Britaniyanın yeni baş nazirinin Türkiyədəki kəndi – FOTO

Britaniyanın yeni baş nazirinin Türkiyədəki kəndi – FOTO
  • Dünya / Manşet

  • Boris Consonun əcdadlarının gəldiyi Türkiyənin mərkəzində yerləşən kəndin sakinləri özlərindən biri olaraq gördükləri insanın Britaniyanın yeni baş naziri olduğuna dair xəbərlərə görə sevinirlər və qürur duyurlar.

    Türkiyə paytaxtı Ankaranın 100 kilometr şimalında yerləşən Çankırı vilayətinin Kalfat kəndinin sakinləri çərşənbə günü kəndin mərkəzi yerində toplaşıb və Consonun Tereza Meyin istefasından sonra keçirilən seçkidə Mühafizəkarlar Partiyasının lideri seçilməsini qeyd edib. Conson çərşənbə günü Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb.

    Kənd sakinləri Consonun anti-müsəlman və ya anti-türk kimi qiymətləndirilən şərhlərini “siyasi ritorika” adlandırır və ümid edirlər ki, o, baş nazir vəzifəsini icra edərkən Kalfatı ziyarət edəcək.

    ​“Biz osmanlı genlərinə sahib, bu torpaqlardan çıxan bir insanın nəhəng bir ölkənin baş naziri olmasına görə qürur duyuruq”, – deyə 1300 sakini olan kəndin idarəçisi Adəm Karaağac bildirib.

    Britaniyanın yeni baş nazirinin Türkiyədəki kəndi – FOTO
    Adəm Karaağac (solda) və Satılmış Karatekin and Satilmis Karatekin Kalfat kəndində Boris Consonun uzaq qohumunn məzarının başında dua oxuyur. 25 iyul 2019.
    Consonun ata tərəfdən ulu babası Hacı Əhməd Rza Əfəndi 1813-cü ildə burada dünyaya gəlib və onun yaşadığı bina hələ də mövcuddur. Onun ailə üzvləri “Sarıoğlangillər” adı ilə tanınırdı.

    Conson ailəsinin sərvəti eləcə də Eton və Oksford kimi məktəblərdə təhsil aldığına görə daha çox Britaniyanın yuxarı orta sinfi ilə assosiasiya olunur. Lakin o, müasir Britaniyanın multietnik və multikultural tərəfini anlamadığını deyəndə türk əsilli olduğunu önə sürür. İyun ayında Mühafizəkarlar partiyasının debatı zamanı Conson ona qarşı sürülən islamofobiya ittihamlarını rədd edib.

    “Mənim ulu babam 1912-ci ildə həyatını qorumaq üçün bu ölkəyə gələndə buranın bütün dünyadan insanları qəbul etməyə hazır alicənablıq və açıqlıq mayakı olduğunu bilirdi. Düşünürəm ki, mənim müsəlman ulu babam onun nəticəsinin xarici işlər naziri olduğunu bilsə təəccüblənərdi. Amma o, bununla çox qürur duyardı”, – Conson deyib.

    Conson 2008-ci ildə BBC-nin “Kim Olduğunu Düşünürsən?” adlı genealogiya verilişində öz türk köklərindən bəhs edib. 2016-cı ildə xarici işlər naziri ikən Türkiyəyə səfər edən Conson jurnalistlərə deyib ki, onun ailəsi Kalfatdandır.

    Karaağac deyib ki, kənddə yaşayan azı altı ailənin Hacı Əhməd Rza Əfəndi ilə uzaq qohumluq əlaqələri var.

    Britaniyanın yeni baş nazirinin Türkiyədəki kəndi – FOTO
    Boris Consonun ulu babasının Kalfatda yaşadığı evi
    Consonun uzaq qohumu Satılmış Karatekin deyib ki, kəndlilər Consonun yaxın gələcəkdə kəndə gəlməsini gözləyir. Borisin atası Stenli Conson təxminən 10 il öncə Kalfatı ziyarət edib.

    “Türkiyə əsilli ingilis baş nazir olub”, – deyə Karatekin bildirib. Onun nənəsi Fidan Karatekin Hacı Əhməd Rza Əfəndinin qohumu olub. “O, ingilis ola bilər, amma türk qanı daşıyır”, – Karatekin əlavə edib.

    Hacı Əhməd Rza Əfəndinin oğlu, Consonun ulu babası osmanlı siyasi jurnalisti, daha sonra isə daxili işlər naziri vəzifəsində çalışan Əli Kamal olub. Britaniya tərəfdarı və “satqın” hesab edilən Əli Kamal 1922-ci ildə Türkiyənin müstəqillik müharibəsi zamanı bir dəstə tərəfindən öldürülüb.

    Kamalın isveçli-britaniyalı həyat yoldaşı vəfat edəndən, özü isə Türkiyəyə qayıdandan sonra onun oğlunu, yəni Consonun babası Osman Uilfredi ana tərəfdən nənəsi Britaniyada böyüdüb.

    Conson 2016-cı ildə Türkiyəyə səfər edərkən xoş qarşılanıb, baxmayaraq ki, onun “Brexit” kampaniyası Türkiyə Avropa İttifaqına daxil olsa, milyonlarla türkün Britaniyaya daxil olmaq ehtimalına əsaslanıb.

    Ərdoğan bu həftə Consonu təbrik edən ilk liderlərdən biri olub. O, Türkiyə-Britaniya münasibətlərinin Consonun hakimiyyəti altında inkişaf edəcəyinə dair ümidini ifadə edib. (VOA)
    PAYLAŞ:

    Oxşar xəbərlər