SOCAR-ın qanunsuzluqlarını açıqlayan şəxs ölkədən qaçmaq məcburiyyətində qaldı

SOCAR-ın qanunsuzluqlarını açıqlayan şəxs ölkədən qaçmaq məcburiyyətində qaldı
  • Cəmiyyət

  • Azərbaycanda müxtəlif dövlət qurumlarında çalışan insanlar zaman içində baş verən haqsızlıqlara dözməyərək etirazlarını bildirməyə başlayıblar. Hadisələrin gedişatı onu göstərir ki, hal hazırda bu qəbildən olan halların sayı durmadan artır. Lakin baş verənlər, yəni etiraz edənlərin aqibəti heç də yaxşı olmur. Onlar ya həbs olunurlar, ya da məcburiyyət qarşısında qalaraq ölkədən qaçmalı olurlar.

    Asiya.az xəbər verir ki, xeyli müddətdir SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, İdman Kompleksinin direktoru Ruslan Cəlilov da bu proseslərdən birinin iştirakçısıdır. Uzun müddət sözügedən qurumda fəaliyyət göstərən Cəlilov sonradan baş verən haqsızlıq və ədalətsizliyə dözə bilməyərək, çalışdığı idarədən istefa verib. Ardından isə o, bütün bu haqsızlıqla bağlı detalları və məlumatları ictimaiyyətə açıqlamağa başlayıb.

    Özünün Facebook səhifəsində SOCAR-da baş verən qanunsuzluqlar, korrupsiya və özbaşınalıqlarla bağlı videogörüntülər və faktlar açıqlayan Ruslan Cəlilov bir müddətdən sonra təhdid olunmağa başlanılıb. Bunun ardından onun təhdid olunması rəsmi müstəviyə keçib. Əvvəlcə SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəhbərliyi tərəfindən təhdid olunan Cəlilovu, sonradan müxtəlif hüququ mühafizə orqanlarına çağıraraq, faktları açıqlamaqdan çəkinməyi tələb ediblər. Bbu alınmadıqda isə onu həbs edəcəkləri, ailəsini incidəcəkləri barədə xəbərdarlıq ediblər.

    Amma Ruslan Cəlilov bütün bu təhdidlərə rəğmən, etirazını dilə gətirməkdə və faktları açıqlamqda davam edib. Hətta bununla bağlı hazırladığı videomüraciət və görüntülərin yayımın intensivləşdirib. Üstəlik, onu təhdid edənlərə xəbərdarlıq edib ki, onu heç bir vəchlə dayandıra bilməyəcəklər.

    Cəlilovun özünün dediyinə görə, korrupsiya və qanunsuzluqları açıqladıqca təhdidlərin sayı daha da artıb. Yenidən onu ayrı-ayrı dövlət qurumlarına çağırıb, sonuncu xəbərdarlıq ediblər. Bundan sonra isə onun orta məktəbdə təhsil alan övladlarına və ailəsinə də analoji qaydada təhdidlər başlayıb. Əvvəlcə, uşaqlar izlənilib, daha sonra isə həyat yoldaşına zəng edilərək, əri sakit dayanmayacağı təqdirdə aqibətlərinin pis olacağı barədə xəbərdalıq edilib.

    SOCAR rəhbərliyi haqqında yaydığı korrupsiya və qanunsuzluq faktlarından dolayı ailəsinin və özünün pis aqibətlə üzləşəcəyini yaxşı başa düşən Ruslan Cəlilov məcburiyyət qarşısında qalaraq, ölkəni tərk etməli olub. Ailəsi ilə birlikdə Avropa ölkələrindən birinə gedən Ruslan Cəlilov onlardan sığınacaq istəyib. Və oradan fəaliyyətini davam etdirəcəyini, bundan sonra da Azərbaycanda qanunsuzluq və korrupsiya halları ilə bağlı bildiyi faktları açıqlayacağını bəyan edib.

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər