Bakı meriyası 7 yerdə ictimai çimərliklər yaradır – nə dəyişəcək?

Bakı meriyası 7 yerdə ictimai çimərliklər yaradır – nə dəyişəcək?
  • Cəmiyyət

  • Fazil Mustafa: “Bu cür çimərliklərin yaradılması üçün ilk növbədə hasarları sökmək lazımdır”

    Paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, çimərliklərin yaradılması ilə bağlı müvafiq qərar vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq qəbul edilib. Bununla bağlı aidiyyəti dövlət qurumlarından tapşırıqlar daxil olub.

    İlkin mərhələdə bu çimərliklər Səbayel rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran olmaqla, ümumilikdə yeddi ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.

    Azərbaycanda hər il Xəzər dənizinin hasarlanması məsələsi gündəmə gətirilir. Müxtəlif sahibkarlar dənizi hasarlayaraq, obyektlər tikib, istədikləri qiymətə xidmət göstərirlər. Adətən bu cür obyektlər çirkab sularını Xəzərə axıtmaqla, həm insanların istirahətinə maneə yaradırlar, həm də ətraf mühiti çirkləndirirlər. Bu il çimərlik mövsümü başlayandan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər həftə çimərliklərdə aparılan monitorinqlərin nəticələri açıqlanır. Məlum olur ki, Bakıda və eləcə də Abşeronda çimərliklərin bir qismindən istifadə etmək məqsədəuyğun deyil. Səbəb Xəzər dənizinin çirkləndirilməsidir.

    Ekspertlər bildirirlər ki, bu işlərdə xüsusilə də bələdiyyələrin üzərinə məsuliyyət düşür. Çünki bələdiyyələr və icra qurumları onlara aid olan ərazilərə demək olar ki, nəzarət etmirlər. Bəzi hallarda isə onların özünün icazəsi ilə ətraf mühit çirkləndirilir, qanundankənar addımlar atılır. Məsələ ilə bağlı çimərlik başlamadan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sahibkarlara xəbərdarlıqlar edilib, müvafiq qurğuların quraşdırılması tapşırılıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb: “Analizlərin nəticələrinə görə Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zağulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.

    Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil. Qeyd edək ki, budəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur. Xəzərin şimal və cənub bölgələrində də monitorinqlər aparılıb. Nəticəyə görə əvvəlkindən fərqli olaraq bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir, ona görə də çimərlik üçün qənaətbəxş deyil”.

    Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də Xəzər dənizini hasarlayanlara qarşı mübarizə aparılır. Bu qurum tərəfindən də bir neçə obyekt sahibi cəzalandırılıb. Lakin buna baxmayaraq, hazırda da Xəzər sahilini hasarlayanlar kifayət qədərdir. Xüsusilə də dəniz suyunun təmiz olduğu yerlərdə bu cür hasarlanma hallarına daha çox rast gəlinir. Sadə vətəndaşlar bu səbəbdən də məcburiyyət qarşısında qalıb, natəmiz yerlərdə çimirlər. Həmin ərazilərdə nəzarətdən kənarda olduğu üçün insanların boğulma riskləri də yüksək olur. Məsələn, təkcə 24 iyul tarixində Bakı ətrafı ərazilərdə Xəzər dənizində 7 nəfər boğularaq, dünyalarını dəyişiblər.

    Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili saytımıza açıqlamasında bildirib ki, ölüm halları qeyri-çimərlik ərazilərində baş verib: “FHN vətəndaşlara müraciət edir ki, nəzarətsiz ərazilərdə üzməsinlər. Küləkli havada dənizə girmək düzgün deyil. Son günlər küləkli havada suya girənlər çox olur və bəzi bədbəxt hadisələr baş verib. Vətəndaşlar ”Çimmək qadağandır” lövhəsinə məhəl qoymur və qeyri-çimərlik ərazisindən istifadə edirlər”.

    Bəs ictimai çimərliklərin yaradılması mümkün olacaq?

    “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, bu cür çimərliklərin yaradılması mümkün deyil: “Necə ki, Xəzəri hasarlayanlara qarşı mübarizə nəticə vermir, eləcə də ictimai çimərliklərin yaradılması da mümkün olmayacaq. Bu cür çimərliklərin yaradılması üçün ilk növbədə hasarları sökmək lazımdır…”

    Onu da qeyd edək ki, ictimai çimərliklər yaradılarsa, orada nəzarət Bakı Şəhər İcra Hakimiyyətinin əlində olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər