Fədayə Laçın azadlığa çıxdı

Fədayə Laçın azadlığa çıxdı
  • Cəmiyyət

  • Xəbər verdiyimiz kimi, bu gün müğənni Fədayə Laçın azadlığa buraxılıb.

    Asiya.az-ın Oxu.Az-a istinadən verdiyi məlumatına görə, ifaçı saat 9:00-da 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa çıxıb.

    Media nümayəndələri 08:30-dan təcridxananın qarşısında F.Laçını gözləsələr də, onun azadlığa buraxıldığını görməyiblər.

    Müğənni telefon əlaqəsi zamanı azadlığa çıxdığını təsdiqləyib:

    "Mən çıxanda heç kim yox idi. Təcridxananın dörd qapısı var. Onlardan birindən buraxıldım. Çıxandan sonra taksiyə oturub oradan uzaqlaşdım. Hazırda anamgildəyəm. Heç bacımı da görmədim”.

    2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

    Sentyabrın 30-da Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesdə elan olunan qərara əsasən, Fədayə Laçının cəzası iki ilə endirilib. Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası üç ilə, Fuad Hacıyevin cəzası dörd ilə, Günay Atakişiyevanın cəzası beş ilə endirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər