Saatlı sakini Saatlı Rayon İcra Hakimiyyətindən şikayətçidir

Saatlı sakini Saatlı Rayon İcra Hakimiyyətindən şikayətçidir
  • Sosial / Araşdırma

  • Saatlı sakini Ülkər Əliyeva özünə iş tapmır, həyat yoldaşı isə xəstəliyə görə əmək fəaliyyəti ilə məşğul ola bilmir.

    Asiya.az
    -ın məlumatına görə, bunu narazı vətəndaşın özü deyir: “Döşəmə o qədər çürüyüb ki, üstündə gəzə bilmirik. Yerə dəmirlər bərkitmişik ki, ayağımız döşəmənin arasına düşüb yaralanmasın. Ev başımıza çökür, ac, susuz, iş yox, çörək yox, necə yaşayaq, bilmirik”. Saatlı sakini Ülkər Əliyeva işsiz və çarəsizdir. O, xanımı olduğu 4 nəfərlik ailənin dolanışığından gileylidir.

    Ülkər xanım danışır ki, həyat yoldaşı ruhi xəstədir, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən də ailənin yükü onun çiyinlərinə düşüb. Ancaq Ülkər xanım uzun müddətdir ki, bu yükü bir yerə çıxarmaq üçün özünə münasib bir iş tapa bilmir: “Dəfələrlə Saatlı Rayon İcra Hakimiyyətində, rayondakı Məşğulluq Mərkəzində olmuşam. Konkret deyirlər ki, bizdə iş yoxdur. Bəs vətəndaş necə yaşasın? Vətəndaşı kim düşünsün? Həyat yoldaşımın xəstəliyinə görə aldığı pensiyası heç dərmanlarına çatmır. Valideynlərim aradabir kömək etməsələr, çoxdan acından ölmüşdük. Valideynlərim də pensiyaçıdılar, pensiyalarını ömürlərinin sonunadək bizə xərcləməli deyillər, onların da öz qayğıları var. İkisi də xəstədir, biri ürəyindən, biri şəkərdən əziyyət çəkir, onların bizə çörək verən vaxtı deyil”.

    Ülkər xanım hər iki övladının təhsilə həvəs göstərməsindən sevinir, ancaq uşaqların təhsillərini davam etdirməyə maddi imkanlarının olmamasından üzülür: “Oğlumun 19 yaşı var, tələbədir, ancaq imkansızlıqdan dərsləri ilə istədiyi kimi məşğul ola bilmir. Dərs vəsaitlərini ala bilmir, tələbə olaraq başqa maddi tələblərini ödəyə bilmir. Qızımın 17 yaşı var, o da ali məktəbə hazırlaşır. Ancaq ayağında ayaqqabısı da yoxdur. Hazırlaşması üçün lazım olan dərs vəsaitlərini ala bilmirik. Bu uşaqlar qarındolusu yemək yemirlər, əyinlərinə paltar, ayaqlarına ayaqqabı ala bilmirəm, mən bu uşaqları necə oxudum?”

    Bəs görəsən, icra başçısının vəzifəsi nədir?

    Daha bir problem ailənin yaşadığı evlə bağlıdır. Ülkər Əliyevanın sözlərinə görə, illər əvvəl qamışdan hörülmüş və taxta dayaqların üstündə dayanan ev başlarına uçur:

    “Bax, bu qamışın içində yaşayırıq. Çarəsizlikdən illər əvvəl qamışdan otaq hörüb girmişik içinə. Hamam da qamışdan idi, dağılıb. Döşəmənin dağılan hissələrini dəmir, taxta parçalarıyla bağlamışıq ki, ayağımız içinə düşməsin. 21-ci əsrdə neft ölkəsinin vətəndaşları qamışın içində yaşayır. Vəziyyət budur. Hökumətdən kömək, iş istəyirik, dolanışıq istəyirik, işimiz, maaşımız olsun ki, dolanışığımızı təmin edək, uşaqlarımızı oxudaq, evimizi abad eləyək, dava-dərmanımızı ala bilək”.

    Saatlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun ailəyə yardım etmək kimi nə vəzifəsi, nə də imkanı yoxdur: “Ülkər Əliyeva iş üçün Məşğulluq Mərkəzinə, hər hansı şəkildə sosial yardımın göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. “DOST” İş Mərkəzi var, özünəməşğulluq proqramı var, xanım müraciət etsin, yəqin ki, uyğun iş təklif olunar”. (dia.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər