1960-cı il martın 19-da Laçında dünyaya gələn təcrübəli mütəxəssisin 60 yaşı tamam olur. Futbolçu kimi Naxçıvan "Araz”ında, "Neftçi”də, "Kəpəz”də, "Göyəzən”də, Lvov MOİK-ində, Stavropol "Dinamo”sunda, Voronej "Fakel”ində çıxış edən Əzimov məşqçi kimi "Dinamo”, "Kəpəz”, "Olimpik” (AZAL), "Bakı”dakı fəaliyyəti ilə yadda qalıb.
Novruz bəy iki cümləni ard-arda qoşub danışmağı bacaran tək-tük idman adamlarındandı. O həm də açıq fikirli olduğuna, mənliyini vəzifəyə, şan-şöhrətə satmadığına görə tanınır və xatırlanır. Və bu gün də öz mövqeyi olan təşkilatın – Azad Həmkarlar İttifaqının fəal üzvlərindən biridi. Həmin təşkilat ki, AFFA onu qəbul etmək istəmir, çünki ölkə futbolunun problemlərini çəkinmədən deməyi bacaran insanlar orda cəmlənib. Əzimovla yubiley günü mövzusunda danışmaq istəsək də, fürsətdən istifadə edib həm də ittifaqla bağlı suallara cavab tapmaq istədik.
- Martın 19-da, yəni Novruz bayramında anadan olmusuz.
- Elədi.
- Bildiyimə görə, valideynləriniz adınızı da elə bayramla əlaqədar Novruz qoyub.
- Bəli-bəli.
- Bunaqədərki 59 ad günü arasında bu cür susqun, insanları təşvişə salan, fəal həyatı donduran il olub, yoxsa bu bir ilkdi?
- Koronavirusa görə deyirsizsə, bu, sırf mənimlə bağlı olan bir şey deyil. Bütün dünyaya dərd salan bəladı. Amma söhbət sırf özümlə bağlı xatırlamaq istəmədiyim ad günündən gedirsə, bəli, olub, 1998-ci il martın 19-da. Üstündən 20 ildən də çox keçməsinə baxmayaraq, həmin günlər səhnə kimi gözümün qabağındadı.
- Təfərrüata varsaq?
- "Dinamo”nu özüm yaratmışdım, Nizamnaməsini əlimlə özüm yazmışdım. "Bakı”nın sələfi olan "Dinamo”nu deyirəm. Bütün sənədləri topladım, sonra da aparıb Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. Komandanın elitada çıxış etdiyi ilk ildə - 1997/98 mövsümündə baş məşqçi özüm idi. Çempionata başladıq, davam etdik, lakin martın 19-da məni işdən azad etdilər. Ad günüm idi. O vaxt çempionatda ən gənc baş məşqçiydim. "Dinamo” mövsümü 2-ci pillədə başa vurdu, medal və diplomla təltif olundum.
- İşdən kim azad etmişdi sizi?
- O vaxt klubun prezidenti rəhmətlik Əyyam Musayev idi. Bilirsiz, mənə təsir edən nə idi? İşdən azad olunmamışdan az öncə öz istəyimlə baş məşqçi postundan getmək istəyirdim, hətta rəhbərliyə də bildirmişdim. Nizami Qocayev etiraz etdi, qalmağımın vacibliyini bildirdi. Yeni yaranmış, yaxşı komanda idi. Heyətdə Fərrux İsmayılov, Emin Quliyev, Namiq Həsənov kimi gənc, Şahin Diniyev, Arif Əsədov, Yaşar Vahabzadə, Nazim Əliyev kimi təcrübəlilər vardı.
- Rəhbərliyi qane etməyən nə idi?
- Ölkə kubokunda "Qarabağ”ı keçməməyimiz. İlk oyunda 0:0 oynamışdıq, cavab görüşündə 0:2 hesabıyla uduzduq. Həmin qarşılaşmadan əvvəl Barselonaya seminara getməli olmuşdum. Hansı ki, rəhbərlik İspaniyaya getməyimi istəmirdi. Amma əvvəldən deyilmişdi, UEFA-nın seminarıydı deyə, bir həftə orda olmalıydım. Barselonadan qayıdan günün ertəsi, martın 18-də "Qarabağ”la oynayıb uduzduq və bir gün sonra rəhbərlik mənimlə yolları ayırmaq qərarına gəldi. Ərizə yazmağımı istədilər, yazmadım. Amma getdim.
- Niyə yazmaq istəmirdiz?
- Çünki öz yaratdığım komandadan ərizəylə gedə bilməzdim. Gördülər ki, ərizə yazmıram, 37-ci maddə ilə işdən azad etdilər və indiyə qədər də əmək kitabçamda qalır. Bu maddə o dövr üçün kifayət qədər ağır sayılırdı. Yəni 37-ci maddə ilə azad olunan şəxs bir daha həmin vəzifədə işləyə bilməzdi...
- Mövsümü 2-ci pillədə başa vuran komandanın baş məşqçisi kubokdakı uğursuzluğa görə göndərilir. Maraqlıdı...
- Orda başqa söhbətlər var idi, kubok dərdi deyildi. Bəzi insanlar gümüş medalların mənim adıma yazılmasını istəmirdilər. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaşayanların canları sağ olsun. Sonradan özlərinə də dedim ki, filan vaxt filan şeyi düz etməmişdiz. O vaxt mənə qarşı çıxanlardan birinin özünə dilimlə demişdim ki, gəl sən baş məşqçi ol, mən də köməkçin. Amma maliyyə azlığını əsas gətirib razılaşmamışdı. Məni pislədilər, Əyyam Musayevin gözündən saldılar, o da komandadan çıxardı. 6-7 aydan sonra geri çağırdı, razılaşmadım. Dedim, Əyyam müəllim, bir gün mən o komandaya qayıdacam, amma siz olmayanda. Bir il çəkmədi, rəhmətə getdi, yenidən "Dinamo”ya qayıtdım.
- 1998-ci ildəki ad gününüzə təsadüf edən bu hadisənin ağrısını hələ də yaşadığınızı hiss etmək çətin deyil. Bundan da çətin günləriniz olub axı.
- Nə vaxt?
- 1992-ci ilin martında könüllü olaraq cəbhəyə yollandığınız dönəm...
- Yox-yox, o illəri ad gününə qatmaq olmaz! Həmin illər ölkəmizin, vətənimizin ən ağır dövrü idi, cəbhədə müharibə gedirdi. Elə bir vəziyyətdə nəinki ad günüm, heç özüm də yadıma düşmürdüm. Vətən oğulları vətəni qorumaq, döyüşmək, mübarizə aparmaq haqda düşünürdü. Ona görə də həmin vaxtlardakı ad günüm haqda danışmaq istəmirəm. O acı tək mənim deyildi, xalqın idi.
- Sabah yığışacaqsız? Saat 9-dan sonra kafe-restoranlar fəaliyyət göstərmirsə, deməli, bu mənada vəziyyət ürəkaçan deyil.
- Məni ən çox sevindirən Almaniyadakı dostum, "Neftçi”nin keçmiş qapıçısı Elxan Rəsulovun Bakıya gəlməsidi. Onun ad günü də martdadı, ayın 26-da, həm də 60 yaşı tamam olur. Yəqin ki hardasa, bəlkə də evdə yığışıb, yüngülvari qeyd edəcəyik. Keçmiş futbolçular olar, bir də ən yaxın dostlarım.
- Azad Həmkarlar İttifaqında vəziyyət necədi?
- Həmişə necəydisə, indi də elə. İndiyə qədər heç kimə böhtan atmamışıq, təhqir etməmişik, bundan sonra da heç biri olmayacaq. İşimizi sivil yolla, Azərbaycan futboluna xidmət etmək, inkişafa nail olmaq məqsədi ilə davam etdiririk.
- Süni əngəllər göz qabağındadı. İnkişafa nail olmaq mümkün olacaqmı?
- İnşallah, olacaq. Söz var, haqq nazilər, amma üzülməz. Biz haqqıq, haqqın yanındayıq. Bu təşkilatın yaradılmasında məqsəd də haqqın tərəfində olmaqdı. Görünür, haqqın yanında olmağımız kimlərəsə sərf etmir. Çünki bu təşkilat kimlərinsə çirkin əməllərini üzə çıxarır. Gözləri götürmür, özləri bilər. Əslində başadüşüləndi. Bir var, yeyib-dağıdıb sakit otursunlar, ictimai rəyə fikir verməsinlər, bir də var, bir təşkilat fikrini ortaya qoysun, haqq səsini ucaltsın. Ölkə prezidenti çıxışlarında dəfələrlə ictimai rəyin nəzərə alındığını deyib. Bu dəqiqə ittifaqın 511 üzvü var, say artmağa doğru deyir. Dediklərimizi bəyənmirlər, amma biri çıxıb demir ki, hansı iradımız yersizdi, hansı sözümüz nahaqdı? Gecə-gündüz futbolun inkişafından danışırlar. Bu 10-12 ildə nəyə nail olmuşuq, hansı uğurlara imza atmışıq? Ermənistan, Moldova kimi ölkələrin futbol rəhbərləri istefa verir, Bosniya və Hersoqovinanın futbol başbilənləri Robert Prosineçkini yola salır. Bizdə niyə uğur yoxdu? Uğur yoxdusa, niyə dəyişikliklər edilmir? Bu gün əksər premyer-liqa klublarında şəxsi maraqlar böyük rol oynayır. Klublar SOCAR tərəfindən maliyyələşirsə, niyə hamısına eyni məbləğ ayrılmır? Birinə az, birinə çox. Rəqabət deyiriksə, hamıya eyni gözlə baxılmalıdı. Bir klubun idarəçisini sabah aparıb başqa kluba rəhbər təyin edilər. Bu necə olur? Harda görünüb? Bizim istəyimiz belə halların baş verməməsi, qarşısının alınmasıdı.
- Ölkə başçısına məktub ünvanlamışdız. Nə yenilik var?
- Məktubumuzun ünvanına çatması ilə bağlı cavab aldıq. Ölkə başçısının vaxt məhdudiyyəti var, bəzən bütün problemlərlə birbaşa özü məşğul ola bilmir ki, bu da başadüşüləndi. Özü bizimlə görüşə bilməsə, yəqin ki idmana nəzarət edən orqanlar tərəfindən qəbul olunacağıq.
- "Altus”da mətbuat konfransı keçirmək istəyirdiz, oteli "su basdı”. "Marafon”da yığışırdız, oranın qapıları da üzünüzə qapadıldı. Bəs geniş tərkibdə necə, harda bir araya gəlirsiz?
- Bu dəqiqə onsuz da heç kim görüşmür. Bildiyiniz kimi, hər yerdə karantin rejimidi. Buna baxmayaraq, İdarə Heyətinin üzvləri ilə toplaşır, müzakirələr edir, gələcəklə bağlı götür-qoy edirik.
- Vaxtilə Azad Həmkarlar İttifaqında kürəyini kürəyinizə söykəyən Babək Alxasovla Əfqan Talıbov AFFA-dan iş təklifi alan kimi təşkilatdan uzaqlaşdılar. Onlarla münasibətiniz necədi?
- Normal. Hər insanın şəxsi fikri, mövqeyi var, olmalıdı. İşlə təmin olundular və təşkilatdan ayrılmaq qərarını verdilər. Heç kimi qınamıram, öz işləridi. Amma mən bilən, Babək Alxasova rəsmi iş verilməyib.
- İttifaqın üzvüdü?
- Üzvü idi, indi yox. Bizdə hər şey könüllülük əsasındadı. Heç kim məcbur qəbul olunmur, nə də çıxarılmır. İstəyən üzv olar, istəyən gedər, normal yanaşırıq.
- Yəni onların bu addımına müsbət yanaşırsız...
- Bu məsələni tək mənim, yaxud başqa bir insanın mövqeyi ilə ölçmək düzgün olmaz. Allah hamının yolunu açıq eləsin.
- AFFA-dan sizə də iş təklifi gəlsə, eyni addımı atarsız?
- Mənə zəng gəlmişdi, yaxşı da iş təklif olunmuşdu. Sadəcə, şərti görəndə imtina etdim.
- Hansı şərt?
- İttifaqdan kənarlaşmaq şərti. Başa düşmürəm, hardasa işləyib, ittifaqa üzv olanda dünya dağılır? Şərtlə olan işə ehtiyacım yoxdu. Mənə iş versələr də, hadisələrə olan şəxsi fikrimi bildirəcəm, verməsələr də. Əqidəmi vəzifəyə, işə satan insan deyiləm. Nə düşünürəmsə, onu da deməliyəm – həyat prinsipimdi. Çünki biz gələcək nəsillər üçün danışırıq, sözümüzü deyirik. Eybi yox, bu gün bizim mövqeymizi bəyənməsinlər, qəbul etməsinlər. Amma bir gün ölkə futbolunu bataqlığa salanlar buna görə cavab verəcəklər. Hər şey heç də həmişə bu cür davam etməyəcək.
- Hazırda nə işlə məşğulsuz?
- Bu dəqiqə kim nə işlə məşğuldu ki, mən də nəsə edim? "Xocalı” uşaq futbol klubunda əlaqələndiriciyəm. Hiss etdim ki, gələcək adına nəsə etmək istəyirlər, ona görə də yanlarında olmağı qərara aldım. Düzdü, mənim orda olmağım ciddi kömək deyil, amma təcrübəmi, bilik və bacarığımı bölüşməyə hazıram. Yaxşı başlayıblar, bu cür davam etdirmək üçün şərait olmalıdı.
Mənbə: "Futbol+” qəzeti