İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında

İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında
  • Cəmiyyət

  • Azərbaycanda tibbi maska istehsalına başlanıb.

    Asiya.az
    xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

    Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və maskanın ciddi qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalı da satmaqdan imtina edirlər.

    Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının birgə səyi ilə qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olunub.

    Artıq ölkəmizdə tibbi maska istehsalı müəssisəsinin təşkili işləri başa çatdırılıb və müəssisə fəaliyyətə başlayıb.

    Qeyd edək ki, "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib.

    Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan verir. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib.

    Bununla yanaşı, Sumqayıt Kimya Sənaye Parkının rezidenti "MST Engineering Services” MMC sosial məsuliyyətdən çıxış edərək, Sənaye Parkının ərazisində ona məxsus istehsal sahəsinin bir hissəsini tibbi maska istehsalı müəssisəsi üçün ayırıb.

    Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular isə Balaxanı Sənaye Parkının rezidenti, fərdi sahibkar Etibar Eminov tərəfindən istehsal edilir.

    Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

    Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO 17050-1 standartlarına uyğun xammaldan birinci mərhələdə gündəlik 120 min tibbi maska istehsal ediləcək. Maskalar xüsusi avadanlıqla əlavə sterilizasiya olunacaq.

    Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələ çərçivəsində istehsal həcmi iki dəfə artırılaraq, gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları, ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

    Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışından sonra Azərbaycan xalqına müraciəti zamanı deyib:

    "Onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – “Yeni klinika” da var. Bu klinika bu yaxınlarda - martın sonunda açılmışdır, orada 575 çarpayı nəzərdə tutulur.

    Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi.

    Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.

    Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin.

    Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir. Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik.

    Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır. Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq", - dövlət başçısı əlavə edib".
    PAYLAŞ:

    Oxşar xəbərlər