Mandatmı önəmli, yoxsa dəyərlər? - 35-ci Dairə

Mandatmı önəmli, yoxsa dəyərlər? - 35-ci Dairə
  • Cəmiyyət

  • Dekabrın 7-də Ümid Partiyasının Ali Məclisi Milli Məclisə növbədənkənar seçkilərlə bağlı əksər namizədlərini müəyyən etdi. Açığı seçkilərin demokratik keçiriləcəyinə ümidsiz yanaşan biri kimi, mövcud hakimiyyətin seçkidə növbəti “qabıq dəyişmə” missiyası daşıdığını əsas gətirərək namizədliyimin verilməsini istəmədim. İnsafla desəm, partiya rəhbərliyində də qərarıma sayğı ilə yanaşdılar. Təxminən bir həftə içində partiyanın 80-dən artıq namizədi qətiləşdi və sənədlər müvafiq DSK- lara təqdim edilməyə başladı. Kimsəyə sirr deyil ki, “Ümid” namizədlərinin favorit dairələrinin başında məhz Xətai 35 saylı üçüncü seçki dairəsi durur. Və yəqin kimsə də etiraz etməz ki, 2001-ci ildən üç dönəm həmin dairənin deputatı olmuş İqbal Ağazadə son iki onilliyin ən aktiv, ən cəsarətli, seçicisinə qürur bəxş edən deputatı olmuşdur. 2015-ci ildə 10 minə yaxın səs toplamasına baxmayaq halal mandatının cəmi 410 səs toplamış birinə verilməsi də yəqin ki, məhz elə bu aktivliyin və cəsarətin xofundan qaynaqlanmışdı. 2019-cu ilin noyabrındakı məlum “adekvat olmayan parlament və buraxılma” olayından sonra İqbal Ağazadə dörd il öncə öz seçicisi tərəfindən göstərilən etimadı yenidən təsdiqləmək üçün həmin dairədən namizədliyini irəli sürdü. Seçicilərin düşüncəsinə görə dairənin şəriksiz lideri tez bir zamanda lazımi imzaları toplayıb DSK-ya təqdim etdi və qanunun tələb etdiyi müddətdə namizədliyi də qeydə alındı. Özü də ölkə üzrə qeydə alınan ilk namizəd kimi. Dörd il sonra seçicilərin, nəhayət ki, dairədə haqqın öz yerini tapacağına ümidləndiyi bir şəraitdə olduqca gözlənilməz bir olay yaşandı. Yeni Müsavat qəzetinin baş redaktoru, eyni zamanda İqbal Ağazadənin “abisi”, məhbəs yoldaşı, hətta ailə dostu Rauf Arifoğlu həmin dairəyə göndərildi. Jurnalist kimi yox a, məhz deputatlığa namizəd kimi. Özü də dostu( baxmayaraq ki, Rauf bəy artıq bu dostluqdan rəsmən imtina etmişdir) İqbal Ağazadə ilə öz kabinetində qəhvə içib, seçkini dəyərləndirib, keçmiş məhbəs yoldaşının “seçkiyə gedəcəksənmi?” sualına, “ hələ dairə ilə bağlı konkret qərar verməmişəm”(yəqin dairəmi göstərməyiblər demək istəyib) deməsindən tam üç gün sonra. Əcəba, nə baş verdi ki?

    Gerçəkdən illərin dostunu, ”xlebnikini”, həbsdə olarkən ailəsini belə ailəsinə etibar etdiyi birini deputat mandatı müqabilində dostluqdan silməyə dəyərdimi? Əslində Rauf Arifoğlunun hamımızı şoka salan bu qərarı toplumda, onu daha yaxından tanıyanlar üçün bir az təbii də qarşılandı. “Ondan hər şey gözlənilər” deyənlərin say çoxluğu da bizim heyrətimizə son qoya bilmədi. Axı necə ola bilər? Ölkədə 125 dairə var, niyə məhz 35 saylı? O, 35-ci dairədə şanssız olduğunu gözəl bilir axı. Ən azı üç gün öncə görüşdüyü dostu ilə bu məsələni bölüşə bilərdi. Amma məhz dostu ilə... İstər- istəməz düşüncəmizi məşğul edirdi bu fikirlər..
    Bəli, narahat olmuşduq, çünki gözləmirdik. Bəlkə də, tanımırdıq. Şəxsən mənim üçün bu xəbərlə bağlı mandat faktoru əsla önəm daşımırdı və indi də daşımır. Amma necə olsa, ortada illərin “haqqı-salamı” var idi. Etiraf edim ki, dəfələrlə üstünə virtual hücumlar olanda İqbal bəy “abisinin” mövqeyini müdafiə edərək, partiya üzvlərindən ona dəstək verilməsini belə istəmişdi. Hələ bir neçə ay öncə Yeni Müsavat qəzetinin yubileyinə gedə bilməyəcəyimi ifadə edəndə də, İqbal bəyin səssiz narazılığını sezmişdim. Adam bütün parametrlərdə əski məhbəs dostunun cəmiyyətdəki “bulaşmış” imicinin bərpası üçün çalışırdı. Siyasətdə dəyər anlayışını konyuktur yanaşmanın, praqmatizmin fövqündə sayan biri kimi zaman-zaman bu kimi yanaşmalara etiraz etsəm də, 2020-ci ilin başlanmasınadək bu durum, bu birtərəfli sadiqlik ənənəsi dəyişmədi. Və nəhayət hakimiyyətin növbəti seçki məzhəkəsi başladı (9 fevral seçkilərində beş-altı dairə istisna olmaqla qalan seçki dairələrində demokratik seçkinin keçirilməsinə inanmamışam və bu gün də inanmıram). İki əski dostun seçki rəqabəti ilə bağlı Pənah Hüseyn münsifliyində (hərçənd o da sonradan bitərəfliliyini pozdu) baş tutan görüşdən sonra İqbal Ağazadə bütün tərəfdarlarından istədi ki, Rauf Arifoğlunun əleyhinə hər hansı paylaşımdan, açıqlamadan çəkinsinlər. Və elə də etdik. Biz susduq, dinmədik, yazmadıq, di gəl, ona qarşı minlərlə insan susdumu? Baxmayaraq ki, qarşı tərəfin Ümid Partiyasının sədrinə qarşı kin, hikkə, qərəz, böhtan, təhqir dolu mövqeyi onun qərargahında əhd- peyman təzələyən “jurnalist”lərin saytlarında da, sosial mediadakı tərəfdarlarının səhifələrində də tirajlandı. Özü də ən hörmətsiz, ən aşağılayıcı tərzdə. Biz susduqca ,qarşı tərəf aqressiyasını daha da artırdı. Görünür zaman keçdikcə artıq real seçici antipatiyası ilə üz-üzə qaldılar və bu gerçəyi aqressiv yazılara, təhqir, böhtan müstəvisinə keçirməkdə maraqlı idilər. Özü də bu yazılar 26 yanvarda Rauf Arifoğlunun məhz Daşaltı faciəmizin ildönümündə təbliğat konserti təşkil etdiyi dönəmdə daha da artdı. Yeri gəlmişkən, Daşaltıda şəhid olan 77 şəhidimizin ruhunu incidən bu seçki rəzaləti haqda Qarabağ qaziləri də kəskin etirazlarını bildiriblər. Mandatı nəinki seçicinin səsi ilə, məhz jurnalist və şoumen dostlarının, habelə Mətbuat Şurasının ( ölkədə bircə Mətbuat Şurası var və o, mütləq bitərəfliliyini qorumalı idi), Zeynal kişinin, Əli babanın, Seyid Tağının, Rafiq dayının köməyilə almağa ümid edən Rauf bəy görünür, 9 fevralda öz seçicilərini Xoşqədəm xanımın “Səni axtarıram”ında axtarmağı belə öncədən düşünüb. Çünki son iki həftə ərzində 35 saylı dairədə seçicinin öz seçimində israrlı olduğuna əyani şahid oldular. Şəxsən mənim monitorinq etdiyim binalar vardı ki, əksəriyyətində sakinlər İqbal Ağazadədən başqa namizədi heç tanımırdılar belə. Cüzi istisnalarla tanıyanların da mövqeləri, Youtube-dakı videoların altında yazılan şərhlərdən fərqli deyildi( Bütün internet kanallarında, hətta sahibi olduğu MüsavatTv-də belə Rauf Arifoğlu ilə bağlı əksər video materiallar izləyicilərin “dislike”və təhqir atəşinə tutulmuş, sonradan Rauf bəyin xahişi ilə şərh bölümləri qapadılmışdır). Etiraf edim ki, mən Azərbaycanın çağdaş tarixində kiməsə qarşı bu həddə “ümumxalq nifrətinə” şahid olmamışdım. Özü də heyrət doğuracaq həddə. Gerçəkdən millətin, toplumun sevgisini qazanmaq qədər qürurverici hiss ola bilərmi? İnsan oğlu, xüsusilə ictimai-siyasi çəkisi olan kimsə bütün şüurlu həyatını bu sevgini qazanmaq üçün çalışmırsa, o zaman xalqın rəğbətinə də ümid bağlaya bilməz. Bəlkə də, elə bu “nifrət selinin” , kütləvi təhqirlərin əsas səbəbi 2000-ci illərin əvvəllərində sərgilənən radikallığın, hətta ölkə prezidentlərini hədəf alan aşağılayıcı mövqelərin və illər sonra həmin yanaşmanın 180 dərəcə dəyişərək mədhiyyəyə, tərifə çevrilməsində idi. Görünür toplum üçün heç nə unudulmur. Hətta 2003- cü ilin martında İraqa atılan “Tamaqaft” raketlərilə bağlı ABŞ Dövlətinə ünvanlanan “ Bizi nə vaxtsa vurmaq lazım deyil, beş “Tamaqaft”ın pulunu versəniz, Azərbaycanı özümüz xilas edərik” kimi avantürist və milli təhlükəsizliyimizi hədəf alan bəyanatlar belə yaddaşlardan silinməyib. ( R.Arifoğlu, Etimad qəzeti 29.03.2003). Hər halda indi keçmişi yox, bugünü dəyərləndiririk ,amma yenə dəyərlərə söykənərək. Yeri gəlmişkən bütün dəyərləri çeynəyib, dəyər iddiası etmək qədər həyasızlıq nümunəsi də tanımıram. Əgər bu gün mənsub olduğum partiya sədrinin seçki qərargahında ləyaqət mübarizəsinə qatılmışamsa da, bu təkcə partiya mənsubiyyətimə görə deyil, çünki partiyamızın 19 namizədinin yanında olmaq da borcumdur. Hər gün 35-ci dairədə İqbal Ağazadənin seçki kampaniyasına dəstək verməyimin əsas səbəbi isə, məhz dost bildiyi adam tərəfindən tapdanan dəyərlərə etirazımdan qaynaqlanır.

    Seçkiyə gəlincə, bu gün seçici və bütünlükdə Azərbaycan insanı susqundur ,amma etirazçı olmasa da belə, çox narazıdır. Elə hakimiyyətdən də də narazıdır, özünü hakimiyyətin girovuna çevirənlərdən də. Necə ki, bu narazılıq 9 fevral seçkiləri öncəsi aparılan bütün sorğularda da öz əksini tapıb. Ölkənin sayı 20-yə çatan Tv kanallarında seçki əhval-ruhiyyəsi hiss olunmasa da, virtual məkanda seçki savaşını, nisbi dinamikanı müşahidə etməkdəyik. Özü də kiçik istisnalar olmaqla hakimiyyət namizədlərinin ifşası ilə, “təyinatlı” namizədlərin təbliğat uğursuzluğu ilə müşayiət olunan şəkildə. Şübhə etmirəm ki, 35-ci dairədə icra strukturlarının dəstəyindən bəhrələnən namizəd də 9 fevralda bu narazılığı daha yaxından “ləms” edəcək. Buna artıq sayılı günlər qaldı. İstisnasız olaraq bütün sorğularda İqbal Ağazadəyə əzici üstünlüklə uduzan namizədin səsvermə sonucu fiasko yaşayacağına əsla şübhə etmirəm.

    Hələ 140 il öncə Viktor Hüqo deyirdi ki, “İnsan olmaq- öz haqlarını əldə etmək, vətəndaş olmaq - öz öhdəliklərini yerinə yetirməkdir". Bizim ölkəmizdə normal seçki mühiti olmasa da, 35-ci dairədə seçici də var, seçici fəallığı da. Özü də 2015-ci ildə haqqı tapdanmış , bir az da qəzəbli seçici. Şübhə etmirəm ki, həmin seçici 9 fevralda öz haqqını almaq üçün, vətəndaş olaraq öz öhdəliyini yerinə yetirmək üçün seçki məntəqəsinə gedəcək və öz sözünü deyəcək. Sonucu bilirik, çünki seçicini bilirik. Qalır, sadəcə həmin sonucları qorumaq və rəsmiləşdirmək. Yəqin ki, o da olacaq.

    Zehnimdəki bir fikir isə heç cür məni tərk etmir: “Gerçəkdən bir mandata görə dəyərdimi?!”

    Müəllif: Rüfət Muradlı
    PAYLAŞ:

    Oxşar xəbərlər