Ən çox şikayət olunan icra başçıları kimlərdır?

Ən çox şikayət olunan icra başçıları kimlərdır?
  • Siyasət / Araşdırma / Manşet

  • Ağstafa və Yyevlaxın keçmiş icra başçılarının həbs olunması hal hazırda vəzifə başında olan rayon rəhbərlərini qorxuya salıb.

    Qeyd edək ki, hadisədən dərhal sonra bir çox icra başçıları əhalinin ayağına gedərək, onlarla görüş təşkil etməklə, özlərini işgüzar göstərməyə çalışırdılar. Hətta şəhid anasının evinə gedib onun əlini öpən icra başçısı belə fotoaparatın obyektivinə tuş gəlmişdi.

    Asiya.az-a daxil olan məlumata görə, hakimiyyət dairələri bütün bunlara rəğmən, əhalinin rəyini öyrənmək üçün yeni bir araşdırmaya başlayıb. Həmin məlumatlara görə, proses hakimiyyətə yaxın media ilə yanaşı, Sosial Tədqiqatlar Mərkəzinə həvalə olunub. Belə ki, STM-lə paralel olaraq sorğular keçirən media, məsələni Facebook səhifələrinə belə çıxarıb.

    Mənbələr bildirir ki, belə bir addımın atılmasının səbəb əhalinin daha çox hansı icra başçısından narazı olduğunu müəyyən etməkdir. İddia edilir ki, həmin sorğunun nəticəsi ilə yanaşı, Prezident Admnistrasiyasının şikayət və ərizələr şöbəsinin də rəyi nəzərə alınacaq. Yəni, həmin şöbə daha çox hansı rayon rəhbərindən şikayət olunduğunun statistikasını hazırlayıb, təqdim edəcək.

    Məlumatda deyilir ki, hal hazırda əsasən Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda sorğular aparılır. Bir müddət sonra isə sorğular kənd rayonlarında və digər şəhərlərdə reallaşdırılacaq.

    Verilən məlumata görə, hökumət mediasının keçirdiyi sorğunun təxmini nəticəsi belədir ki, ilk üçlüyə indiyə qədər daha çox şikayət edilmiş icra başçıları düşüblər. Sorğunun nəticələrinə görə, ilk yeri Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova tutur. Xanım icra başçısının ilk yerdə qərarlaşmasının səbəbi kimi, onun son dövrlər rayon sakinlərinə qarşı heç də xoş olmayan münasibəti, xeyli sayda evləri sökdürməsi, habelə Xırdalan şəhərində 3 ildən artıqdır davam edən qazıntı işlərinin başa çatdırılmaması göstərilir.

    İkinci sırada isə Sumqayıtın icra başçısı Zakir Fərəcovun qərarlaşdığı bildirilir. Məlumatlara görə, buna səbəb sözügedən şəxsin son dövrlər adının bir çox qalmaqallara qarışmasıdır. Belə ki, Fərəcovun adı bir müddət əvvəl sabiq baş prokuror Eldar Həsənovla şərikli biznesdə hallanmışdı. Bunun ardından isə borc qalmaqalı meydana çıxıb ki, həmin məsələ ilə bağlı vəziyyət olduqca gərgindir. Daha doğrusu, “A.V.Construction” şirkəti 3 ildir 8 milyon manat pulunu ala bilmir. Bununla bağlı, bütün dövlət qurumlarına müraciət edilib. Hətta şirkət yaxın vaxtlarda məhkəməyə belə müraciət etməyə hazırlaşır.

    Bundan əlavə, Sumqayıt camaatı xeyli müddətdir Zakir Fərəcovdan şikayət edir. Məsələ ilə əlaqədar Prezident Admnistrasiyasına da xeyli sayda şikayət məktublarının göndərildiyi vurğulanır.

    Aparılan araşdırmaların nəticəsi olaraq Sabunçu rayonunun icra başçısı Adil Vəliyevin adı 3-cü sırada qərarlaşıb. Yayılan məlumatlarda deyilir ki, Vəliyevin “reytinq”də ilk 3-lüyə düşməsinin əsas səbəbi əksər iri kəndlərin bu rayonun tərkibində olması, həmin kəndlərin isə xeyli sayda problemlərinin həll olunmamasıdır. Bundan başqa, Bakı kəndlərində tikilən evlərə görə, qalmaqallar da azlıq təşkil etmir. Əksəriyyət İcra Hakimiyyətindən bu məsələdə şikayətçi olduğunu açıqlayır.

    Bakı rayonlarının digər icra başçıları da aparılan sorğulara əsasən “dərəcələrə” bölünüblər. Onların bəziləri yeni olduğundan haqqlarında elə də şikayətlər diqqəti çəkməyib.

    Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər