Ağdam və Füzuli rayon icra hakimiyyətinin müəmmalı tenderləri

Ağdam və Füzuli rayon icra hakimiyyətinin müəmmalı tenderləri
  • Araşdırma, İQTİSADİYYAT, Manşet

  • Azərbaycanda tenderlərin və dövlət satınalmalarının ən çox korrupsiyalaşmış sahələrdən biri olaraq qaldığı heç kimə sirr deyil.

    Asiya.az
    xəbər verir ki, “azpolitika.info” dəfələrlə bu məsələni gündəmə gətirərək, dövlət vəsaitlərinin külli miqdarda mənimsənilməsinə ciddi şübhələr yaradan faktları ictimaiyyətə təqdim edib.

    Hazırda elə şirkətlər var ki, bir ayda 40-50 tender qazandığı, milyonlarla dövlət vəsaiti cəlb etdiyi halda, nə yeri bilinir, nə də yurdu. Yaxud, elə dövlət qurumları var ki, onların keçirdikləri tenderləri ardıcıl olaraq eyni şirkətlər qazanır.

    Həmçinin, bəzi tenderlərdə, dövlət satınalmalarında elə fantastik qiymətlərə rast gəlmək olur ki, burada şişirtməyə, mənimsəməyə yol verildiyini görmək üçün heç mütəxəssis olmağa da ehtiyac qalmır.

    Bu mövzu ilə bağlı iqtisadçı-ekspert Rövşən Ağayev də maraqlı status paylaşıb. İqtisadçı tenderlərlə bağlı elektron satınalmalar təşkil edilməsinə baxmayaraq, dövlət qurumlarının şəffaf mexanizmlərdən yayındığını bildirir.


    Konkret olaraq, Ağdam və Füzuli rayon icra hakimiyyətlərinin dövlət satınalmalarını misal gətirən iqtisadçı bu qurumların “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini pozduqlarını qeyd edir. Onun paylaşımını olduğu kimi təqdim edirik:

    “Büdcə korrupsiyasının çiçəklənməsinin əsas səbəblərindən biri də dövlət satınalmalarında şəffaflığın olmamasıdır. Son illər dünyada elektron satınalmalar, bəzi ölkələrdə hətta internet üzərindən onlayn translasiya olunan tender və hərraclar bu sahədə şəffaflığın əsas mexanizmlərindən birinə çevrlib.

    Axır 3-4 ildə Azərbaycan hökuməti də elektron satınalmaların təşkililə bağlı qanunvericiliyə dəyişiklik edib, etender.gov.az saytı yaradılıb və s.

    Amma önəmli olan mexanizmin nə dərəcədə effektiv işləməsi, formallıq xatirinə deyil, gerçək çalışmasıdır. Cəmi bircə nümunə deyim, özünüz nəticə çıxarın.

    “Dövlət satınalmaları haqqında” Qanunun 2 və 4-1-ci maddəsinə görə, bu qanunun təsir dairəsinə düşən bütün dövlət təşkilatları öz satınalma planlarını yuxarıda qeyd elədiyim elektron satınalma portalında yerləşdirməlidirlər – yəni bu, məcburi bir öhdəlikdir. Xeyli sayda təşkilat yerləşdirməyinə yerləşdirir, amma qanunun tələbini pozmaqla. Belə ki 2 və, 4-1-ci maddəyə görə, satın alınacaq malların (işlərin və xidmətlərin) adı, tərkibi, həcmi, miqdarı və ölçüsü əks olunmalıdır.

    Saytda yerləşdirilən xeyli sayda planda ad göstərilir, amma satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, miqdarı, həcmi və ya ölçüsü barədə hər hansı nümunə yoxdur.

    Məsələn, Füzuli rayonu İH-nin planında göstərilir: “uşaq bağcaları körpələr evi üzrə digər xərclər”. Miqdarı göstərilir 1 ədəd. Lakin nə satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, nə də onların ölçüsü və ya həcmi barədə heç bir informasiya yoxdur.

    Yaxud Ağdam rayon İH-nin satınalma planında göstərilir: “sair torpaq, tikili və avadanlıqların satın alınması”, “maşın və avadanlıqların satın alınması” və s. Bu planlarda da nə tərkib (hansı növ maşın və avadanlıq) var, nə də həcm və miqdar var.

    Qanunun nəzərdə tutduğu tələblərə və informasiya açıqlığına uyğun olmayan belə satınalma planlarının internet vasitəsilə açıqlanması nəyi dəyişir ki? Ən azından şəffaflığı artırmır. Çünki minimum şəffaflıq tələb və standartlarına belə cavab vermir.”

    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər