Tutulan icra başçısının “rəhbərlik etdiyi əməliyyatlar” - İDDİALAR, DOSYE, RƏSMİ AÇIQLAMA

Tutulan icra başçısının “rəhbərlik etdiyi əməliyyatlar” - İDDİALAR, DOSYE, RƏSMİ AÇIQLAMA
  • Siyasət / Manşet

  • Yerli medianın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub.

    Bildirilir ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

    Asiya.az xəbər verir ki, İsmayıl Vəliyevin adı bundan əvvəl xeyli qalmaqalda hallanıb.

    Yerli mətbuatda İsmayıl Vəliyevin qanun pozuntularına yol verməsi ilə bağlı bir çox iddialar yer alıb.

    Məlumatların birində qeyd olunurdu ki, icra başçısı Neftçalada özünə bazar tikdirib və bazarın ətrafındakı dükanları sökdürüb.

    Ümumiyyətlə, İsmayıl Vəliyev yerli sahibkarları sıxışdırması xəbərləri ilə gündəmə gəlib.

    Bundan başqa, icra başçının fəaliyyətinin rayonda kütləvi narazılıq yaratdığı haqqında da xəbərlər mediada yer alıb.

    Onun Neftçala sakinlərindən pay torpaqlarını zorla alınması “əməliyyatına rəhbərlik etməsi” də yazılanlar siyahısındadır.

    İsmayıl Vəliyevin qurduğu şəbəkənin rayonun səhiyyəsini bərbad hala qoyması yazılırdı.

    İcra başçısının həkimlərə “tas” qoyması barədə məlumatlar informasiya məkanında dövriyyəyə buraxılıb.

    Bundan başqa, icra başçısının səyi və təşəbbüsü ilə xeyli işçinin maaşının mənimsənildiyi də bildirilir.

    İcra başçısının qohumluq əlaqələrini işə salaraq vəzifəsindən sui-istifadə etməsi, bununla da rayonda bütün təşəbbüsü ələ alması barədə məlumatlar da mətbuat səhifələrində çoxdur.

    Asiya.az saxlanılan icra başçısının dosyesini təqdim edir:

    Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.

    O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.

    Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib.

    1991-1992-ci illərdə "İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

    01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz” məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.

    Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

    Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər