“Deyirlər ki, oğlunun 8 yaşı var, gedib işləsin” – MASALLIDA BİR AİLƏ ÇIXILMAZ VƏZİYYƏTDƏ

“Deyirlər ki, oğlunun 8 yaşı var, gedib işləsin” – MASALLIDA BİR AİLƏ ÇIXILMAZ VƏZİYYƏTDƏ
  • Sosial / Araşdırma / Manşet

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sözün həqiqi mənasında yoxsul təbəqənin üzərində eksperiment keçirir.

    Asiya.az xəbər verir ki, bu yaxınlara qədər ünvanlı sosial yardımların verilməsi qaydalarına əsasən bu haqqa sahib olmaq üçün rayon yerində yaşayan vətəndaşın nəqliyyatı, torpaq sahəsi olmamalıydı. İndi isə qaydaları dəyişiblər. Şərtlər isə o qədər gülməlidir ki, həmin imkana sahib olanlar ünvanlı sosial yardıma gözlərinin ucuyla da baxmazlar.

    Masallı rayon, İsgəndərli kənd sakini Baxış Qasımov JAMAZ.İNFO-ya müraciət edərək bildirir ki, ötən ilin yanvarından 285 manat ünvanlı sosial yardım alıb. Üç uşaq atası olan Qasımov deyir ki, bu ilin yanvarından etibarən ona verilən ünvanlı sosial yardım kəsilib. Səbəb isə olduqca qəribədir: “Masallı Sosial Müdafiə Mərkəzində mənə dedilər ki, ayrılmış ünvanlı sosial yardımın kəsilməsinə səbəb övladımın 8 yaşının tamam olmasıdır. Digər səbəb kimi isə onu göstərdilər ki, gərək mənim torpaq sahəm ola”.

    Baxış Qasımov deyir ki, hələ aqrar islahat aparanda onlara paybəlli torpaq sahəsi verməyiblər. Onun sözlərinə görə, İisgəndərli kəndi daha çox qəsəbədir və orada yaşayanların böyük əksəriyyətinin torpağı yoxdur. “Bir zamanlar deyirdilər ki, torpaq sahən varsa, sənə pul düşmür. İndi də deyirlər ki, gərək torpağın ola. Lap deyək torpağım var. Onu əkib-becərməyə imkanım yoxdursa, o torpaq mənim nə işimə yarayacaq. Bunlar biz kasıbları ələ salırlar. O pulu verməmək üçün bütün bəhanələrdən istifadə edirlər”.

    Masallı sakini bildirir ki, övladının 8 yaşının tamam olması ilə bağlı məsələ də həddindən artıq gülməlidir. “Mənim böyük oğlumun 8 yaşı bu il tamam olub. İndi necə edək? 8 yaşlı uşaq nəyə qadirdir ki, onun haqqını kəsirdlər? Bəlkə, Əəmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesab edir ki, 8 yaşlı uşaq işləyə bilər? Bunlar dəli olublar, ağıllarını itiriblər”.

    Baxış Qasımov deyir ki, o, 3 oğlan böyüdür və heç bir yerdə işləmir. “Mənim imkanım olsaydı dövlətin bir qəpiyinə də möhtac olmazdım. İş versinlər, gedim işləyim. Axı, onu da etmirlər. Gedirsən, Məşğulluq İdarəsinə sənə min də bəhanəylə bildirirlər ki, yaxşı iş üçün ya pul verməlisən, ya da əmək haqqısı həddən artıq az olan iş təklif olunur. İndi biz neyləyək? Acımızdan ölək?”

    Rayon sakini qeyd edir ki, bununla bağlı Masallı SMM-ə müraciət etsə də, heç bir xeyri olmayıb. Onun sözlərinə görə, digər dövlət qurumlarına müraciət etməyi düşünür. Elə mətbuat vasitəsi ilə həm ƏƏSMN-ə, həm də digər qurumlara çatdırır ki, ona bu məsələdə köməklik etsinlər. “Əgər mənə kömək edilməsə, ölkə vətəndaşlığından imtina edəcəm. Bu gün mənim uşaqlarımın ac və ya tox olduğunu düşünməyən, vecinə almayan, onu taleyin ümidinə buraxan bir dövlət sabah onları məndən nə üzlə əsgər istəyəcək? Və mən niyə övladlarımı onların ixtiyarına verməliyəm? Hətta Ermənistanda azərbaycanlı olaraq yaşasaydıq belə, bunlar kimi bizi ələ salıb, hörmətsizlik etməzdilər. Gedib, başqa bir ölkənin vətəndaşlığını qəbul edəcəm. Qoy, övladlarım da, ailəm də normal şərtlər altında yaşasın. Daha bu hoqqabazların ümidinə qalmasın”.

    Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini öyrənə bilmədik. Gün ərzində onların da məsələyə münasibətini öyrənməyə çalışacağıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər