Bakının taksi xidmətində inqilabi dəyişiklik: gedişhaqqı artacaqmı? - RƏSMİ CAVAB

Bakının taksi xidmətində inqilabi dəyişiklik: gedişhaqqı artacaqmı? - RƏSMİ CAVAB
  • İqtisadiyyat

  • Prezident İlham Əliyev ötən həftə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən ölkədəki taksi xidmətinin hansı səviyyədə olması ilə maraqlanıb.

    Asiya.az xəbər verir ki, ölkə başçısı paytaxt Bakı başda olmaqla, bütün şəhər və rayonlarda taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində vacib tapşırıqlar verib.

    Verilən tapşırıqlardan sonra ölkə üzrə taksi xidmətinin təşkil olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilməyə başlayıb. Taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması dəqiq olsa da, bunun hansı şərtlər və meyarlarla tənzimlənəcəyi sual doğrurur.

    Yaranan suallara cavab tapmaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarovaya müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında bununla bağlı artıq komissiya yaradıldığını bildirdi:

    “Cənab Prezidentin paytaxt Bakı şəhəri və regionlara “Tx5” markalı yeni London taksilərinin 100 ədədinin 3 ay müddətinə gətirilməsi ilə bağlı verdiyi tapşırıq tam həllini tapacaq. Bununla bağlı artıq komissiya yaradılıb. Komissiya ən yaxın zamanda respublika üzrə sərnişindaşıma sahəsi, xüsusilə də taksi xidməti ilə bağlı təhlillər aparacaq və boşluqların həllinə başlayacaq.

    Taksi minik avtomobilləri də sərnişindaşıma fəaliyyətinin bütün digər növləri kimi eyni qanunvericilik aktları ilə tənzimlənir. Bildiyiniz kimi, əvvəllər lisenziyalar mövcud idi və bu mahiyyəti üzrə işləmədiyi üçün ləğv olundu. Bunun yerinə isə daha da sadələşdirilmiş bir sistem - taksi və digər sahədə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən daşıyıcı vergi öhdəliyi yaranan fərqlənmə nişanını əldə etməklə bu sahəyə başlaya bilir.

    Müəyyən qaydalar və kriteriyaların mövcud olduğu baza mövcud deyil. Lisenziyaların qayıtmasının təbii ki, tərəfdarı deyilik. Amma bunun bütün dünyada bir mexanizmi var. Bu mexanizm özündə həm də fərqlənmə nişanını ehtiva edir. Biz bu sistemin hazırlanması üçün hökumətə öz təkliflərimizi vermişik. Təklifin adı “Biznesə əlavə”, “Biznesə razılıq”, “Biznesə buraxılış” və başqa ola bilər. Təkliflər paketi özündə fərqlənmə nişanı və daşıyıcının üzərinə tələblər qoymağı ehtiva edəcək. Bundan sonra hansı taksi xidmətini kim göstərə bilər, bazasında olan hansı avto nəqliyyat vasitəsilə göstərə bilər. Həmçinin taksi sürücülərinin xüsusi seçilməsi üçün meyarlar qoyulacaq, istənilən vətəndaş yerindən qalxıb taksi sürücüsü ola bilməyəcək".

    Nuridə Allahyarova əlavə etdi ki, respublika üzrə rəsmi və qeyri-rəsmi 44 min ədəd taksi fəaliyyəti göstərir: "Bu rəqəmin 27 mini Bakı şəhərində, 17 mini isə digər şəhər və rayonlarda faəliyyət göstərir. 17 min ədədinin 3730 ədədi taksi xidmətində fərqlənmə nişanı ilə çalışır. Digər 13270 taksi fəaliyyəti göstərən fiziki şəxs sadəcə öz nəqliyyat vasitəsilə nəqliyyat daşımaqla məşğuldur. Bu da tənzimlənməsi çətin olan, lakin tənzimlənməli olan məsələdir.

    Qiymətlərdə heç bir artım və fərq olmayacaq. Tarif Şurası marşrut xidmətlərinə müvafiq standart tarifləri tətbiq edib. Amma taksilərdə bu qiymətlər yoxdur. Bizim tətbiq edəcəyimiz sistem ondan ibarət olacaq ki, taksometrlər quraşdırılacaq və kilometrə uyğun qiymət müəyyən olunacaq. Burada vahid tarif olmayacaq. Qiymətlərin artmaq məsələsi mümkün deyil".
    PAYLAŞ:

    Oxşar xəbərlər