Şirvan sakinləri icra başçısının qəbuluna düşə bilmir - VİDEO

Şirvan sakinləri icra başçısının qəbuluna düşə bilmir - VİDEO
  • Siyasət / Araşdırma / Manşet / Asiya TV

  • Şirvan şəhər sakinləri icra hakimiyyətinin başçısı İlqar Abbasovun qəbuluna düşə bilmirlər.

    Qəbula yazılan sakinlər, günlərlə süründürməçiliklə qarşılaşırlar. Halbuki, ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışında icra başçılarının yerlərdə vətəndaşları qəbul etməsini, problemlərini dinləməsini və həll etməsini qeyd edib. Amma...

    Bir qrup şəhər sakinin İlqar Abbasovun açıq qəbulunun mediada işıqlandırmaları üçün “Asiya.az” xəbər portalına müraciət edib.

    Asiya.az-ın müxbiri noyabrın 26-da İcra Hakimiyyətinin inzibati binasında icra başçısıyla keçirilən qəbulu işıqlandırmaq üçün orada olub. Müxbir tamamilə fərqli mənzərəyə şahidlik edib. Belə ki, qəbula 200 nəfərdən çox şəhər sakininin gəlməsinə baxmayaraq, İcra Hakimiyyətinin işçiləri yalnız qəbulda öncədən necə danışacaqları, hazırlanmış siyahı üzrə “şikayətçi”iləri görüşə buraxıblar. Bu da vətəndaşların haqlı narazılığa səbəb olub. İcra Hakimiyyətinin işçiləri, eləcə də idarədə olan polis nəfərləri müxbirimizin çəkiliş aparmasına icazə verməyiblər. Buna etiraz olaraq İcra hakimiyyətinin binasında yaranan izdihamı öz mobil telefonuna çəkən vətəndaşların polis əməkdaşları tərəfindən telefonları alınıb, videoçəkilişlər silinib. Etirazlar səngimədiyi üçün İlqar Abbasov məcbur qalaraq vətəndaşları idarənin akt zalına yığaraq qəbulu orada keçirmək istəyib. Görüşdə iştirak edən əməkdaşımız qəbulu işıqlandırmaq üçün icra başçısına məlumat verdi. İlqar Abbasov bunu bilən kimi çəkilişə “yox” dedi və jurnalistləri zaldan çıxartmağı əmr etdi. Görüş oldu, bitdi, qəbuldan çıxan sakinlər isə narazıydılar.



    Amma Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytında göstərilirdi ki, qəbul zamanı 180 nəfər şəhər sakini onları narahat edən məsələlərlə bağlı, xüsusən işlə, yataqxanada yaşayış sahəsi ilə təminat, abadlıq, quruculuq və küçələrin abadlaşdırılması, içməli su xəttinin çəkilməsi, çoxmənzilli yaşayış binalarının zirzəmilərinin çirkab sulardan təmizlənməsi və kanalizasiya sistemində mövcud problemlər, tibbi müayinə və müalicə ilə bağlı köməklik göstərilməsi, tədris məsələləri, körpələr evi-uşaq bağçalarına uşaqların qəbulu, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, əlillik dərəcəsinin dəyişdirilməsi, maddi yardım, torpaq və digər mülki mübahisələr, əmək mübahisələri, özünəməşğulluqla bağlı məsələlər, qəyyumluq məsələləri, Kür çayının daşması ilə əlaqədar fərdi evlərə dəymiş ziyanın aradan qaldırılması, yaşayış evinin təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər ediblər. O da qeyd edilir ki, qəbula gələn vətəndaşların müraciətləri şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada dinlənilib, həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq mövcud qanunvericiliyə uyğun həll edilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə zəruri tapşırıqlar verilib.

    Birincisi, İcra Hakimiyyətinin rəsmi saytında yazılan bu məlumat ağ yalandır. Çünki 180 nəfər sakinin hər birini icra başçısı 5 dəqiqə dinləsə 15 saat edir, amma görüş bir neçə saat çəkib. İkincisi, əgər yazıldığı kimidirsə onda nədən başçı Asiya.az-ın əməkdaşının görüşü işıqlandırılmasına imkan verməyib? Nədən ölkə başçısıyla paytaxtda və əyalətlərdə görüşlərdə heç bir maneə yaranmır, preizdent insanların arasındadı, amma bir şəhərin başçısı administrativ yollarla görüşə gələnlərin qarşıaını aldırır? İlham Əliyevin vətəndaşlarla görüşməsi, səmimi söhbət etməsi, onlarla hətta selfi çəkdirməsi nədən nümunə olmur?
    Mövzunu diqqətdə saxlayacağıq...


    PAYLAŞ:

    Oxşar xəbərlər