Keçmiş İcra başçısının oğlu həyat yoldaşını belə bıçaqlayıb-VİDEO- Yenilənib

Keçmiş İcra başçısının oğlu həyat yoldaşını belə bıçaqlayıb-VİDEO- Yenilənib
  • Cəmiyyət / Manşet

  • D.Bəhmənovanın anası Elmira Zeynalova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızı ilə keçmiş kürəkəni 17 il evli olub:

    “Onların 15 yaşlı qızı, 20 və 6 yaşlı iki oğlu var. Ceyhun dindar idi, evlənən kimi qızımı hicab bağlamağa məcbur etdi. Qızı olanda ona da zorla hicab bağlatdırmışdı, onu məktəbə getməyə qoymurdu. Bu illər ərzində daim ailəsinə zülm verib, onları evdən çölə buraxmırdı. Oğlunun 16 yaşı olanda namaz qılmaqdan imtina etdiyi üçün evdən qovmuşdu. Mən və xalaları onu götürüb saxladıq, indi Avropada təhsil alır.

    Ceyhun bir dəfə qızıma 11 bıçaq zərbəsi vurmuşdu, atası Nizami sağ olduğu üçün onun köməkliyi ilə azadlığa buraxılmışdı.

    Ceyhun daim qızımı təhdid edirdi, onu bizi öldürəcəyi ilə hədələyirdi. Biz də dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Amma bizə deyirdilər ki, təhdidə görə heç kimi həbs edə bilmərik, hələ ki, sizə heç nə etməyib. Ceyhun qızına və azyaşlı oğluna zülm edirdi, onları təhqir edirdi. Bunlar başlayanda artıq qızım dözmədi, boşanmaq istədiyini bildirdi. Özünə edilənlərə isə illərlə dözmüşdü. Qızım boşanmaq istəyəndə Ceyhun buna qarşı çıxdı, boşanacağı təqdirdə hamımızı öldürəcəyini demişdi.Qızım Dilarə ondan boşandı və imtahan verərək Naxçıvanda ibtidai sinif müəllimliyinə qəbul oldu. Uşaqlarını götürüb ora getmişdi, özünün də, qızının da hicabını açmışdı. Uşaqlarını məktəbə qoymuşdu, normal həyatına davam edirdi, özü də müəllim işləyirdi. Üç gün əvvəl qızını həkimə göstərmək üçün Bakıya gəlib. Onların yerini Ceyhuna kimin dediyini bilmirik. Amma Dilarə qızı ilə poliklinikadan çıxanda Ceyhun arxadan ona hücum edib və 16 bıçaq zərbəsi vurub. Zərbələr Dilarənin əllərini, ağciyərini parçalayıb, qabırğalarını sındırıb, böyrəyini, beynini zədələyib. Üç bıçaq zərbəsi qızımın ürəyinin altından dəyib. Ceyhunun əlində iki bıçaq olub və eyni vaxtda hər ikisi ilə zərbələr vurub. Daha sonra qızını tutaraq zorla özü ilə aparmaq istəyib, amma qızı çıxaraq Dilarənin yanına gəlib. Təcili tibbi yardım gələnə kimi qızı Dilarənin boğazındakı yaraları əlləri ilə tutaraq qanın axmasının qarşısını almağa çalışıb.

    İndi qızımı “Semaşko”dan çıxarıb özəl xəstəxanaya yerləşdirmişik, lakin həkimlər yaşayacağına ümid olmadığını deyirlər. Biz istəyirik ki, qızımı bu hala salan insana layiqli cəza verilsin”.

    Keçmiş İcra başçısının oğlu həyat yoldaşını belə bıçaqlayıb-VİDEO- Yenilənib

    Dilarə Bəhmənova

    Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, C.Bəhmənov barəsində artıq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi, CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilib.

    ***

    Məişət zorakılığı Azərbaycanda günü-gündən geniş miqyas almağa başlayıb və artıq çoxdandır ki, cəmiyyət üçün təhlükəyə çevrilib. Mütəxəssislər məişət zorakılığını gizli cinayət adlandırırlar, çünki təkcə qadınlar deyil, kişilər də ailədə zorakılıq faktlarını gizlətməyə çalışırlar.

    Məişət zorakılığının ancaq əyyaşların və sabiq məhkumların yaşadığı yoxsul ailələrin taleyi olduğu barədə fikir də yanlışdır. Maddi baxımdan zəngin olan ailələrdə də, hansı ki, üzvləri ali təhsillidir və yüksək sosial statusa malikdirlər, belə hadisələr yaşanır.

    Ötən gün Bakının Yasamal rayonunda bu iddianı təsdiqləyən cinayət törədilib. Şuşa şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənovun oğlu keçmiş həyat yoldaşını öldürməyə cəhd edib. Cinayətin qurbanı 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənova olub.

    1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov fevralın 1-də günorta Hüseyn Cavid parkının yaxınlığında 15 yaşlı qızı ilə gəzən D.Bəhmənovaya bıçaqla hücum edib. Onun bədəninə, üzünə və boğazına ümumilikdə 16 bıçaq zərbəsi vurub.

    O, cinayət yerindən gizlənməyə çalışsa da, ərazini mühafizə edən polis həmin şəxsi saxlayıb. Qadın xəstəxanaya aparılıb.

    Yeri gəlmişkən Oxu.Az-ın müxbiri zərərçəkənin Amerikada yaşayan bacısı Zumrud Forbus ilə əlaqə saxlayıb. Qadın bu ailənin həyatından bəzi təfərrüatları açıqlayıb.

    Məlum olub ki, bu, C.Bəhmənovun Dilarəyə ikinci hücumudur. 1998-ci ildə hələ nişanlı olan vaxt Ceyhun ona 11 bıçaq zərbəsi vurub, lakin cinayət faktı Bəhmənovun atasının geniş əlaqələri sayəsində gizlədilib.

    Buna baxmayaraq, 1999-cu ildə Dilarə Ceyhunla evlənib.

    Bacısının sözlərinə görə, D.Bəhmənova sözün həqiqi mənasında ev dustaqlığında olub, əri onu heç yerə buraxmayıb, mütəmadi döyüb və namaz qılmağa məcbur edib.

    Bu evlilikdə onların üç övladı olub. Böyük oğlunun 19, qızının 15, üçüncü oğlunun isə 7 yaşı var. 17 illik evlilikdən sonra cütlük boşansa da, kişi bununla barışa bilməyib.

    Son cinayət isə 15 yaşlı qızının gözü qarşısında törədilib. Bu əməldən sonra kişi qızına tərəf çevrilərək "Mənimlə gəl, anan artıq öldü", - deyib.

    Saxlanılan şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3 maddələri ilə (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) cinayət işi açılıb.

    Z.Forbusun sözlərinə görə, hazırda D.Bəhmənovanın vəziyyəti kritikdir.

    Xatırladaq ki, C.Bəhmənov 6 ay öncə ondan boşanmış arvadını poliklinikadan çıxanda bıçaqlayıb. Həmin zaman D.Əliyeva 15 yaşlı qızını həkimə gətiribmiş.

    Qeyd edək ki, saxlanılan şəxsin atası Nizami Bəhmənov 2008-ci ildə vəfat edib.






    Keçmiş İcra başçısının oğlu həyat yoldaşını belə bıçaqlayıb-VİDEO- Yenilənib
    PAYLAŞ:

    Oxşar xəbərlər