"Ümummilli həmrəyliyimizlə əlaqəli verdiyim təklif deyəsən yanlış anlaşılıb" - Rəşad Mahmudov

"Ümummilli həmrəyliyimizlə əlaqəli verdiyim təklif deyəsən yanlış anlaşılıb" - Rəşad Mahmudov
  • Cəmiyyət

  • “Cəmiyyətin birlik və həmrəylik nümayiş etdirməsi üçün verdiyim təklif düşünürəm ki, səhv anlaşılıb”...

    Asiya.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin son iclasında Novruz bayramı axşamı insanları koronavirusa qarşı mübarizə ilə əlaqədar həmrəylik nümayiş etdirmək üçün evlərin eyvanına çıxıb şam yandırmağa çağırması ilə bağlı təklifinə aydınlıq gətirərkən deyib.

    R.Mahmudov bildirib ki, bəzi KİV-də “həkim şamla koronavirusu müalicə edəcək” başlıqlı yazıları görəndə təəccüblənib: “Yəqin ki, vermək istədiyimiz mesajı verə bilmədik. Biri hətta yazmışdı ki, “Rəşad Mahmudov şam biznesi ilə məşğul olur ona görə bu təkliflə çıxış edib”. Burdan demək istəyirəm ki, mənim şam biznesi ilə heç bir əlaqəm yoxdur. Dünən Milli Məclisin Plenar iclasında mən Konfutsinin bir kəlamını xatırlatdım: “Qaranlığa söymək əvəzinə bir şam yandır”. Bunun bizim yandıracağımız şamla əlaqəsi yoxdur, bu fəlsəfi düşüncədir. Bu gün dünya qaranlığa gedən problemlə üz-üzədir. Dünya tarixində bütün qitələrin insanlarını bir amal uğrunda birləşdirən hadisə mənim tarix yaddaşımda yoxdur. Müharibələr insanları birləşdirsə də, burada iki cəbhə olub: biri öldürən, biri isə ölən. Amma bu gün insanlıq bir amal uğrunda birləşib”.

    Millət vəkili qeyd edib ki, şam, səməni, tonqal Novruz bayramının ən önəmli atributlarından biridir: “Biz tonqal ətrafında toplaşsaq, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməmiş olarıq. Bu gün dünyada səhiyyədən daha çox sosial izolyasiya epidemiyanın qarşısını almaq üçün faydalıdır. Bunu etmək üçün bayramda hamı ilə bayramlaşmaq, tonqal arxasında yığışmaq yerinə evimizdə olmalıyıq. Dünyada insanlar heç nə edə bilməsə də, həmrəylik nümayiş etdirmək üçün bir sıra addımlar atır. Məsələn, İtaliyada eyvana çıxaraq, mahnı oxuyub, əl çalıb birlik nümayiş etdirir. İspaniyada, İtaliyada edilən bu kimi hərəkətlər dünyaya olduqca müsbət mesajdır. Novruz bayramı gecəsi biz də hökumətin və dünyanın səsinə səs verərək, sosial izolyasiyaya reaksiya verdiyimizi göstərmək üçün belə mesaj verə bilərik. Bayram gecəsi eyvanlarda əlimizdə şamla gələcək bayramlarımıza ümidlə baxdığımızı dünyaya göstərməliyik. Bu sosial həmrəylik, vətəndaşın milli təhlükəsizliyinə qarşı ölkədə kiçikdən-böyüyə kimi insanların ruhən birlikdə olmasıdır. Həkim, səhiyyə nə etməli olduğunu bilir, hökumət lazımı qərarlar verir, vətəndaş cəmiyyəti də bu çağırışlara bu şəkildə cavab verə bilər. Dünyada olan kütləvi tədbirlərdən daha ucuz vasitə ilə biz bunu edə bilərik. Bu, dünyaya həm də var olduğumuzu göstərmək üçün bir imkandır. Çıxışımda da qeyd etdim ki, təklifim qəbul olunarsa, cəmiyyət olaraq, həmrəy olduğumuzu ortaya qoymaq üçün çox gözəl fürsət yaranmış olar. Bu, həm də bizim keçmişimizə, bayramlarımıza, gələcəyimizə münasibətimizdir”.

    R.Mahmudov təklifinin cəmiyyətdə yanlış anlaşılmasının səbəblərinə də aydınlıq gətirib:

    “Bədənimizdə hər gün xərçəng yaratmasa belə, yüz minlərlə xərçəng hüceyrəsi yaranır. Bədənin sağlam hüceyrələri xərçəng hüceyrələrin yox edir. Cəmiyyət də belədir. Yəni, cəmiyyət içərisində də müsbətə də mənfi gözlə baxa bilən insanlar var. Amma cəmiyyətdə sağlam düşüncəli insanlar olduğu müddətdə belə insanlar cəmiyyəti narahat etməyəcək”. ( APA)
    PAYLAŞ:

    Oxşar xəbərlər