Azərbaycanda koronavirusa görə amnistiya elan edilməsi təklif olundu

Azərbaycanda koronavirusa görə amnistiya elan edilməsi təklif olundu
  • Sosial

  • Fikrət Fəraməzoğlu: “Hüquq müdafiəçiləri, vəkillər, hüququşünaslar və keçmiş siyasi məhbuslar bir araya gələrək, aktın layihəsini hazırlamalıdır”

    “Təklif edirəm ki, koronovirusun qapalı tipli institutlarda risk dərəcəsinin yüksəkliyini nəzərə alaraq, siyasi məhbusların hamısına şamil olunmaqla yaxın günlərdə böyük amnistiya elan edilsin”. Bu təkliflə tanınmış iqtisadçı, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu çıxış edib.

    Azərbaycanda koronavirusa görə amnistiya elan edilməsi təklif olundu
    Qubad İbadoğlu
    O deyib ki, bununla yanaşı, həbsxanalar və kazarmalar dezinfeksiya olunmalıdır.

    Məsələ ilə bağlı JAMAZ.İNFO-nun baş redaktoru, keçmiş siyasi məhbus Fikrət Fəraməzoğlu da fikirlərini bölüşüb. O, Qubad İbadoğlunun təkliflərini dəstəklədiyini və alqışladığını bəyan edib. “Çox hörmət bəslədiyim iqtisadçı, siyasət adamı Qubad İbadoğlu həm maraqlı, həm də vacib olan bir təkliflə çıxış edib. Alqışlayıram və dəstəkləyirəm”.

    Azərbaycanda koronavirusa görə amnistiya elan edilməsi təklif olundu
    Fikrət Fəraməzoğlu
    Baş redaktor deyib ki, bununla bağlı hələ xeyli əvvəl hüququ müdafiəçiləri ilə epizodik müzkirələri olub. “Məsələni petisiya və kampaniya şəklinə salmaq üçün geniş təkliflərin hazırlanmasını təklif etmişdim. Təəssüf hissi ilə qeyd edim ki, vaxt darlığı və səhhətimdəki problemlər bu müzakirələrin daha geniş şəkildə aparılmasına imkan vermədi. Amma Qubad İbadoğlu bu istəyimi və təklifimi gündəmə gətirdi”.

    O bildirib ki, hal hazırda Azərbaycan hakimiyyəti təkcə koronovirus xəstəliyi ilə əlaqədar deyil, həmçinin siyasi məhbus və haqsız yerə həbs olunanlarla bağlı problemin çözülməsi məqsədi ilə geniş amnistiya verməlidir. “Qubad bəyin təklifinə qüvvət olaraq şəxsi fikrim ondan ibarətdir ki, verilməsi zəruri olan amnistiya təkcə, "yüngül və az ağır cinayətlər" kateqoriyasına şamil edilməməli, "ağır və xüsusi ilə ağır" cinayət növlərinə də şamil olunmalıdır. Dustaqlar arasında buna "razqruzka" deyilir”.

    Fikrət Fəraməzoğlunun özünün də təklifləri var. O deyir ki, amnistiya aktı bütün kateqoriyadan olan cinayət növlərinə şamil olunmalıdır. “Həmin aktda yüngül cinayət törədənlərin cəzası 1 il, az ağır cinayət törədənlərin cəzası 2 il, ağır cinayət törədənlərin cəzası 4 il, xüsusi ilə ağır cinayət törətmişlərin cəzası isə 6 il müddətinə azaldılmalıdır. Əgər belə bir akt qəbul edilərsə, hazırda həbsdə olanların 80 faizə qədərinin azadlığa çıxmaq imkanı yaranacaq”.

    Baş redaktor vurğulayıb ki, amnistiya aktında siyasi məhbuslarla bağlı bölmənin olması hakimiyyət tərəfindən qəbul edilməyəcəyini nəzərə alaraq, onların qeyri-şərtsiz azadlığa buraxılması təmin olunmalıdır.

    Amma Fəraməzoğlu heç də hamının azadlığa buraxılmasını məqbul hesab etmir. Onun sözlərinə görə, elə cinayət əməli törədənlər var ki, onları azadlığa buraxmaq heç bir halda doğru deyil. “Nəzərimcə, akt xüsusi amansızlıqla qətl törədənlərə, terrorçu qruplaşmalara qoşulanlara, habelə çəkisi 100 qramdan artıq olan ağır narkotik vasitələrin satışı məqsədi ilə həbs olunanlara şamil edilməməlidir. Ağır narkotik vasitə dedikdə bura heroin, şüşə, metafitamin və bu qəbildən olan ağır hesab edilən narkotik vasitələr aiddir. Onun alveri ilə məşğul olanlar sözün həqiqi mənasında bu cəmiyyətə düşmən kəsiləndirlər. Amma burada marixuana və ya tiryək dünyanın heç bir yerində ağır narkotik vasitə sayılmır. Bu vasitələrdən istifadə edənlərin cinayətə meyilli olduqları da az rast gəlinəndir. Ümumiyyətlə, bu geniş mövzudur”.

    JAMAZ.İNFO-nun rəhbəri sonda onu da təklif edib ki, hüququ müdafiəçiləri, vəkillər, jurnalistlər tez bir zamanda bir araya gələrək, bu məsələni geniş müzakirə etməli və amnistiya layihəsi hazırlamalıdırlar. “Qısa zamanda bir araya gəlib bu məsələni müzakirə etmək lazımdır. Layihə hazırlayıb onu parlamentə təqdim etməliyik. Və bu aktın qəbul edilməsi üçün lazım olan bütün addımların atılmasına çalışmalıyıq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər