhidlərimizin müqəddəs qanı yerdə qalmayacaqdır. Məcburi qaçqın və köçkün soydaşlarımız da öz dədə-baba yurdlarına qayıdacaqlar.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!

    Eşq olsun Azərbaycan ordusunun zabitlərinə, əsgərlərinə və mülki əməkdaşlarına!

    Yaşasın müasir müstəqil Azərbaycanımız!

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin nitqindən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Elmar Məmmədov çıxış edərək Respublika Prezidenti cənab İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ictimai birliyin bütün üzvləri adından minnətdarlığını çatdırıb.

    Digər çıxış edənlər də ölkə rəhbərliyinin Qarabağ müharibəsi əlilləri və veteranlarına göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bildiriblər ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunda da yaradılan hər cür şəraitə görə biz qazilər bu qayğını gündəlik həyatımızda hiss edirik. Bunu rayonda keçirilən tədbirlərə dəvət almağımızdan, bayramlarda, xüsusi günlərdə yad olunmağımızdan, keçirilən bu cür səmimi görüşlərdən, müraciətlərimizə həssas münasibətdən aydın şəkildə görmək olar.

    Görüşdə Qarabağ müharibəsi veteranı kimi Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev və rayondan olan Qarabağ müharibəsi veteranları və əlillərinin bir qismi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təsis edilmiş “Milli Ordu-100” və “Müharibə Veteranı 1994” medalları ilə təltif olunublar.

    Eyni zamanda da Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bir qrup Qarabağ müharibəsi döyüşçüsünə və əlillinə qiymətli hədiyyələr təqdim edib.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev görüşə yekun vuraraq istər dövlət, istərsə də ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib, bu cür görüşlərin davamlı olaraq keçiriləcəyini qeyd edib və Qarabağ veteranlarına müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördükləri işlərdə uğurlar arzulayıb.

    Elmar ƏLİYEV RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


    Daşkəsəndə Silahlı Qüvvələr Günü münasibəti ilə görüş keçirildi
    Daşkəsəndə Silahlı Qüvvələr Günü münasibəti ilə görüş keçirildi
    PAYLAŞ:

    Oxşar xəbərlər